Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə həmin istiqamətdə hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə olunub. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilir ki, sərhəd zastavası dərhal tədbir görüb, xidməti ərazi qapadılıb, iki vətəndaş (Natiq Mərdanov və Elşən Mahmudov) şübhəli şəxs qismində saxlanılıb. Onlar İrandan PUA vasitəsilə atılan 10 kiloqram 224 qram narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.
Artıq bir neçə ildir ki, İrandan Azərbaycana dronlarla narkotik keçirilməsinə cəhd olunur. Dünyada PUA-lardan müharibədə istifadə edildiyi halda, bizdə onun təyinatı narkotik daşınmasıdır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev müvafiq məsələ ilə bağlı danışaraq Musavat.com-a deyib ki, bu fakt artıq sərhəddə klassik qaçaqmalçı marşrutlarını texnoloji cihazların əvəz etdiyini göstərir.
Arzu Nağıyev deyib ki, PUA-lar cinayətkar şəbəkələr üçün ən ucuz və təhlükəsiz vasitəyə çevrilib: “Müasir pilotsuz uçuş aparatları artıq ucuzdur, açıq bazarda satılır və onların idarə edilməsi üçün yüksək peşəkar hazırlıq tələb olunmur. Bu isə narkotik şəbəkələrinə sərhəd xəttini fiziki risk olmadan keçmək imkanı verir. Qaçaqmalçı sərhədi keçərkən saxlanıla bilər, lakin dronu itirmək onlar üçün böyük risk sayılmır.
PUA-lar aşağı hündürlükdə və qısa müddətdə uçuş həyata keçirə bilir. Xüsusilə meşəlik və relyefi mürəkkəb olan cənub sərhəd zonasında belə uçuşları dərhal aşkarlamaq texniki baxımdan çətinləşir. Bu, klassik sərhəd nəzarəti metodlarının artıq yetərli olmadığını göstərir”.
Deputat deyib ki, bu tendensiya təhlükəlidir: “Çünki bu gün narkotik daşınması üçün istifadə olunan dron sabah kəşfiyyat, təxribat və ya terror məqsədilə də tətbiq oluna bilər. Yəni məsələ təkcə narkotik qaçaqmalçılığı deyil, həm də milli təhlükəsizlik aspektidir. Bu cür halların tam qarşısını almaq üçün müasir radio-elektron mübarizə vasitələrinin tətbiqi vacibdir. Dronların idarəetmə kanallarının boğulması, GPS siqnallarının bloklanması və anti-dron radar sistemlərinin qurulması bu sahədə əsas həll yollarıdır. Azərbaycan artıq müharibə dövründə pilotsuz texnologiyalar sahəsində ciddi təcrübə qazanıb. Bu təcrübənin sərhəd təhlükəsizliyi sisteminə inteqrasiyası vacibdir. Xüsusilə cənub sərhədi boyunca anti-dron müşahidə və müdaxilə sistemlərinin genişləndirilməsi bu cür halların minimuma endirilməsinə imkan verə bilər”.
A.Nağıyevin fikrincə, sərhəd təhlükələri artıq yalnız insan faktoruna bağlı deyil: “Buna qarşı mübarizə də yalnız patrul və fiziki nəzarətlə deyil, yüksək texnologiyalı anti-PUA sistemləri, elektron mübarizə vasitələri və operativ kəşfiyyat tədbirləri ilə mümkündür və bu “hava kuryerləri”nin qarşısını almağa imkan verəcək”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
