Türkiyədə saxlanılan Gültəkin Hacıbəyli son müraciəti ilə həm Türkiyə hakimiyyətinə, həm də ictimai rəyə açıq şəkildə təzyiq göstərməyə çalışır.
Boyukmillet.com xəbər verir ki, özünü “siyasi qurban” kimi təqdim edən Hacıbəyli Türkiyənin Milli İstihbarat Təşkilatını(MİT) onu əsassız şəkildə “terror şübhəlisi” kimi qiymətləndirməkdə ittiham edir və birbaşa MİT başqanı İbrahim Kalına müraciət ünvanlayır.
Lakin Hacıbəylinin bu müraciəti təkcə hüquqi müdafiə cəhdi deyil, həm də açıq siyasi manipulyasiya və şantaj elementi daşıyır. O, yazılı müraciətində açıq şəkildə bildirir ki, əgər Türkiyə onu Azərbaycana qaytarsa, bu guya “Azərbaycan xalqında Türkiyəyə qarşı məyusluq yaradacaq”. Bu isə bir ölkənin təhlükəsizlik orqanlarına qarşı emosional basqı yaratmaq, ictimai rəy kartından istifadə etməklə qərarlara təsir göstərmək cəhdi kimi qiymətləndirilir.
“Azərbaycandan qaçmamışam” deyirdi, indi isə faktlar başqa mənzərə göstərir
Gültəkin Hacıbəyli bundan əvvəl verdiyi açıqlamalarda “Azərbaycandan qaçmadığını” iddia etsə də, indi ortaya çıxan məlumatlar tam əksini göstərir. Məlum olur ki, o, Azərbaycanda aparılan istintaqdan xəbərdar olub, barəsində hüquqi prosedurların başladığını bildiyi üçün ölkəni tərk edib və faktiki olaraq istintaqdan yayınmaq yolunu seçib.
Hacıbəylinin adı birbaşa DTX tərəfindən aparılan və cəmiyyətdə böyük rezonans doğuran “Ramiz Mehdiyev işi” ilə bağlı çəkilir. Bu iş çərçivəsində bir sıra səs-küylü həbslər həyata keçirilib və istintaq dairəsi genişlənməkdədir.
Araşdırmalar göstərir ki, Gültəkin Hacıbəyli uzun illər *Ramiz Mehdiyev*in ən yaxın çevrəsində yer alıb. Məhz Ramiz Mehdiyevin himayəsi sayəsində Hacıbəylinin biznes imkanları əldə etdiyi, mənzil və digər imtiyazlarla təmin olunduğu iddia olunur. Bu baxımdan onun “siyasi təqib” iddiaları cəmiyyətdə inandırıcı qarşılanmır və daha çox keçmiş himayə sisteminin dağılması fonunda yaranmış qorxu kimi dəyərləndirilir.
Məlumata görə, Azərbaycan hüquq-mühafizə orqanları Gültəkin Hacıbəylinin istintaqa cəlb olunması üçün Türkiyə tərəfinə rəsmi müraciət edib. Hacıbəyli isə buna müqavimət göstərir, deportasiyanın qarşısını almaq üçün müxtəlif hüquqi və siyasi gedişlər edir, o cümlədən Türkiyə rəhbərliyinə emosional müraciətlər ünvanlayır.
Onun MİT-i “ədalətsizlikdə” ittiham etməsi, İbrahim Kalına incə mesajlar göndərməsi də bu müqavimət strategiyasının tərkib hissəsi kimi görünür. Sitata bax: “Cənab İbrahim Kalın, mən sizin MİT başqanı olmazdan əvvəl YouTube kanallarındakı irfani mövzularda söhbətlərinizi dinləyərkən ədalətli bir insan olduğunuzu düşünmüşdüm. Budurmu sizin ədalətiniz?”. Açıq şantaj deyil, nədir? Üstəlik də özünü, əhəmiyyətini böyütmək cəhdidir. Güya bunun Bakı ədalətinə təhvil verilməsi prosesini elə İbrahim Kalın aparırmış…
Xatırladaq ki, “Ramiz Mehdiyev işi” çərçivəsində adı çəkilən fiqurlardan biri də *Əli Kərimli*dir. Onunla bağlı proseslər bir daha göstərdi ki, özünü “ana müxalifət lideri” kimi təqdim edən şəxslərin real ictimai dayağı yoxdur. Əli Kərimlinin həbsi və ya siyasi təzyiqlərlə üzləşməsi fonunda nə kütləvi etiraz aksiyası keçirildi, nə də cəmiyyətin ciddi reaksiyası oldu.
Gültəkin Hacıbəyli də eyni siyasi mühitin məhsuludur. Onun arxasında nə xalq var, nə də iddia etdiyi kimi geniş ictimai dəstək. Bu gün onu müdafiə edənlərin sayı barmaqla sayılacaq qədərdir. Cəmiyyət isə bu cür müraciətləri daha çox oyun, ajitasiya və şantaj dili kimi oxuyur.
Gültəkin Hacıbəylinin Türkiyə rəhbərliyinə ünvanladığı müraciət hüquqi mübarizədən daha çox siyasi ssenari təsiri bağışlayır. Türkiyəni Azərbaycan cəmiyyəti ilə qarşı-qarşıya qoymaq cəhdi isə nə realdır, nə də inandırıcı. Azərbaycan-Türkiyə münasibətləri şəxslərin taleyindən deyil, dövlət maraqlarından və strateji tərəfdaşlıqdan qaynaqlanır.
Bu baxımdan, Hacıbəylinin “ədalət” çağırışları öz ziddiyyətləri və keçmişi fonunda sadəcə gülüş doğurur.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
