Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İSBAM sədri Münhen debatına belə qiymət verdi…

Samir Adıgözəlli: “Prezidentin ATƏT və dünya birliyinə etdiyi çağırış Münhen Konfransının mahiyyətinə tam uyğundur”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil!

Dövlət başçısı bildirib: “İlk növbədə, mən bir şərh vermək istərdim. Mən tamamilə əminəm ki, biz hər ikimiz buraya həqiqəti demək üçün gəlmişik. Mənim giriş nitqimdə dediklərim 100 faiz həqiqətdir. Hansılar ki, elə indi yoxlanıla bilər. Sadəcə, internetə daxil olub istinad etdiyim həmin sənədləri taparaq siz kimin həqiqəti deyib-demədiyini anlaya bilərsiniz. İkinci şərhim budur. Mən, təəssüf ki, ermənilərin Xocalıda törətdiklərinə bəraət qazandırmaq cəhdinə çevrilmiş bu vəziyyətə aydınlıq gətirmək istərdim. Prezident Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib. Günümüzdə deyildiyi kimi, bu, “feyk” xəbərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə bir həqiqətdir. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir.

Beynəlxalq ictimaiyyətin nə etməli olduğu məsələsinə gəlincə, düşünürəm ki, ən vacib olan odur ki, beynəlxalq ictimaiyyət, – biz beynəlxalq ictimaiyyətdən danışan zaman əsasən ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini nəzərdə tuturuq, – onlar, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır. Bu, birincisidir. İkincisi, düşünürəm ki, Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə bağlı beynəlxalq təzyiq daha çox Ermənistana göstərilməlidir. Çünki BMT Təhlükəsizlik Şurasından daha yuxarı olan beynəlxalq orqan yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Onları yoxlamaq çox asandır. Mütəxəssislərə onların nömrələri məlumdur. Onlar nə deyir: erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin, onun ətrafındakı 7 rayon da işğal olunub. Ermənistan bunu gizlətmək istəyir. Bu, o 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb. 1989-cu ilin son sovet əhali siyahıyaalınmasında Dağlıq Qarabağın əhalisi 189 min nəfər olaraq qeydə alınıb. Onlardan 139 mini ermənilər, 48 mini azərbaycanlılar və digər xalqların nümayəndələri idi. Beləliklə, Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşadan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Sonra bütün azərbaycanlılar 7 rayonda etnik təmizləməyə məruz qalıb. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq ictimaiyyət izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır. İkincisi, təcavüzkara ciddi təzyiq göstərməlidir ki, dayansın. Baş nazir… bir dəqiqə gözləyin… Baş nazir indicə sülhdən danışdı. Yaxşı, mən razılaşıram. Lakin onda bu, bu gün baş verənlə, təmas xəttində azərbaycanlı əsgərin erməni snayperi ilə öldürülməsi ilə necə uzlaşır?”

Ölkə başçısının ATƏT-in Minsk Qrupu həmsədrlərinə və dünya ictimaiyyətinə etdiyi bu müraciəti necə dəyərləndirmək olar?

  • “Biz dünyada təhlükəsizliyin təmin olunmasını istəyiriksə…”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İlham Əliyevin iki mühüm məqama istinad etməsi təsadüfi deyil: “Təəssüflər olsun ki, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu doğrudan da heç bir irəliləyişə imza atmır. Artıq vəziyyət o yerə çatıb ki, İlham Əliyev onlara konkret mətnlə müraciət edir. Deyir ki, Ermənistanı başa salsınlar ki, Qarabağ Ermənistan və müstəqil ölkə deyil və olmayacaq da. Dağlıq Qarabağın müstəqil olduğunu kim bəyan edir? Paşinyan bunu açıq mətnlə bəyan edirsə və buna həmsədrlər kəskin bəyanat vermirsə, deməli, onlar öz missiyalarını layiqincə yerinə yetirmirlər. Sonra da Paşinyan kimi adamı gətirib onunla danışıq təşkil edirlər. Bəli, bu cür prinsipial məsələ ilə bağlı ATƏT-in Minsk Qrupu konkret bəyanat verməlidir. Ütülü və növbətçi bəyanat tonunda yox. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı beynəlxalq təzyiqin artırılması da yerində edilən tələbdir. Bu məsələdə də ikili standartlara yol verirlər. Eyni qurumun qəbul etdiyi qətnamələr başqa ölkələrlə bağlı dərhal yerinə yetirilib. Hətta həmin qətnamələrin icrasına BMT-nin sülhməramlıları da cəlb ediliblər. Ermənistana bu yöndə göstərilən ərköyün münasibət regionda sülhə və təhlükəsizliyə böyük təhdid yaradır. Cənab Prezidentin ATƏT və dünya birliyinə etdiyi çağırış Münhen Konfransının mahiyyətinə tam uyğundur. Çünki biz dünyada təhlükəsizliyin təmin olunmasını istəyiriksə, əvvəlcə ona təhdid yaradan amillərə qarşı mübarizəni gücləndirməliyik. Hesab edirəm ki, Prezidentin bu çağırışı ünvanlandığı dairələrin hərəkətə gəlməsi üçün bir impuls olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …