Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyətinin gələn ay İstanbula səfər edəcəyi dəqiqləşib. Bu səfərin aprelin 16-dan 19-dək Parlamentlərarası İttifaqın iclasında iştirak etmək üçün təşkil olunacağı bildirilir.
Artan təmaslar göstərir ki, Türkiyə ilə Ermənistan arasında əlaqələr sürətlə yaxşılaşmağa doğru gedir.
Bəs erməni spikerin İstanbul səfəri iki ölkə münasibətlərində real dönüş nöqtəsi yarada bilərmi?
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a bildirib ki, səfər yalnız protokol xarakterli tədbir deyil, regionun geosiyasi reallığı nəzərə alındıqda, daha geniş siyasi prosesin bir hissəsi kimi qiymətləndirilməlidir:
“Uzun illər sərhədlərin bağlı qalması, dondurulmuş diplomatik münasibətlər və qarşılıqlı ittihamlar fonunda bu səfər, iki ölkə arasında münasibətlərin normallaşmasına dair ilk real siqnallardan biri hesab edilə bilər”.

Onun fikrincə, son aylarda müşahidə olunan diplomatik təmasların artması, həm İrəvan, həm də Ankara üçün strateji motivasiyanın gücləndiyini göstərir:
“Ermənistan üçün bu, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq perspektivlərini genişləndirmək, həmçinin sərhəd və təhlükəsizlik məsələlərində balanslı mövqe formalaşdırmaq üçün vacib bir addımdır. Türkiyə üçün isə İrəvanla münasibətlərin yaxşılaşması Cənubi Qafqazda nüfuzunu artırmaq, regional ticarət və nəqliyyat dəhlizlərinin təhlükəsizliyini təmin etmək və qlobal diplomatik təsirini gücləndirmək imkanı yaradır. Bu baxımdan, Simonyanın İstanbula səfəri yalnız protokol tədbiri deyil, həm də iki ölkə arasında etimad mühitinin bərpasına yönəlmiş strateji addımdır”.
Lakin ekspertə görə, Ankara–İrəvan münasibətlərinin normallaşması uzunmüddətli və çoxpilləli diplomatik səylər tələb edir:
“Tarixi problemlər, Azərbaycanla sülh sazişinin hələ də imzalanmaması, uydurma erməni soyqırımı məsələsi və xüsusilə də Ermənistan konstitusiyasında Azərbaycanla yanaşı Türkiyəyə qarşı da ərazi iddialarının yer alması, eləcə də daxili siyasi təzyiqlər, hər iki ölkə üçün ciddi maneə rolunu oynayır”.

R.Bayramovun fikrincə, İstanbul səfərinin regiondakı geosiyasi balanslara təsiri də diqqətəlayiqdir:
“Rusiya və İran kimi regional aktorların siyasətinə də dolayısı ilə təsir göstərəcəyi şübhəsizdir. Bu, Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının ortaya çıxmasına, sərhəd və təhlükəsizlik məsələlərində yeni balansın formalaşmasına imkan yarada bilər. Odur ki, Simonyanın rəhbərliyi ilə nümayəndə heyətinin İstanbula səfərinin beynəlxalq tədbirdə iştirakla məhdudlaşmadığı qənaətindəyəm. Bu, həm Türkiyə-Ermənistan münasibətlərində dönüş nöqtəsi potensialını göstərən, həm də Cənubi Qafqazın gələcək siyasi xəritəsinə təsir edə biləcək strateji diplomatik addımdır”.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
