Mart ayında dünya bazarında ərzaq məhsullarının qiymətləri artıb. Bu artım əsasən Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar enerji qiymətlərinin yüksəlməsi ilə bağlıdır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ekspertləri bildirib.
FAO-nun Ərzaq Qiymətləri İndeksi mart ayında orta hesabla 128,5 bənd təşkil edib. Bu, fevral ayı ilə müqayisədə 2,4 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 faiz artım deməkdir.
Təşkilatın məlumatına görə, Taxıl Qiymətləri İndeksini əvvəlki aya nisbətən 1,5 faiz yüksəlib. Bu artım əsasən buğda qiymətlərinin 4,3 faiz yüksəlməsi ilə bağlıdır. ABŞ-da quraqlıq səbəbindən məhsuldarlığın pisləşməsi və Avstraliyada yüksək gübrə xərclərinə görə əkin sahələrinin azalacağı gözləntiləri bu artıma təsir edib. Qarğıdalı qiymətləri isə qlobal bolluq səbəbindən ciddi artmayıb. Düyü qiymətləri isə məhsul yığımının vaxtı, zəif idxal tələbi və bəzi valyutaların ABŞ dollarına qarşı dəyər itirməsi səbəbindən 3,0 faiz azalıb.
FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, əgər münaqişə 40 gündən çox davam edərsə və istehsal xərcləri yüksək qalarsa, fermerlər daha az gübrə istifadə etmək, daha az əkin aparmaq, habelə daha az gübrə tələb edən məhsullara keçmək məcburiyyətində qalacaqlar. Bu isə gələcək məhsuldarlığa və ərzaq təchizatına təsir göstərəcək.
Qlobal bazarda bitki yağı qiymətləri fevral ayı ilə müqayisədə 5,1 faiz bahalaşaraq ötən ilin eyni dövründən 13,2 faiz yüksək olub. Palma, soya, günəbaxan və raps yağı qiymətləri xam neftin bahalaşması fonunda bioyanacaq tələbatının artacağı gözləntiləri səbəbindən yüksəlib.
Ət qiymətləri 1,0 faiz , süd məhsulları qiymətləri 1,2 faiz artıb. Şəkər qiymətləri mart ayında 7,2 faiz bahalaşıb. Bu, Braziliyada şəkər qamışının daha çox etanol istehsalına yönəldiləcəyi gözləntiləri ilə əlaqədardır.
FAO-nun proqnozuna görə, 2026-cı ildə qlobal buğda istehsalı 820 milyon ton olacaq ki, bu da əvvəlki ildən 1,7 faiz azdır. Lakin yenə də son beş ilin orta göstəricisindən yüksəkdir. Beynəlxalq təşkilatın proqnozuna əsasən, Avropa İttifaqı, Rusiya və ABŞ-da istehsalın azalacağı gözlənilir, Hindistanda isə rekord səviyyəyə çatacağı proqnozlaşdırılır. İran, Türkiyə və Şimali Afrikada isə yağıntıların yaxşılaşması məhsuldarlığı artıracaq.
Eyni zamanda, Kənd Təsərrüfatı Bazarı Məlumat Sistemi (AMİS) qeyd edib ki, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata ciddi təsir göstərib və bu təsir kənd təsərrüfatı sektoruna da yayılıb. Artan enerji, gübrə və nəqliyyat xərclərinin ərzaq sektoruna həm birbaşa, həm də dolayı təsirləri gözlənilir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
