Gürcüstanda 2026-cı il martın 1-dən etibarən qüvvəyə minəcək yeni qərar minlərlə miqrant üçün ciddi sosial-iqtisadi problem yarada bilər. Sənədə əsasən, xarici vətəndaşların taksi sürücüsü, kuryer və tur bələdçisi kimi çalışmasına tətbiq olunan kvota sıfırlanır. Bu isə faktiki olaraq həmin sahələrdə miqrant əməyinə qadağa qoyulması deməkdir. Qərarın xüsusilə Gürcüstanda çalışan azərbaycanlılara ağır təsir edəcəyi bildirilir.
Boyukmillet.com xəbər verir ki, bu barədə İrakli Kobaxidze fərman imzalayıb.
Tiflisdə fəaliyyət göstərən “Yandex Partner” taksi şirkətinin sahibi, iş adamı Arif Lələyev Musavat.com-a açıqlamasında bildirib ki, martın 1-dən etibarən taksi və çatdırılma (delivery) sahəsində çalışan miqrantlar üçün kvota sıfırlanır: “Çatdırma və tur rəhbərliyi birbaşa bizə aid deyil. Amma taksi fəaliyyəti ilə bağlı qərar bizi ciddi şəkildə təsirləndirir. Burada xeyli azərbaycanlı çalışır. Təkcə mənim şirkətimdə xeyli azərbaycanlı sürücü var, digər şirkətlərdə də vəziyyət eynidir. Martın 1-dən sonra bu insanlar ümumiyyətlə, işləyə bilməyəcəklər. Bir var müəyyən prosedurlar tətbiq oluna – qeydiyyat, oturum icazəsi, iş icazəsi və sair. Digər sahələrdə çalışan miqrantlara bu imkan verilir. Amma taksi sürücüləri üçün heç bir keçid mexanizmi və ya icazə proseduru nəzərdə tutulmadan, birbaşa qadağa qoyulur. Bu isə bizim üçün çox ağır qərardır”.

Arif Lələyevin sözlərinə görə, Gürcüstanda xüsusilə Banqladeş və Hindistandan gələn miqrantların sayı çoxdur: “Əgər məqsəd həmin ölkələrdən gələnlərin sayını azaltmaqdırsa, bu, dövlətin qərarıdır. Amma azərbaycanlıların onlarla eyni kateqoriyada dəyərləndirilməsi bizə ağır gəlir. Azərbaycan və Türkiyə vətəndaşlarını istisna etmək olar. Biz istəyirik ki, vergimizi ödəyib, qanuni şəkildə fəaliyyətimizi davam etdirək”.
İş adamı bildirir ki, qərar qüvvəyə mindikdən sonra miqrant sürücülər üçün ciddi cərimələr nəzərdə tutulur: “Martın 1-dən sonra miqrant sürücü taksi fəaliyyəti ilə məşğul olsa, sürücüyə 2000 lari (1300 manat), iş verən şirkətə isə ilkin mərhələdə 3000 lari (1900 manat) cərimə tətbiq olunacaq. Təkrar hal baş verərsə, cərimələr 7000–8000 lariyə qədər arta bilər. Bu şərtlər altında işləmək faktiki olaraq mümkünsüzdür”.
Onun sözlərinə görə, Gürcüstanda ümumilikdə “Yandex” platformasında fəaliyyət göstərən azərbaycanlılara məxsus 16 taksi parkı var. “Bolt” platformasında da oxşar vəziyyət hökm sürür. Əsas problem vətəndaşlığı olmayan şəxslərlə bağlıdır.
Arif Lələyev qeyd edir ki, Gürcüstanda çalışan azərbaycanlıların əksəriyyəti ağır sosial durumda olan insanlardır:
“Burada Ukraynadan gələn azərbaycanlı da var, Bakından və rayonlardan gələnlər də. İnsanlar ailələrinə çörək pulu göndərirlər. Quru yolun beş ildir bağlı olması da vəziyyəti çətinləşdirib. Çoxunun nə geri qayıtmağa imkanı var, nə də yeni iş tapmağa. Mən şəxsən neçə-neçə insanı işlə təmin etmişəm, maşın icarəyə vermişik ki, bir tikə çörək qazansınlar”.
İş adamı Azərbaycan hökumətindən məsələyə müdaxilə edilməsini arzulayır: “Qərarın ən azı yumşaldılması və ya keçid dövrünün tətbiqi vacibdir”.
İqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, orada çalışan soydaşlarımızın səfirlik və konsulluq xidmətləri, eləcə də vəkillik xidməti vasitəsilə iş icazələrinin alınmasına dəstək göstərilə bilər. Belə bir hüquqi yardım mərkəzi yaradılması mümkündür.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
