“Reytinq xallarına əsasən olimpiadaya lisenziyanı təmin etmişdim. Bəlkə də bu, qızıl yox, bürünc medal qazanmağıma səbəb oldu. Düşünürdüm ki, 100 faiz lisenziyanı rəsmiləşdirmək üçün misirli idmançını məğlub edib, finala yüksəlməliyəm. Buna görə əsəbiləşdim, taktikanı dəyişdirə bilmədim. 0:4 hesabı ilə uduzdum. Amma xalları hesablayaraq başa düşdüm ki, belə çıxışla da olimpiadaya lisenziya əldə etmişəm. Duyğular inanılmaz idi. Mənim arzum gerçəkləşdi. Ümid edirəm ki, Rafael Ağayev bizi çox gözlətməyəcək və o da Tokio-2020-yə bilet qazanacaq”.
Boyukmillet.com-un məlumatına görə, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate1 Premyer Liqa turnirində bürünc medal qazanmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Azərbaycan millisinin üzvü İrina Zaretska “Moscow-baku.ru”ya müsahibəsində deyib.
Olimpiadada 61 kq-da çıxış edəcək 24 yaşlı karateçi Ukraynanın Odessa şəhərində şəxsi məşqçisi ilə, Bakıda isə milli komanda ilə məşq etdiyini vurğulayıb: “Qarşıda bir çox yarışımız var. Ən yaxşı formanı əldə etmək üçün bütün imkanlardan istifadə edirik. Bakıdakı idman zalını çox sevirəm, burada idmançılar üçün hər şey edilir. Amma hər zaman Bakıda ola bilmərəm, Odessada bir ailəm var. Amma bütün imkanlardan yararlanmaq istəyirəm ki, yaxşı nəticələr əldə edim”.
İrina Zaretska
Ukraynalı legioner Azərbaycanın karate komandasını digər yığmalarla müqayisə edib: “Bu, həm böyüklər, həm də gənclər arasında dünyanın ən güclü milli komandalarından biridir. Məsələn, yığma Avropa çempionatında yaxşı nəticələr göstərdi. Gənc oğlanlar üç qızıl medal qazandılar. Komandamızda bütün çəki dərəcələrində Premyer Liqanın illik yarışlarında iştirak edənlər var. 7 mərhələdə ən yaxşı olanlar “Grand Winners” mükafatını əldə edirlər. Heç də bütün ölkələr “Grand Winners” mükafatı alan idmançısı ilə öyünə bilmir. Amma Azərbaycan öyünə bilər. Rafael Ağayev və mən buna layiq görüldük”.
2015-ci ildən Azərbaycan yığmasında çıxış etməyə başlayan Zaretska bunun üçün peşman olmadığını bildirib: “Əvvəlcə elə bir hiss var idi ki, burada həmişə mənim kimi idmançılar qəbul olunmur. Ancaq göstərdiyim nəticələrə sayəsində ölkədəki insanlar məni çox sevir, dəstəkləyir və inanırlar. Azərbaycanda özümü tam olaraq idmana həsr edə bilərəm. Azərbaycan çayını çox sevirəm. Bakıya gələndə mütləq ağ albalı mürəbbəsi ilə çay içirəm. Bakıya tez-tez – ildə 8 dəfə gedirəm. Fevralda artıq iki dəfə orada oldum, komanda ilə məşq etdim. Martda Bakıda Avropa çempinatı olacaq. Onda da gedəcəyəm”.
İrina Zaretska
Karateçi Bakıda ən sevdiyi yer barədə suala isə belə cavab verib: “Bu, idman zalıdır (gülür), Bulvar da xoşuma gəlir. Dənizi çox sevirəm. Bakı mənim ikinci doğma şəhərimdir və ürəyim həmişə buradadır.
İdmançı Bakıya köçmək ehtimalı barədə isə bunları deyib: “Hələ ki, bilmirəm(gülür). Hələlik avqustadək zaman kəsikləri ilə yaşayacağam. Amma yaxşı təkliflər olsa, hər şey mümkündür”.
Zaretska son olaraq Tokio-2020-dəki hədəflərindən söz açıb: “Hamı medal istəyir və mən də istisna deyiləm. Mən sanki yatıram və hər dəfə bir yuxuda olimpiadanın qızıl medalını necə qazandığımı görürəm. Yalnız ən yaxşı nəticələrə köklənirik”.