Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın TRIPP layihəsində mümkün iştirakının parametrlərini İrəvanla müzakirə etməyə hazır olduqlarını deyib. Diplomat bildirib ki, “Tramp yolu” layihəsi ilə bağlı Kremlin mövqeyi dəyişməzdir.
“Ermənistan-Amerika təşəbbüsünün təfərrüatı hələ də öyrənilməlidir. Həm parametrləri, həm də Rusiyanın mümkün iştirakını bu və ya digər şəkildə müzakirə etmək üçün İrəvandakı tərəfdaşlarımızla məsləhətləşmələrə hazırıq”, – o qeyd edib.
Qaluzin xatırladıb ki, 2038-ci ilə qədər Ermənistanın dəmir yolu şəbəkəsi “Rusiya Dəmir Yolları” ASC-nin törəmə müəssisəsinin idarəçiliyində olacaq, ölkədə Rusiya ölçülü dəmir yolundan istifadə olunur və rus sərhədçiləri İranla sərhəddə yerləşdirilib. O, habelə bildirib ki, Ermənistanda yeni nüvə elektrik stansiyasının tikintisi ilə bağlı Rusiyanın təkliflərinə “real alternativlər” yoxdur.
“Ermənistan tərəfinə ətraflı təkliflər paketi təqdim etmişik. Rosatom layihənin həyata keçirilməsinə ən qısa müddətdə başlamağa hazırdır. Etibarlı, sübut olunmuş texnologiyalar və ya cəlbedici maliyyə parametrləri baxımından real alternativlər yoxdur”, – diplomat vurğulayıb.
Onun sözlərinə görə, Moskva Ermənistanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış etməyə davam etmək niyyətindədir.
“Almaniya da daxil olmaqla, bəzi Avropa ölkələrinin təcrübəsi göstərir ki, nüvə enerjisindən imtina milli iqtisadiyyat üçün baha başa gələ bilər”, – Qaluzin bildirib. O, həmçinin hər iki ölkənin mütəxəssislərinin eyni “sovet məktəbindən” gəldiyini və stansiyanın 2036-cı ilə qədər sabit işləməsini təmin etmək üçün işlərin davam etdiyini söyləyib.
Rusiyanın Zəngəzur və AES tikintisi ilə bağlı xəbərdarlıqları bəyanatdan irəli gedə, əməli bir təhdidə çevrilə bilərmi?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi nəzərdə tutulurdu:
“Bu dəhlizin, eyni zamanda, digər kommunikasiyaların açılması üçün Rusiya 2021-ci ilin yanvarından başlayaraq çox qızğın işlər görürdü və ilk aylarda, xüsusilə aprel ayına qədər Zəngəzur dəhlizinin, digər kommunikasiyaların açılması istiqamətində hiss olunacaq addımlar atıldı. Sonradan Ermənistandakı parlament seçkiləri bu prosesi dayandırdı. Bundan sonra Rusiya Zəngəzur dəhlizi ilə bağlı layihədə iştirak edə bilməz. Artıq layihənin iştirakçıları müəyyənləşib. İnvestisiya qoyacaq şirkətlər yəqin ki, yaxın zamanda müəyyən olunacaq. Güman edirəm ki, Rusiya burada hansısa şəkildə iştirak edə bilməyəcək. Bunu parlamentin sədri Alen Simonyan da açıq şəkildə bildirib”.
AES-in gələcək taleyi ilə bağlı məsələdə isə ekspertin sözlərinə görə, Rusiyanın narahatılığı aydındır:
“Çünki Paşinyan özü təklif etmişdi ki, Metsamor AES-in yenidən qurulması işində Rusiya iştirak eləsin. Bir neçə dəfə Putinlə görüşdə Paşinyan bu barədə xahiş eləmişdi. Ancaq Rusiya nədənsə hərəkət eləmək istəmirdi. İndi ABŞ-nin Ermənistanda modul AES-lər qurmağı planının ortaya çıxmasından sonra Rusiya narahat olmağa başlayıb. Overçukun bəyanatından belə görünür ki, onlar AES-in bağlanmasını düşünürlər.
Çox güman ki, Ermənistanın belə bir fikri hələlik yoxdur. Bir müddət AES yəqin ki, işləyəcək. Ancaq gələcəkdə nə olacaq, Ermənistan modul AES-lər qurmağamı üstünlük verəcək, yoxsa Metsamor AES Qərbin yardımı ilə yenidən qurulacaq, bunu indidən demək çətindir. Bir şey aydındır ki, Rusiya sakitliklə kənara çəkilməyəcək, əlində olan rıçaqlardan istifadə etməyə çalışacaq. Hələlik bütün gücünü Ermənistandakı seçkilərə yönəldib və açıq demək lazımdır ki, Ermənistanda Rusiyayönümlü qüvvələr böyük imkanlara malikdirlər. ABŞ vitse-prezidenti Vensin buna diqqət çəkərək Paşinyanı dəstəklədiyini bəyan etməsi göstərir ki, bu təhlükəni Vaşinqton görür”.
A.Səmədov onu da vurğuladı ki, Rusiyanın sakit şəkildə Ermənistandan çıxacağını gözləmək qeyri-mümkündür:
“Rusiya Cənubi Qafqazdan, Ermənistandan sakitcə çəkilmək fikrində deyil”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
