Qaçaq səfir Elmira Axundovanın yaxın adamı Elnur İbrahimov Nəsimi Rayon Məhkəməsinə aşkar absurd iddia təqdim edib. Maraqlıdır ki, iddianın absurdluğu nəzərə alınmayıb və qəbul olunaraq hakim Həbibə Miriyevanın icraatına verilib. Elnur İbrahimov iddiasında Ali Məhkəmənin 10 il öncə çıxarılmış qərarında göstərilən 350 min manat ziyanın 200 min manat hesablanmasını tələb edir. Əgər Nəsimi Rayon Məhkəməsi Elnur İbrahimovun iddiasını təmin edərsə, faktiki olaraq Azərbaycan məhkəmə sistemində ən təhlükəli presedentlərdən biri ortaya çıxacaq. Məhkəmə artıq mövcud və qüvvədə olan ali instansiya qərarını faktiki olaraq qüvvədən salmış olacaq.
Bu baxımdan Elnur İbrahimovun təqdim etdiyi, hüquqi baxımdan əsassız, ziddiyyətli və qəbuledilməz olan iddianın icraata qəbul edilməsi də başadüşülən deyil. İş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin illər öncə çıxardığı və bu gün də qüvvədə olan qərar mövcuddur. İşdə tərəf olan zərərçəkmiş Fərman Məmmədovun Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi vəsatətdə açıq şəkildə göstərilir ki, Elnur İbrahimovun irəli sürdüyü iddia predmeti artıq Ali Məhkəmə tərəfindən hüquqi qiymət alıb. Hüquqi dildə desək, bu mübahisə “res judicata” yəni “həll olunmuş iş” statusundadır. Azərbaycan qanunvericiliyinə görə qüvvədə olan Ali Məhkəmə qərarı bütün məhkəmələr üçün məcburidir.
Elnur İbrahimovun iddiası niyə absurddur?
Fərman Məmmədovun vəsatətində xüsusi vurğulanan əsas məqam budur: Elnur İbrahimov öz iddiasını artıq hüquqi nəticə doğurmayan, sübut yükü olmayan və əvvəlki məhkəmə aktları ilə təkzib edilmiş arqumentlər üzərində qurur. Yəni məhkəməyə müraciət hüququndan sui-istifadə ortadadır. Fərman Məmmədov vəsatətində Elnur İbrahimovu məhz bu əməlinə görə 500 manat məbləğində cərimələnməsini tələb edir.
İddia faktiki və hüquqi əsasdan tamamilə məhrumdur, prosessual qanunvericiliyin açıq tələblərini pozur. Belə olan halda, bu iddia hansı hüquqi motivlə icraata qəbul edilib?
Nəsimi Rayon Məhkəməsinin davranışı istər-istəməz müxtəlif ehtimallar doğurur. Ali Məhkəmənin qərarının elementar şəkildə nəzərə alınmaması və ya qərarın bilərəkdən kənara qoyulması anlaşılmazdır. Qanunun aliliyinin formal bəyanata çevrilməsi təhlükəsi yaranır. Əgər bir rayon məhkəməsi qüvvədə olan Ali Məhkəmə qərarını görməzdən gələrsə, eyni iş üzrə yenidən mübahisə açarsa və əsassız iddiaları icraata qəbul edərsə, o zaman sabah istənilən şəxs bəyənmədiyi hər hansı qərarı yenidən məhkəməyə daşıya bilər. Top indi Nəsimi Rayon Məhkəməsinin meydanındadır. Ya dələduz Elnur İbrahimovun iddiasını təmin edib Ali Məhkəmənin qərarını qüvvədən salmalıdır, ya da onu məhkəməyə müraciət hüququndan sui-istifadəyə görə cərimə etməlidir.
Qeyd edək ki, bu qalmaqallı işin kökləri 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu iş adamı kimi təqdim edib, Dubaydan dəftərxana ləvazimatları gətiriləcəyi adı ilə böyük gəlir vəd olunub. Bu yolla ailəyə yaxın şəxslərdən ümumilikdə 8 milyon manat toplanıb. Lakin “biznes” kağız üzərində qurulmuş sxemdən ibarət olub. Dələduzluq ifşa edildikdən sonra zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edib, Elmira Axundova isə prosesi “pullar qaytarılacaq” vədləri ilə nəzarətdə saxlamağa çalışıb. Sonrakı mərhələdə “günah keçisi” kimi Elnur İbrahimov önə verilib. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra Elnur İbrahimov həyat yoldaşı ilə birlikdə qanunsuz şəkildə ölkəni tərk edib, Rusiyada zərərçəkənlərin pulları hesabına yaşayıb. O, yalnız 2016-cı ildə Moskvada saxlanılaraq Azərbaycana gətirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət dosyesi araşdırılan zaman Prezident Administrasiyasından hakim Rahib Salmanova Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “ağsaqqalım, yalnız sizin oxumağınız üçündür” qeydi ilə göndərilmiş donos-məktubu təqdim olunub. Məktubun PA-da 15244 nömrə ilə qeydiyyata alınaraq hakimə yönləndirilməsi prosesə məhkəmə təzyiqi kimi qiymətləndirilir. Elnur İbrahimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinib. Həmin hökmlə onun mülki iddiaçı Fərman Məmmədova 350 min manat ödəməli olduğu da göstərilib və bu ödənişin 5 gün ərzində həyata keçirilməsi tələb olunub. Hökmün çıxarılmasından təxminən 10 il keçməsinə baxmayaraq, Elnur İbrahimov bu günədək icradan qərəzli şəkildə yayınır. Fərman Məmmədov Sabunçu Rayon Məhkəməsinə müraciət edərək mülki iddia üzrə məbləğin indeksasiyasını xahiş edib. Məhkəmə məbləğin indeksasiyası ilə bağlı iddianı haqlı sayıb və müvafiq ekspertizanın nəticəsinə uyğun olaraq məbləği 513 min 150 manat təsbit edib. Yəni Elnur İbrahimov Fərman Məmmədova 350 min manat deyil, 513 min 150 manat ödəməlidir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
