ABŞ dolları sürətlə bahalaşmaqda davam edir. Hazırda dünyanda dolların məzənnəsi son 3 ilin ən yüksək səviyyəsinə çatıb.
Boyukmillet.com Sfera.az-a istinadən xatırladır ki, dolların ortaq dəyərini dollar indeksi müəyyənləşdirir. Dollar indeksi ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar avro (səbətdə payı 57,6%), yapon yeni (13,6%), funt sterlinq (11,9%), Kanada dolları (9,1%), İsveç kronu (4,2%) və İsveçrə frankıdır (3,6%). Həmin valyutaların məzənnə dəyəri düşdükdə dollar bahalaşır, yüksəldikdə dollar ucuzlaşır.
Bu baxımdan dollar üçün əsas valyuta avrodur. Avro Avropa Mərkəzi Bankının monetar genişləndirmə siyasəti ilə əlaqədar son illərdə ucuzlaşır. Bu amil də dolların bahalaşmasında önəmli rol oynayır. Avropa Mərkəzi Bankının monetar siyasətindən aydın görünür ki, hələ yaxın dövrdə avronun bahalaşma ehtimalı yoxdur.
Dollar indeksi martın 9-dan etibarən yüksəlir. Həmin tarixdə indeks 95 səviyyəsində idi. Hazırda isə 100 səviyyəsinə çatıb. Dollar qısa müddətdə 5 faizdən çox bahalaşıb.
FED-in son günlərdə yürütdüyü siyasət, qəbul etdiyi qərarlar dolların ucuzlaşması yönündədir. Bütün tədbirlərə baxmayaraq dollar ucuzlaşmayıb, əksinə bir qədər də bahalaşıb. Dolların bahalaşmasını FED-in qərar qəbul etməkdə gecikməsi mühüm rol oynayıb. Koronavirus Çindən başlayaraq bütün dünyaya yayılanda ABŞ-ın pul siyasətini idarə edən qurum bu virusun Amerikaya keçmədiyini əsas gətirərək faizləri endirmədi. Martdan virusun ABŞ-da sürətlə yayılması bütün indekslərin, istiqrazların ucuzlaşmasına səbəb olduğundan FED məcbur qalıb faizləri sıfır həddinə endirdi. Bununla bərabər maliyyə bazarına 700 milyard dollar dəyərində iqtisadi dəstək də verdi. Qeyd edilən tədbirlərə baxmayaraq dollar ucuzlaşmadı, bir qədər bahalaşdı.
Xarici ölkələrdə baş verən iqtisadi dəyişikliklərin analizi göstərir ki, onlar ucuzlaşdırma tədbirlərinə daha öncədən başlayıb və faizləri daha çox endiriblər. Buna görə də FED-in faizləri endirmək qərarı səmərə verməyib. Gərək FED də maliyyə bazarına dəstək tədbirlərini erkəndən başlayardı və daha güclü dəstək verərdi.
Dolları bahalaşdıran digər səbəb maliyyə bazarlarına olan inamın zəifləməsidir. Daha doğrusu investorlar dollardan kənar valyutalara, maliyyə alətlərinə etibar etmirlər. Buna görə də onlar nə qədər aşağı gəlirli olsa da dollarla olan aktivlərə yönəlirlər. Böyük məbləğdə pulu olan investisiya fondları və digər sərmayəçilər böhran vəziyyətində olan qlobal iqtisadiyyatda dollara alternativ görmürlər. Bu qənaət və ondan irəli gələrn hərəkət dolların bahalaşmasını dəstəkləyir.
Bəs, dolların bahalaşmasının Azərbaycana hansı formada təsiri olacaq? Dollar indeksinin yüksəlməsinin Azərbaycana əksər istiqamətlər üzrə mənfi, yalnız bir istiqamət üzrə isə müsbət təsiri var.
Ölkəmizdə dolların bahalaşmasının mənfi təsiri birbaşa yox, dolayı şəkildə baş verir. Belə ki, dollar bahalaşdıqda neft daha da ucuzlaşır. İndiki halda neftin qiymətinin aşağı səviyyədə olmasında onun da payı var. Neftin qiymətinin artması üçün dolların ucuz olması yaxşıdır.
Digər mənfi tərəfi Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların ucuzlaşması şəklində olur. Dollar/manat kursu bu müddətdə sabit qaldığına görə həmin ölkələrin valyutalarının dollara nisbətən ucuzlaşması onların manata nəzərən də ucuzlaşmasına səbəb olur. Martın 9-dan bəri avro manata nisbətən 1,7 faiz, Gürcüstan larisi 8,3 faiz, Qazaxıstan təngəsi 11,7 faiz, Rusiya rublu 5,6 faiz, Türkiyə lirəsi 5 faiz ucuzlaşıb. Çin yuanı ilə olan məzənnə sabit qalıb. Göründüyü kimi, son günlərdə dolların bahalaşması ilə əlaqədar Azərbaycan manatı bütün ticarət tərəfdaşlarının pullarına nəzərən yüksəlib.
Həmin valyutalar dollara nəzərən ucuzlaşdıqda bu ölkələrdən Azərbaycana idxal ucuzlaşır, Azərbaycandan həmin ölkələrə ixrac isə bahalaşır. Azərbaycanın qeyri-neft ixracının artması və ya ən azından sabit qalması üçün ticarət tərəfdaşı olan ölkələrin pullarının ucuzlaşmaması lazımdır. İndiki şərtlərlə qeyri-neft ixracının artımında çətinlik olacaq. Buna görə də dollar indeksi yüksəldikdə ixracı dəstəkləmək üçün manat da ucuzlaşmalıdır.
Dolların bahalaşmasının Azərbaycan üçün yeganə müsbət tərəfi idxal edilən malların ucuz alınmasıdır. Mallar ucuzlaşanda insanlar eyni məbləğdə olan pulla daha çox mal almaq imkanı qazanır. Deməli, idxal ucuzlaşanda əhalinin alıcılıq qabiliyyəti artır ki, bu da ölkəmizə daha çox məhsulun gətirilməsinə səbəb olur. Təcrübə göstərir ki, bu vəziyyətdə dollara tələbdə əlavə artım qeydə alınır.
İdxalın ucuzlaşması yerli istehsal üçün də zərərlidir. Ölkəmizə ucuz mallar gələndə yerli məhsulların daxildə satış imkanları da çətinləşir. Qeyd edilənlərdən o nəticə çıxır ki, idxalın ucuzlaşması sosial cəhətdən faydalı olsa da, maliyyə sabitliyi və yerli istehsalın qorunması baxımından zərərlidir.
Sadalanan amillər göstərir ki, ümumən dolların bahalaşması Azərbaycan iqtisadiyyatına sərf etmir. Əgər dollar daha uzun müddət baha olarsa, onun ölkəmizin iqtisadi tarazlığına vuracağı zərər artacaq.