Müsavat AXCP-ni onları qabaqlamada suçladı; YAP isə aksiyanı ermənilərlə əlaqələndirdi
Milli Şura aprelin 9-na mitinq təyin edib. Mitinqin sosial tələblər və siyasi məhbusların azad olunması şüarları ilə keçiriləcəyi bəyan edilib. Mitinq qərarını Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli mətbuat konfransında elan edib. Aksiyanın Yasamal rayonundakı “Məhsul” stadionunda keçirilməsi planlaşdırılır.
Milli Şuranın mitinqinə bu qurumda təmsil olunmayan bir sıra müxalif partiyalardan və hakim Yeni Azərbaycan Partiyasından fərqli mövqelər ortaya qoyulub.
Müsavat Partiyasının yetkililəri bəyan ediblər ki, Milli Şuranın mitinqinə qatılmayacaqlar.
Müsavat başqanının müavini Elman Fəttah bildirib ki, Milli Şuranın keçirəcəyi mitinq Müsavat Partiyasında müzakirə olunmayıb və olunacağı da gözlənilmir: “O cür müzakirədə iştirak etməyə həvəsim də yoxdur. Müsavat Partiyasının mitinq keçirməsi ilə bağlı müzakirələr aparılır. Mitinqin keçirilməsi üçün vaxt təyin etməmişik. Blogger Mehman Hüseynovun həbsindən sonra onun qardaşı Emin Hüseynov müxalif düşərgənin birgə mitinq keçirməsi təklifi ilə çıxış etmişdi. Müsavat Partiyası bu təklifə müsbət yanaşmışdı. Ona görə bu yöndə hazırlıqlara başlamışdıq. Amma digər təşkilatlar birgə mitinq keçirilməsinə qarşı olduqları üçün təklif reallaşmadı. Müsavat Partiyasının mitinq keçirib-keçirməməsi məsələsi isə müzakirə olunur. Müzakirələr partiya daxilində aparılır”.
Müsavat başqanının müavini Fərəc Kərimli isə özünün facebook profilində yazıb ki, Müsavat müxalifətin birlikdə mitinq keçirməsinə çalışıb, lakin Əli Kərimlinin atdığı addım buna mane olub: “Martın 17-də Müsavat başqanı Arif Hacılı partiya rəhbərliyini təcili iclasa çağırdı ki, vacib bir məsələdə qərar vermək lazımdır. İclas başlayanda Arif bəy iclas iştirakçılarını məlumatlandırdı ki, Mehman Hüseynovun qardaşı Emin Hüseynov Müsavat, AXCP, NİDA, REAL və bəzi müstəqil şəxslərin də iştirakı ilə ”Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq” şüarı ilə mitinq keçirməyi təklif edir və Müsavatın münasibətini bilmək istəyir. Digər təşkilatlarla da danışıqları özü apardığını bildirib. Müzakirələrdən sonra Müsavat başqanı Arif Hacılı Emin bəyə “Siyasi məhbuslara azadlıq” şüarı ilə digər müxalifət təşkilatları ilə mitinq keçirməyə Müsavatın müsbət yanaşdığını dedi. Bütün müxalif qüvvələrin bir arada mitinq keçirməsinin də cəmiyyətə yeni ruh verəcəyini bildirdi. Qısacası onu deyim ki, Emin bəy digər təşkilatlarla danışdıqdan sonra heç kimin birlikdə mitinq keçirməyə razı olmadığını bildirdi.
Bundan sonra Müsavatın təkbaşına mitinq keçirmək ehtimalını nəzərə alaraq bəzi Milli Şura rəhbərləri mitinq anonsu verməyə başladı. Bu məsələni Müsavat Divanı bayramdan sonra-27 martda bir daha müzakirə etdi və Divanın məlumatında “Müsavatda mitinq müzakirəsi davam edir” deyə məlumat getdi. Hörmətli Əli Kərimli də Müsavatın təkbaşına mitinq keçirəcəyini düşünüb 1-2 saat sonra facebook səhifəsində mitinq sorğusu keçirməyə başladı. Martın 29-da isə mitinq keçirəcəklərini açıqladı. Uğurlar arzulayıram. Amma xahiş edirəm heç kim müxalifət niyə birlikdə mitinq keçirmir sualı ilə üzünü Müsavata tərəf tutmasın”.
AXP sədri Pənah Hüseyn isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hər bir vətəndaşın, o cümlədən vətəndaşların birləşdiyi siyasi təşkilatın kütləvi etiraz aksiyası keçirmək hüququ var. Milli Şura da bu hüquqdan istifadə edib: “Mitinqin şüarları tərəfimizdən müdafiə olunur. Üç gün öncə AXP-nin də təmsil olunduğu 6 siyasi partiya kütləvi aksiyaları müdafiə etdiyi barədə bəyanat da yaymışdı. Milli Şuranın təyin etdiyi mitinqdə iştirak barədə hələlik təşkilati qərarımız olmasa da, mitinqdə iştirak etməkdə hər kəs sərbəstdir. Mən özüm şəxsən həmin mitinqdə iştirak edəcəyəm”.
