Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan və Türkiyə arasında həyata keçiriləcək layihələr Naxçıvanın geosiyasi əhəmiyyətini daha da artıracaq

Fevralın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və həmin gün Bakıda hər iki ölkə liderinin rəhbərliyi ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumiyyətlə, regionun gələcək inkişafı baxımından əhəmiyyətli idi.

Bu görüş həm də Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı, illərdir, üzləşdiyi blokadanın aradan qaldırılması istiqamətində alternativ layihələrin həyata keçirilməsində qətiyyətli addımların atılması nöqteyi-nəzərindən böyük önəm daşıyırdı. Belə ki, iclasda Türkiyənin Qars şəhəri ilə Naxçıvan arasında dəmiryol nəqliyyat xəttinin və İqdır-Naxçıvan qaz kəmərinin çəkilməsi barədə imzalanan sənədlər, həm də bir sıra iqtisadi və siyasi tərəfləri ilə diqqətçəkicidir.
Sənədlərin imzalanmasından sonra mətbuata açıqlamalarında Prezident İlham Əliyev dedi: “Nəqliyyat sahəsində də böyük nailiyyətlərimiz var. Birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu uğurla fəaliyyət göstərir. Bu yolun gələcək fəaliyyəti haqqında bu gün danışıldı və bir önəmli sənəd də imzalandı, o da Qars-Naxçıvan dəmir yolunun tikintisinə dair Anlaşma Memorandumudur. Bu, xüsusi əhəmiyyət daşıyan məsələdir. Çünki Ermənistanın işğalçı siyasətinə görə, Naxçıvan uzun illərdir, demək olar ki, blokada, yəni mühasirə şəraitində yaşayır. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlara çıxarılması böyük problemdir. Qars-­İqdır-Naxçıvan dəmir yolunun tikintisi bu problemi aradan qaldıracaq və beləliklə, Azərbaycanla Türkiyə arasında yeganə quru sərhədi olan Naxçıvan Muxtar Respublikasının inkişafı, rifah halı daha da yaxşılaşacaqdır”.
İki ölkə arasında 14 mühüm sənədin imzalandığını bildirən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da Naxçıvan və Türkiyə arasındakı dəmir yolu məsələsinin siyasi sahədə önəmli bir addım olduğunu qeyd etdi, bunun Naxçıvanın inkişafı baxımından böyük rol oynayacağını söylədi. İqdırla Naxçıvan arasında təbii qaz kəmərinin əhəmiyyətinə toxunan Türkiyə Prezidenti bunları dedi: “Digər bir önəmli addım isə Naxçıvanda sərhədə qədər, eyni qaydada İqdırdan da sərhədə qədər təbii qaz kəmərinin çəkilməsidir. Beləliklə, təxminən, 160 kilometrlik kəmərin çəkilməsi ilə Naxçıvan təbii qazla bağlı daha əlverişli imkan əldə edəcək. Yəni həm İrandan, həm də Türkiyədən dəstək almaqla daha güclü bir vəziyyətə gələcək. Mən bu baxımdan bunu da enerji sahəsində, həqiqətən, çox önəmli hesab edirəm. Bunun da xeyirli olmasını diləyirik… Sabahdan etibarən infrastruktur işlərinə başlayacaqlar və inşallah, bunu sürətlə başa çatdıraraq qısa müddətdə burada təbii qaz nəqlinə başlanacaq”.
Hər iki ölkə başçısının da qeyd etdiyi kimi, imzalanan sənədlər böyük əhəmiyyəti ilə seçilir. Bəs Naxçıvanla bağlı həyata keçiriləcək bu layihələr muxtar respublikaya hansı perspektivləri vəd edir?
Məlum olduğu kimi, muxtar respublikada bütün sahələr inkişaf etdirilsə də, bu inkişafa mənfi təsir göstərən ən böyük səbəb blokadadır. Xüsusilə logistika ilə bağlı məhdudiyyətlərin yaratdığı problemlər muxtar respublikada istehsal olunan məhsulların xarici bazarlara çıxmasına müəyyən maneələr yaradır. Yükdaşımaların, əsasən, avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilməsi isə həm ixrac kütləsinin böyüməsi, həm də maliyyə xərclərinin aşağı salınması imkanlarını azaldır. Halbuki hazırda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı və sənaye məhsulları istehsalı üzrə mühüm potensiala malikdir. Elə bu