Cəbrayıl rayonunun Xudafərin kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür.
Boyukmillet.com xəbər verir ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin 22-ci günündə – 2020-ci il oktyabrın 18-də tarixi Xudafərin körpülərini və Xudafərin kəndini işğaldan azad edib.
Həmin gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndlərinin də işğalına son qoyub.
Ermənilər 30 ilə yaxın işğal dövründə digər ərazilər kimi, Xudafərin kəndini də darmadağın edib, xarabalığa çevirib, evləri, inzibati binaları, bütün tikililəri söküb.
Xudafərin körpülərinin və Xudafərin kəndinin işğaldan azad edilməsi Vətən müharibəsinin əlamətdar hadisələrindən sayılır. Azərbaycan xalqının tarixində və taleyində mühüm rol oynamış Xudafərin körpülərinin işğaldan qurtarılması Azərbaycan Ordusunun Qələbəyə inamını daha da artırıb, düşmənin həm hərbi, həm də psixoloji məğlubiyyətinə yol açan vacib amillərdən olub.
Qeyd edək ki, Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib.
Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni altı metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb.
15 tağlı Xudafərin körpüsü isə XIII əsrə aid edilir. Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə on beşinci ildə (Miladi təqvimi ilə 639-cu il) Məhəmməd peyğəmbərin yaxın silahdaşı Bəkr ibn Abdullah tikdirib. Körpü tağlarının dayaqları təbii özüllər – qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4, 5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metrdir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