AMİP katibi Elşən Mustafayev isə dedi ki, Milli Şuranın mitinqində iştirak məsələsi Siyasi Şurada müzakirəyə çıxarılmayıb: “Amma təcrübədən deyə bilərəm ki, təşkilində iştirak etmədiyi kütləvi tədbirlərə AMİP heç vaxt qatılmayıb. Eyni zamanda üzvlərə də fərdi qaydada bu tədbirlərə qatılıb-qatılmamaqla bağlı hər hansı göstəriş də verməyib”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə öncə bildirdi ki, hakimiyyətin əleyhinə keçirilən istənilən hüquqi aksiyanın tərəfdarıdır. Ancaq Azərbaycanın bugünkü durumunu nəzərə alsaq və üstəlik də xalqın bugünkü müxalifətə münasibətini buraya əlavə etsək görərik ki, indiki məqamda təkbaşına kütləvi aksiya təşkil etməyin böyük müsbət nəticələri olmayacaq: “Çünki xalqımız artıq uzun illərdir müsbət nəticə gətirməyən kiçik, lokal mitinqlərdə iştirak etmək istəmir. Onların gözündə belə addımlar mənasız və ya şəxsi maraqlara xidmət edən hərəkətlər kimi görünür. Odur ki, biz əgər bu gün səmimi şəkildə prosesləri hərəkətə gətirəcək, hakimiyyətə təsir edəcək bir mitinq keçirmək istəyiriksə, bu, müxalifətin böyük birliyi ilə birgə təşkil olunmalı idi. Təəssüf ki, eyni səhvlər yenə təkrarlanır. Mitinqin təşkilat komitəsində Azərbaycandakı bütün müxalif partiyaların nümayəndələri iştirak etməli və bu iştirakın təmini üçün çaba sərf edilməli idi. Biz Milli Şuranın mitinqində iştirak məsələsini hələ müzakirə etməmişik. Ancaq onu deyə bilərəm ki, nə mən, nə də AĞ Partiya heç kimin diktəsi ilə oturub-durmamışıq və bundan sonra da belə olacaq. Şou göstərmək yox, səmimi mübarizə aparmaq zamanıdır”.
YAP icra katibinin müavini Siyavuş Novruzov isə “Report”a açıqlamasında Milli Şuranın mitinqinin dəstək qazanmayacağını deyib: “Milli Şura adlanan dərnəyin heç sosial bazası, elektoratı yoxdur. Bu, insanların unutduğu təşkilatdır. Nə təşkilat olan vaxtı özünü doğrultdu, dəstək qazana bildi, nə də ondan sonrakı dövrdə. Ona görə də keçirdikləri mitinq cəmiyyət tərəfindən dəstək qazana bilməz. Milli Şurada olan partiyaların böyük hissəsi oranı tərk edib, bir-iki təşkilat qalıb və nəticədə Şura mənasız birliyə çevrilib. Milli Şurada toplaşanların böyük əksəriyyəti ayrı-ayrı ölkələrin diktəsi ilə hərəkət edən insanlardı. Ona görə ki, maddi dəstək alırlar. Onlar ”siyası məhbus” adı altında sənəd verərək pul almaqdan tutmuş, bütün anti-Azərbaycan mövqeyində olan qüvvələrin dəstəklənməsinə qədər hər cür hərəkət edirlər. Bu da cəmiyyətin gözü qarşısındadır. Təbii ki, insanlar onlara dəstək verməyəcəklər. Çünki onların məqsədləri, maraqları bəllidir. Ermənistanda baş verən hadisələr, ictimai-siyasi sabitliyin pozulması, seçkiöncəsi antidemokratik mühit, seçicilərin pulla ələ alınması, namizədlərə qarşı təzyiqlər, həbslər, ölümlə hədələmələr fonunda Azərbaycanda nələrisə qarışdırmağa çalışırlar. Göstərməyə çalışırlar ki, Azərbaycanda da guya vəziyyət çətindi. Erməni lobbisi öz əlaltılarına 5-10 manat pul verərək mitinq keçirmək göstərişi verir. Qərbə və Ermənistan cəmiyyətinə göstərməyə çalışırlar ki, baxın, siz kimlə Dağlıq Qarabağ problemini həll edərək iqtisadi-əməkdaşlıq qurmaq istəyirsiniz. Yəni guya Azərbaycanın özündə bu gün ciddi problemlər var, müxalifət də mitinq keçirir. Mitinq keçirilməsinin əsas səbəbi budur”.
S.Novruzov mitinq üçün sosial sifarişin olmadığını deyib: “Sosial sifarişi onlara kim verib?! Bunların cəmiyyətlə heç bir əlaqəsi yoxdur. Virtual məkan cəmiyyət demək deyil. Deyirlər, mitinq sifarişdir. Bəli, erməni lobbisinin sifarişidir. Yəni cəmiyyət heç bir sifariş verməyib. Azərbaycanı istəməyən, ermənipərəst qüvvələr sifariş veriblər. Onlar da sifarişi yerinə yetirirlər”.