Cümə , 30 Yanvar 2026
Drone Cameras

Avropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi tanıdı

Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatlarının siyahısına daxil edib.

Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasın açıqlamasına görə, yanvarın 29-da Brüsseldə keçirilən görüşdə üzv ölkələrin xarici işlər nazirləri İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terror təşkilatı” kimi tanımaq barədə razılığa gəliblər.

“Minlərlə öz vətəndaşını öldürən hər bir rejim öz süqutuna doğru gedir”,- Kallas bildirib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen qərarı alqışlayaraq bunu “çoxdan gözlənilən addım” adlandırıb.

“Öz xalqının etirazlarını qan içində boğan rejimi məhz belə adlandırırlar”, – deyə o əlavə edib.

Tehranın reaksiyası

İran hakimiyyəti bu qərarı “böyük strateji səhv” kimi qiymətləndirib. İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb ki, hazırda bir sıra ölkələr regionda genişmiqyaslı müharibənin qarşısını almağa çalışdığı halda, Avropa gərginliyi artırmaqla məşğuldur. Onun sözlərinə görə, Aİ İranın milli silahlı qüvvələrini terror təşkilatı elan etməklə növbəti ciddi səhvə yol verir.

Bu qərar nə deməkdir?

SEPAH-ın terror təşkilatı kimi tanınması əsasən simvolik xarakter daşıyır və yanvar ayında İranda baş verən, minlərlə insanın ölümü ilə nəticələnən anti-hökumət etirazlarının zorakılıqla yatırılmasına cavab olaraq atılıb.

İran hakimiyyəti etirazlar zamanı minlərlə insanın öldüyünü etiraf etsə də, qurbanların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin üzvləri və ya “iğtişaşçılar” tərəfindən öldürülmüş təsadüfi şəxslər olduğunu iddia edir.

“Əgər terrorçu kimi davranırsınızsa, sizə də terrorçu kimi yanaşılmalıdır”, – Kallas görüşdən əvvəl jurnalistlərə bildirib.

O qeyd edib ki, bu qərar SEPAH-ın  “Əl-Qaidə”, HƏMAS və qondarma “İslam Dövləti” kimi terror təşkilatları ilə eyni səviyyəyə qoyur.

Bununla Aİ artıq bu addımı atan ABŞ, Kanada və Avstraliyaya qoşulmuş olur.

İslam İnqilabı Keşikçiləri Korpusu nədir?

SEPAH İranın təhlükəsizlik sistemində ideoloji xarakter daşıyan hərbi strukturdur. 1979-cu il inqilabından sonra yaradılıb və əsas məqsədi dini hakimiyyəti, şiə-islamçı ideologiyanı və inqilab prinsiplərini qorumaqdır.

SEPAH-a bağlı könüllü “Bəsic” dəstələrinin İrandakı son etirazların yatırılmasında əsas rol oynadığı deyilir.

Fransa və İtaliyanın bu təşəbbüsü dəstəkləməsindən sonra Aİ-nin bu addımı atacağı gözlənilən idi. Fransa uzun müddət bu qərara qarşı çıxmışdı, çünki bunun İranda saxlanılan avropalı vətəndaşlara necə təsir edəcəyindən ehtiyatlanırdı və Tehranla diplomatik kanalları qorumağa çalışırdı.

Kallasın sözlərinə görə, SEPAH-ın “qara siyahı”ya salınmasına baxmayaraq, diplomatik əlaqələrin tamamilə kəsilməsi gözlənilmir.

Niyə Aİ bu qərarı verdi?

Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Paris bu qərarı ona görə dəstəkləyir ki, İranın dini rejimi tərəfindən törədilən cinayətlər cəzasız qala bilməz.

O əlavə edib ki, bu addım minlərlə siyasi məhbusun azadlığa buraxılması, edamların dayandırılması və ölkədə son dövrlərin ən sərt repressiyalarına son qoyulması üçün İrana çağırış kimi də qiymətləndirilə bilər.

Barro həmçinin İran hakimiyyətini yanvarın əvvəlindən etibarən tətbiq edilən internet məhdudiyyətlərini ləğv etməyə çağırıb.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə bu qərarın “nəhayət, gerçəkləşməsindən çox məmnun olduğunu” bildirib və Aİ üzvlərinin ortaq mövqeyə gələ bildiyini vurğulayıb.

“Bu, İran xalqı üçün uğurdur. Bu, bütün bəşəriyyət və ortaq dəyərləri bölüşən Avropa İttifaqı üçün də uğurdur”, – deyə o bildirib.

İranda etirazlar 2025-ci il dekabrın 28-də artan inflyasiya və milli valyutanın dəyər itirməsinə etiraz olaraq başlayıb və sonradan ölkə üzrə yayılıb. Hakimiyyət etirazları yatırmaq üçün zor tətbiq edib.

ABŞ-də yerləşən HRANA insan haqları qrupunun son məlumatına görə, yanvarın 28-nə təsdiqlənmiş ölü sayı 6 min 373 nəfərə çatıb. Onlardan 5 min 993 nəfər etirazçı, 214 nəfər hökumətlə əlaqəli qüvvələrin üzvü, 53 nəfər isə etirazçı olmayan şəxslər-mülki vətəndaşlar olub.

Check Also

İran ABŞ təzyiqləri fonunda Türkiyəyə SIĞINIR

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə ilə daimi və sıx məsləhətləşmələr apardıqlarını …