Azər Allahverənov: “…bu hərəkətləri cəzasız qaldığı üçün bundan sui-istifadə edirdilər”
Azərbaycan vətəndaşı olmayan bəzi şəxslərin ölkəmizdə olarkən yol hərəkəti qaydalarını pozmaq, hətta idarə etdikləri nəqliyyat vasitəsilə qəza törətmək kimi hallara da yol verirlər. Elə hallar olurdu ki, yol hərəkətini pozan əcnəbi buna görə heç bir cərimə ödəmədən ölkəmizi tərk edirdi.
İndi isə belələrinə qarşı konkret sanksiya tətbiq olunub. Belə ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəldiyi, yaxud Azərbaycanda icarəyə götürdüyü avtomobillərlə yol hərəkəti qaydalarını pozaraq cəriməni ödəmədən ölkədən çıxması hallarının qarşısı alınacaq.
Daxili İşlər Nazirliyindən mətbuata verilən məlumata görə, bu məqsədlə respublikanın bütün sərhəd məntəqələrində Baş DYP İdarəsi tərəfindən 5 dildə hazırlanmış buklet və plakat formasında olan xüsusi bildirişlərin paylanılmasına başlanıb.
Azərbaycan Respublikasının ərazisində yol hərəkəti qayda pozuntularına xüsusi texniki vasitələrin köməyi ilə nəzarət edildiyi üçün inzibati xətaya yol vermiş şəxslərin barəsində iştirakları olmadan elektron qərar çıxarılması, cərimə ödənişləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və dəbbə pulu, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinin tələblərinə əsasən, ölkəmizin ərazisində inzibati xəta törətmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin barələrində inzibati tənbeh tədbirləri icra edilənədək onların 2020-ci il fevralın 13-dən başlayaraq Azərbaycan Respublikasından getmələri müvəqqəti məhdudlaşdırılacaq.
Buklet formalı bildirişlər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sürücülərə paylanır, plakatlar isə həmin məntəqələrdə yaxşı oxuna bilən yerlərdən asılıb.
Həmçinin, ilin əvvəlində xarici ölkə vətəndaşlarına tətbiqi nəzərdə tutulan qanunvericiliyin tələbləri barədə məlumat çatdırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə səfirliklərə müraciət edilib.