Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

“Euronews” avtoritar rejimlərdən, o cümlədən Azərbaycandan pul almaqda ittiham olunur

Avropanın beynəlxalq xəbər kanalı “Euronews” avtoritar rejimlərlə əməkdaşlıqda və bu ölkələrdən maliyyə asılılığı yaratmaqda ittiham olunur.

Bu barədə “Euractiv” nəşrinin yayımladığı araşdırmada qeyd olunur ki, “Euronews” son illərdə ciddi maliyyə çətinlikləri yaşadıqdan sonra kommersiya modelini dəyişib və gəlir əldə etmək üçün mətbuat azadlığının məhdud olduğu ölkələrlə tərəfdaşlıqlara üstünlük verməyə başlayıb.

Məqalədə bildirilir ki, “Euronews” kanalı Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrdə kommersiya və media əməkdaşlıqları qurub. Bu ölkələr beynəlxalq təşkilatların hesabatlarında mətbuat azadlığının olmadığı və ya ciddi şəkildə məhdudlaşdırıldığı dövlətlər kimi göstərilir.

O da vurğulanır ki, kanal uzun müddət zərərlə işləsə də, son dövrdə qəfil olaraq mənfəət əldə edib. Bu dəyişiklik kanalın xərcləri azaltması və eyni zamanda müəyyən hökumətlərlə sponsorluq və tərəfdaşlıq müqavilələri bağlaması ilə əlaqələndirilir.

Azərbaycanla bağlı hissədə qeyd olunur ki, “Euronews” ötən ilin noyabrında Bakıda ofis açıb. Ofisin açılışı rəsmi Bakı tərəfindən müsbət qarşılanıb və beynəlxalq media əməkdaşlığının göstəricisi kimi təqdim edilib.

Lakin araşdırma müəllifləri xatırladır ki, bu addım Azərbaycanda müstəqil medianın sıxışdırıldığı, yerli və beynəlxalq jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin tətbiq edildiyi bir dövrdə atılıb. Hazırda ölkədə bir sıra müstəqil media qurumlarının əməkdaşları həbsdədir, BBC, Bloomberg və digər beynəlxalq media orqanlarının fəaliyyəti isə məhdudlaşdırılıb.

Nəşr yazır ki, bu cür əməkdaşlıqlar “Euronews”un redaksiya müstəqilliyi ilə bağlı suallar yaradır. Araşdırmada kanalın daxilində də bəzi əməkdaşların redaksiya siyasətinə mümkün siyasi və maliyyə təsirləri ilə bağlı narahatlıqlarını ifadə etdiyi qeyd olunur.

“Euronews” rəhbərliyi isə tənqidlərə cavab olaraq bildirib ki, kanal müxtəlif ölkələrdə fəaliyyət göstərsə də, redaksiya müstəqilliyini qoruduğunu iddia edir.

Check Also

Tarixi məhkəmə başladı – Yekun qərar elan olunacaq

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən …