Ermənistanın “TRIPP Development Company” (Tramp marşrutunun operatoru) birgə şirkətinə töhfəsi əsasən inşaat hüquqları və infrastrukturun istifadəsi ilə bağlıdır.
Boyukmillet.com-un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşünü şərh edərkən bildirib.
Görüş zamanı onlar iki ölkə arasında “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə çərçivə sazişi haqqında birgə bəyannaməni təsdiqləyiblər.
A.Mirzoyanın sözlərinə görə, mövcud payların bölgüsü 49 il müddətinə hesablanıb və layihənin biznes modeli, eləcə də investisiyaların geri qaytarılması müddəti ilə əlaqəlidir: “Sazişin daha 50 il uzadılmasından sonra payların nisbəti dəyişəcək və demək olar ki, bərabər olacaq”.
O, həmçinin qeyd edib ki, Ermənistanın təhlükəsizlik və gömrük orqanlarının əməkdaşları TRIPP layihəsinin ölkə ərazisindən keçən tranzit marşrutlarında fiziki olaraq iştirak edəcəklər. Nazir bildirib ki, sərhəd və gömrük nəzarəti sahəsində bütün suveren səlahiyyətlər yalnız “back-office” modelinə daxil olan Ermənistan dövlət orqanları tərəfindən həyata keçiriləcək.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
