Çərşənbə , 18 Noyabr 2026
Drone Cameras

MƏDƏNİYYƏT HEÇ KİMİN DƏDƏSİNİN TAPULU MALI DEYİL!

FƏRHAD BƏDƏLBƏYLİDƏN NEÇƏ DƏNƏ VARSA, HAMISINA SÖZÜMÜZ VAR!

Bəzi adamlar mədəniyyət üzərində sahiblik və inhisarçılıq hüququna malik olduqlarını zənn edirlər. Halbuki mədəniyyət heç kimin şəxsi mülkü deyil.

Mədəniyyət cahanşümul hadisədir. Onun nə sərhədi var, nə də sahibi. Heç bir hakimiyyətin, siyasi dairənin, vəzifə sahibinin, yaxud hansısa imtiyazlı zümrənin şəxsi mülkü deyil. Mədəniyyət xalqın yaddaşı, bəşəriyyətin ortaq sərvəti, insanlığın mənəvi varlığıdır.

Mədəniyyəti hansısa şəxsin, vəzifənin və ya siyasi iradənin səviyyəsinə endirmək, onu hakimiyyətin kölgəsində ölçmək elə mədəniyyət anlayışının özünü kiçiltməkdir.

Sənətkarın vəzifəsi hakimiyyətə yaraşan sözləri seçmək, siyasi zövqə uyğun danışmaq, kiminsə könlünü xoş etmək deyil. Sənətkarın borcu həqiqətə, gözəlliyə, vicdana və öz sənətinə sədaqətdir. O, lazım gələndə alqışlamalı, lazım gələndə etiraz etməli, amma heç bir halda müstəqil düşüncəsini başqasının iradəsinə girov qoymamalıdır.

Bu gün cəmiyyətimizdə qəribə bir düşüncə tərzi kök salıb: kimsə vəzifə sahibini tənqid edirsə, dərhal düşmən elan olunur; kimsə xoşagəlməz fikir söyləyirsə, onun sənətinə, şəxsiyyətinə hücum başlanır. Əksinə, hər sözü alqışlamaq, hər qərarı müdafiə etmək, hər addımı dahiyanə təqdim etmək az qala sədaqət meyarına çevrilir.

Bu, vətənpərvərlik deyil. Bu, mədəniyyət də deyil. Bu, şəxsiyyətə pərəstişin düşüncədə yaratdığı asılılıqdır.

Vətənə sevgi ilə vəzifə sahibinə sədaqəti qarışdırmaq olmaz. Dövlətin mənafeyi ilə ayrı-ayrı şəxslərin nüfuzunu eyniləşdirmək olmaz. Azərbaycanı sevmək üçün kiminsə hər fikrini bəyənmək, hər davranışına haqq qazandırmaq məcburiyyətində deyilik.

Eyni zamanda, sənətkarın nüfuzu da ona toxunulmazlıq vermir. Böyük sənətkar da mübahisəli fikir söyləyə, yanlış ifadə işlədə bilər. Onun sənətinə hörmət etmək fikirlərini müzakirədən kənarlaşdırmaq demək deyil. Fikrə fikir ilə cavab verilməlidir, təhqirlə, qaragüruhçuluqla, yaltaqlıq yarışı ilə yox.

Mədəniyyət insanı azad düşünməyə öyrətməlidir, itaətə yox. Əgər mədəniyyətin ölçüsü kimin qarşısında baş əyməkdirsə, orada sənətdən yox, saray təfəkküründən danışmaq lazımdır.

Unutmayaq: saraylar dəyişir, vəzifələr bitir, siyasi adlar tarixdə qalır. Amma həqiqi sənət öz zamanını aşaraq yaşayır.

Mədəniyyət heç kimin dədəsinin tapulu malı deyil ki, onu şəxsi mülkü kimi bölüşdürsün, kiməsə pay versin, kimdənsə əsirgəsin.

Və nəhayət, bir həqiqəti xatırladaq:

Vətənpərvərliklə şəxsiyyətə pərəstiş arasında çox incə bir sərhəd var. Bu sərhədi heç kim öz kefinə, şəxsi iradəsinə və siyasi maraqlarına tabe edib dəqiqəbaşı tapdalaya bilməz. Vətən sevgisini şəxsə sədaqətə çevirmək, milli qüruru kiminsə qarşısında baş əyməklə ölçmək olmaz.

Rus şairi Aleksandr Blokun bu fikri necə də düşündürücüdür:

«Şəxsiyyət sənətdən ucadır».

Sənət nə qədər böyük olsa da, onu yaradan insanın şəxsiyyəti mənəvi ucalıqdan məhrumdursa, həmin sənətin arxasında gizlənib hər cür fikrə toxunulmazlıq tələb etmək olmaz.

Fərhad Bədəlbəylinin timsalında bir daha görürük ki, böyük sənətkar olmaqla böyük şəxsiyyət olmaq heç də həmişə eyni məna daşımır.

Təəssüf ki, sənətin böyüklüyü şəxsiyyətin də böyüklüyünə təminat vermir.

Çünki sənətkarın şöhrəti onun yaratdıqları ilə, şəxsiyyətinin böyüklüyü isə başqalarının qarşısında deyil, öz vicdanı qarşısında necə dayandığı ilə ölçülür.

Mədəniyyət azad ruhun ərazisidir. O ərazidə yaltaqlığa yer yoxdur!

Bu arada Ustad Cəlaləddin Rumi də gözəl deyib:
“ Şair şah qapısında gədadan gəda,
Şahsa şair evində ucadan uca!”
Biz bunu görmədik çox təəssüf ki.
Palaz kimi ziya(n)lılar, mədəniyyət xadimləri. Onlar hər yerdədirlər: parlamentdə, konservatoriyada, yandaş medyada, təhsil müəssisələrində və s.
Mədəniyyət sözünə yazıq oldu.

Məhəmməd İsrafiloğlu.
Almaniya.

Check Also

Yük maşınlarından 10 min manatlıq oğurluq edildi

Abşeronda nəqliyyat vasitələrindən oğurluq edən şəxs saxlanılıb. DİN-dən verilən xəbərə görə, Abşeron rayonunda yük avtomobillərindən …