potensialın yaratdığı səbəbdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci ili muxtar respublikada “İxrac ili” elan edib. Nəzərə alaq ki, hələ Sovetlər Birliyi dövründə muxtar respublikadan keçmiş SSRİ-nin müxtəlif regionlarına çeşidli sənaye və kənd təsərrüfatı məhsulları göndərilirdi. İndi isə yaradılmış yeni istehsal müəssisələri hesabına belə məhsulların növ və çeşidi daha da artıb. Eyni zamanda ixrac olunacaq məhsulların bazarı da genişdir. Buna görə də Naxçıvandan çəkilən dəmir yolunun Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu dəmir yolu imkan verir ki, Naxçıvandan ixrac olunacaq məhsullar həm Türkiyə və Avropa, həm də bu məhsulların daha çox tanındığı MDB məkanına çıxarılsın. Həmçinin Naxçıvan-Qars dəmir yolunun istifadəyə verilməsi Naxçıvanın dünya turizm bazarına daxil olmasına şərait yaradacaq.
Digər tərəfdən, adıçəkilən dəmir yolu layihəsi mühüm siyasi və strateji əhəmiyyəti ilə də diqqət çəkir. Belə ki, bir neçə il bundan əvvəl muxtar respublikanın dəmir yolları İran İslam Respublikasının dəmir yolları ilə birləşdirildiyindən Naxçıvanın Cənub-Şərq ölkələrinə nəqliyyat yolu təmin edilib. Yeni layihə isə regionu həm də Şimal-Qərb ölkələri ilə birləşdirərək Naxçıvanı Cənubi Qafqazda mühüm logistik qovşağa çevirəcək. Nəzərə alaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya daşınan yüklərin Trans-Avropa və Trans-Asiya dəmir yolu magistrallarının birləşməsini təmin edən bağlantı kimi qəbul edilir və bu layihə BMT-nin Avropa İqtisadi Komissiyasının rəsmi sənədinə görə “Beynəlxalq kombinəedilmiş daşımaların mühüm xətləri və müvafiq obyektləri haqqında Avropa Sazişi”nə daxil edilib. Buna görə də Naxçıvan-Qars dəmir yolu xəttinin çəkilişindən sonra Naxçıvan Avropa ölkələri, Azərbaycan üzərindən Şimal və Şərq ölkələrinə birbaşa çıxış imkanı əldə etmiş olacaq.
Layihənin digər strateji üstünlüyü ondadır ki, bu dəmir yolu Ermənistanı beynəlxalq yükdaşımalarına qoşulmaqdan təcrid edir. İndiyədək qonşuları ilə normal münasibət qura bilməyən, heç bir dənizə çıxışı olmayan Ermənistan bir neçə il bundan əvvəl cidd-cəhdlə Cənub-Şərq dəmir yollarına qoşulmaqla – hansı ki bunun üçün böyük maliyyə imkanları lazım idi – üstünlüklər əldə etmək istəyirdi. Ancaq Azərbaycanın reallaşdırdığı ölkə və dünya əhəmiyyətli strateji layihələr buna imkan vermədi. Hazırda isə reallıq bundan ibarətdir ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi davamlı və qətiyyətli tədbirlər nəticəsində rəsmi İrəvanın tranzit logistika imkanları tamamilə məhdudlaşmış vəziyyətdədir. Bu, eyni zamanda Azərbaycanın Ermənistan üzərində növbəti iqtisadi və siyasi qələbəsidir.
Türkiyə ilə Azərbaycan arasında həyata keçiriləcək digər layihə isə Naxçıvanla İqdır arasında təbii qaz kəmərinin çəkilişidir. Hamımıza məlumdur ki, Naxçıvanın enerji təhlükəsizliyi hər zaman prioritet məsələlərdən olub. Artıq 15 ildir, muxtar respublikanın bütün yaşayış məntəqələri qazlaşdırılıb. Son dövrlərdə elektrik enerjisinin hasili ilə bağlı mühüm layihələr həyata keçirilib. Nəticədə, Naxçıvan hazırda elektrik enerjisi ixracı həyata keçirən regiona çevrilib. Türkiyənin İqdır vilayətindən Naxçıvana 160 kilometrlik yeni qaz xəttinin çəkilişi isə muxtar respublikaya alternativ və davamlı təbii qaz ehtiyatlarından yararlanmaq imkanı verəcək.
Beləliklə, fevralın 25-də Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında imzalanan mühüm sənədlər ölkəmizin ayrılmaz tərkib hissəsi, qədim türk diyarı Naxçıvanın geosiyasi əhəmiyyətini daha da artıracaq.

Səbuhi HƏSƏNOV

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …