Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

Füzuli Məmmədov: ‘’Leyla Əliyevanın Azərbaycanın Rusiyadakı səfiri postuna təyin olunması Azərbaycan diasporunu birləşdirəcəkdir’’

‘’Avropa Azərbaycanlıları Konqresi’’ nin birinci vitse prezidenti, ‘’Dünya Azərbaycanlıları İttifaqı’’ nın və ‘’Ümumdünya Azərbaycan Mədəniyyət Fondu’’ nun prezidenti Fizuli Məmmədovla müsahibə

 

– Hörmətli Fizuli müəllim! Siz və rəhbərlik etdiyiniz ‘’Dünya Azərbaycanlıları İttifaqı’’ Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunmasını dərhal dəstəklədiniz.  Baxmayaraq ki, bu təyinat 21 fevral tarixində olub, hələ də dünyanın bir çox ölkələrinin ictimai-siyasi xadimlərindən, beynəlxalq təşkilatların, dövlət qurumlarının, elmi və təhsil təsisatlarının rəhbərlərindən Mehriban xanımın adına çoxsaylı təbriklər gəlməyə davam edir. Sizin fikrinizcə, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasına belə geniş beynəlxalq dəstək nə ilə bağlıdır?
 
– Belə bir beynəlxalq nüfuz hər şeydən öncə Mehriban xanım Əliyevanın öz xidmətləridir. O, 2005 ci ildən Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun və Azərbaycan mədəniyyətinin dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi bütün dünyaya idarəçilik qabiliyyətlərini, istedadını və biliyini göstərib. Dünya miqyasında isə insanları təmtəraqlı sözləri ilə yox, real işləri ilə qiymətləndirirlər. Mehriban xanım işlədiyi bütün bu vəzifələrdə Azərbaycan və azərbaycanlıların bütün dünyada nüfuzunu qaldırmaq üçün çox ciddi işlər görüb. Buna görə də Azərbaycanın beynəlxalq aləmdə tanınmasından sonra Mehriban Əliyevanın özünün də tanınması çox təbiidir. Əksər beynəlxalq reytinq agentlikləri Mehriban xanımı dünyadakı ən nüfuzlu qadınlardan biri hesab edirlər.Beynəlxalq miqyasda bu cür tanınması nəticəsində Mehriban xanım Əliyeva BMT, UNESCO, İKT və İSESKO kimi nüfuzlu beynəlxalq qurumların xoşməramlı səfiri olmuşdur. Razılaşın ki, qlobal imicə malik layihələrlə məşğul olan hər qadına belə bir beynəlxalq nüfuza nail olmaq qismət olmur. Bu səbəbdən xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti qismində böyük siyasətdə fəal iştirakı onun idarəçilik karyerasının məntiqi davamıdır. Hətta bu aşkar faktla razılaşmaya bilmərik ki, Mehriban Əliyevanın Azərbaycanda yüksək rütbəli dövlət xadimi kimi tanınması onun beynəlxalq aləmdə mübahisəsiz nüfuz əldə etməsindən çox illər sonra baş verib.
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasına dəstək məsələsinə gəldikdə isə, bu bizim diaspor təşkilatlarımızın iş prinsipləri ilə bağlıdır. Biz Azərbaycanın milli maraqlarına cavab verən bütün qərarları hər zaman dəstəkləyirik. Əminik ki, yüksək beynəlxalq nüfuza və dünya liderlərinin hörmətinə malik olan Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatı Azərbaycan dövlətçiliyininmöhkəmlənməsinə, Azərbaycanın çiçəklənməsinə və respublikamızın əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına kömək edəcək. Çünki, Azərbaycanın Birinci vitse-prezidenti postunda Mehriban xanım hər şeydən öncə sosial sektora nəzarət edəcək. Azərbaycanın ixrac gəlirlərinin kəskin azalmasına səbəb olan mövcud dünya iqtisadi böhranı və neft qiymətlərinin düşməsi şəraitində sosial-iqtisadi problemlər olduqca aktualdır. Belə problemlərin həlli hakimiyyət üçün prioritet məsələdir. Əslində isə Mehriban xanım Azərbaycanın ən ağır problemlərinin həllini üzərinə götürüb. Ona görə biz hamımız, o cümlədən də doğma Azərbaycanın hüdudlarından kənarda bizneslə məşğul olan azərbaycanlılar bu problemlərin həllində ona kömək etməliyik. Mehriban Əliyevanın Birinci vitse-prezident – sosial sektorun kuratoru qismində nailiyyətləri Azərbaycanın çiçəklənməsinin və bütün xalqımızın xoş rifahının qarantıdır.Mən əminəm ki, Azərbaycan öz dövlətçiliyini yalnız sabit inkişafda olan sosial dövlət qismində möhkəmləndirə bilər. Əhalinin ağır sosial-iqtisadi problemlərini həll etmədən, ölkədə dayanıqlı sabitliyi təmin etmək mümkün deyil.
 
– Amma, Azərbaycan hakimiyyətinin bəzi rəqibləri Prezidentin xanımının Birinci vitse-prezident vəzifəsinə təyin olunmasını heç də birmənalı qiymətləndirmədilər…
 
– Mən heç kimlə polemikaya girmək istəmirəm. Ancaq, bununla bağlı mənim öz fikrim var. Eyni zamanda mən müsbət əhval-ruhiyyədə olan insanam və doğma Azərbaycanda baş verən bütün hadisələri uğurlu beynəlxalq təcrübədən çıxış edərək qiymətləndirirəm. Əgər ABŞ və ya Pakistan kimi dünyanın uğurlu ölkələrində yüksək dövlət vəzifələrinə ailə üzvlərini və yaxın qohumları təyin edə bilirlərsə, nə üçün Azərbaycanda bənzər qərar bəzi insanlar tərəfindən birmənalı qarşılanmır? Elə bu günlərdə, 30 martda ABŞ prezidenti Donald Tramp 35 yaşlı qızı İvanka Trampı öz köməkçisi təyin etdi və ona Ağ evdə xüsusi kabinet ayırdı. Bir az əvvəl isə – yanvar ayında amerika prezidenti kürəkəni, İvanka Trampın əri Jared Kuşneri özünə böyük müşavir təyin etmişdi. Başqa bir nümunəni islam dünyasından deyim. Bənazir Bxutto iki dəfə 1988-1990 və 1993—1996 cı illərdə Pakistan İslam Respublikasının baş naziri olub. Həm də, xanım Bxutto müsəlman ölkəsində ilk hökümət rəhbəri qadın kimi tarixə düşüb. Müxtəlif dövrlərdə isə Bənazir Bxuttonun atası – Zülfüqar Əli Bxutto Pakistanın prezidenti , xanım Bxuttonun əri Asif Əli Zardari isə Pakistanın prezidenti və baş naziri olub.Gəlin bu ölkələrin uğurlarına baxaq. ABŞ dünyanın iqtisadi və hərbi-siyasi lideridir, amerika iqtisadiyyatı isə dünya ÜDM nin 23 % ni təşkil edir. Pakistan isə nüvə dövləti olan yeganə müsəlman ölkəsidir. Baxmayaraq ki, Pakistan daxili vətəndaş müharibəsi ilə çalxalanan qeyri-sabit Əfqanıstanla qonşudur, lakin, regionda ən çox inkişaf edən müsəlman ölkəsidir. Sual olunur, nə üçün bəs ABŞ və Pakistanda bir ailənin üzvləri dövlətdə bu qədər yüksək postları tuturlar və bu narahatlıq yaratmır, ancaq bütün dünyada tanınan Mehriban Əliyevanın təyinatı isə təəccüblə qarşılanır?
 
– Bəlkə bu onunla bağlıdır ki, bizim bəzi insanlarımız belə yüksək postlarda qadınları görməyə alışmayıblar?
 
– O zaman bu Mehriban Əliyevanın yox, həmin insanların problemidir. Azərbaycan Avropa ölkəsi hesab olunur və respublikamız bir çox ümumavropa təşkilatlarının üzvüdür.Avropa dövlətlərində qadınların baş nazir və ya prezident təyin olunması və ya seçilməsi adi haldır. Məsələn, britaniyalılar 23 iyun 2016- cı ildə Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyünə dair referendumda Birləşmiş krallığın Avropa İttifaqından çıxmasına səs verdikdən sonra ölkənin baş naziri Devid Kameron istefa verdi və Britaniya parlamenti xanım Tereza Meyi hökumətin yeni rəhbəri təyin etdi. Və sorğular göstərir ki, o, Böyük Britaniyanın baş naziri vəzifəsində kifayət qədər uğurlu fəaliyyət göstərir.Xanım Angela Doroteya Merkel 2005 ci ilin noyabrından alman hökümətinə başçılıq edir – Almaniyanın federal kansleridir.Xanım Dalya Qribauskayte 2009 -cu ildən Litvanın prezidentidir.Yalnız Avropadan yox, dünyanın digər ölkələrindən də çoxlu belə misallar gətirmək olar. Ona görə də, Azərbaycan da özünü həqiqətən Avropa ölkəsi hesab edirsə, alışmalıdır ki, ölkənin prezidenti və ya baş naziri xanım ola bilər.
 
– Fizuli müəllim! Keçən il Rusiyada ‘’Dünya Azərbaycanlıları İttifaqını’’ bağladılar, bu yaxınlarda isə Rusiya Ədliyyə Nazirliyi RF Ali Məhkəməsinə ‘’Ümumrusiya Azərbaycanlıları Konqresinin’’ ləğv olunmasına dair inzibati iddia ilə müraciət edib və müvafiq məhkəmə işinə 11 apreldə baxılacaq. Sizcə bu nə deməkdir: Rusiya-Azərbaycan münasibətlərinin pisləşməyə başlaması yoxsa Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin qeyri-effektiv fəaliyyətinin nəticəsi?
 
– Nə o, nə də digəri. Azərbaycan diasporunun bütün problemlərində dərhal Diasporla iş üzrə Dövlət Komitəsini günahlandırmaq lazım deyil. Onun fəaliyyətinə dair yalnız kiçik suallar var. Məsələn, regional diaspor təşkilatları şikayət edirlər ki, Komitədən onların məktublarına çox gec cavab verirlər.Çox ümid edirəm ki, yaxın zamanlarda belə kiçik qüsurlar aradan qaldırılacaq.
‘’Ümumrusiya Azərbaycanlıları Konqresi’’ kimi samballı ictimai təşkilatın bağlanması təhlükəsi böyük ehtimalla Rusiya daxilindəki ictimai-siyasi vəziyyətlə bağlıdır.Qərbin anti-rus sanskiyaları və neft qiymətlərinin kəskin düşməsi nəticəsində ölkə maliyyə-iqtisadi böhrandadır və Rusiyada tədricən etiraz aksiyaları başlayır.Bəzi ekspertlər hətta çox bədbin proqnozlar verirlər, düşünürlər ki, payıza doğru Rusiyadakı kütləvi etiraz aksiyaları daha miqyaslı və müntəzəm xarakter ala bilər.2018 ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində və ondan sonra ölkədəki vəziyyət daha da alovlana bilər.Buna görə də rus hakim dairələri ‘’profilaktik işlər’’ çərçivəsində qeyri-kommersiya ictimai təşkilatlarının fəaliyyət şərtlərini sərtləşdirirlər.Görünür ki, ictimai təşkilatları bağlamaq, onları nəzarətdə saxlamaqdan daha asan gəlir onlara.Yəqin ki, bizim ‘’Dünya Azərbaycanlıları İttifaqı’’ da belə siyasi gedişlərin qurbanı oldu. ‘’DAİ’’ nin maraqlarını qorumaq üçün biz Rusiyanın ən tanınmış vəkillərindən birini tutduq. Amma, bu bizə kömək etmədi və RF Ali Məhkəməsi bütün tutarlı arqumentlərimizi rədd edərək 1 dekabr 2016 cı ildə İttifaqımızı Rusiyada bağladı. Vəkilimiz öz ‘’etibarlı mənbə’’lərinə istinad edərək məlumat verdi ki, ‘’milli diaspor təşkilatlarının bağlanmasına dair yuxarıdan göstəriş verilib’’. O zaman biz də ’’Dünya Azərbaycanlıları İttifaqı’’ nı İtaliyada yenidən qeydiyyatdan keçirməyə qərar verdik.
Bundan başqa ‘’İctimai təşkilatlar haqqında’’ qanun 1994 cü ildə qəbul edilib.Sonra isə həmin qanuna 16 dəfə dəyişiklik edilib.Bu günkü cari vəziyyət isə Rusiyada 23 il öncəki vəziyyətdən köklü surətdə fərqlənir. O zaman Rusiyada qeyri-kommersiya ictimai təşkilatlarına böyük sərbəstlik verilmişdi, ancaq bu gün belə təşkilatlara olan tələbləri xeyli ağırlaşdırıblar. Bir tərəfdən rus hakimiyyətini anlamaq olar.Ölkə Qərblə ciddi qarşıdurma şəraitindədir, bəzi ekspertlər isə RF hökumətinin sosial-siyasi siyasətinə qarşı kütləvi etiraz aksiyalarının olacağı ilə qorxudurlar.Amma, hər bir halda ‘’Ümumrusiya Azərbaycanlıları İttifaqının’’(ÜAK) ləğv olunmasına imkan vermək olmaz. Bu təşkilat eyni zamanda həm Rusiya-Azərbaycan dostluğunun həm də Rusiyadakı diasporumuzun birliyinin rəmzidir.Bu gün ÜAK -ın qorunub saxlanması istənilən digər ictimai diaspor təşkilatımızdan daha vacibdir.Buna görə də nə olursa olsun, hansı qanuni üsullarla olursa olsun, ‘’Ümumrusiya Azərbaycanlıları İttifaqının’’ saxlanmasına nail olmalıyıq.Çox üzücüdür ki, bu gün Rusiya hakim dairələri o təşkilatı bağlamaq istəyirlər ki, həmin təşkilat diasporun öz təşəbbüsü nəticəsində yox, Rusiya və Azərbaycan prezidentlərinin razılığına əsasən yaranıb. 2001-ci ilin martında ‘’ÜAK’’ Azərbaycan xalqının ümummilli lideri və prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü ilə təsis edildi, bu təşkilatın təsis konfransında isə Rusiya Prezidenti Vladimir Putin özü iştirak etdi.  Və bütün bu 16 il ərzində ‘’ÜAK’’ -ın bütün qurultaylarına bu ictimai təşkilatın işini yüksək qiymətləndirən hər iki ölkə prezidentlərinin salamlama məktubları göndərilib. O zaman aydın deyil ki, ‘’ÜAK’’ kimi samballı təşkilat gözlənilmədən RF Ədliyyə Nazirliyinin gözündən niyə düşdü? Rusiya hər bir azərbaycanlı üçün sevimli super dövlət və qardaş ölkədir.Rusiyada yaşayan və işləyən həmvətənlərimiz maksimum dərəcədə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə öz töhfələrini verməyə çalışır, Azərbaycan və Rusiya arasında ticarət-iqtisadi əlaqələrin genişlənməsinə kömək edirlər.Təbii ki, Rusiyadakı iki milyonluq Azərbaycan diasporunun rusiya qanunvericiliyi çərçivəsində həmvətənlərimizin hüquq və iqtisadi maraqlarını qoruyan öz ictimai təşkilatları olmalıdır.‘’Ümumrusiya Azərbaycanlıları Konqresi’’ məhz belə ictimai təşkilat idi.Həmvətənlərimizin Rusiyadakı ictimai təşkilatları ilə əlaqədar ortaya çıxan hazırkı problemlər göstərdi ki, Azərbaycan diasporu artıq Rusiya parlamentindəki nümayəndələri barədə düşünməlidir.Azərbaycan diasporu hakim ‘’Vahid Rusiya’’ partiyası və LDPR partiyası ilə danışıqlar aparmalı və RF Dövlət Dumasına növbəti seçkilərdə bu partiyalardan namizədlər irəli sürməlidir ki, Rusiya parlamentinin aşağı palatasında heç olmasa, 2 deputatımız olsun.Bu ölkədəki həmvətənlərimizin hüquq və maraqlarını ancaq bu qaydada effektiv qoruya bilərik. Bununla əlaqədar xatırlatmaq istəyirəm ki, Azərbaycan müstəqilliyini əldə etdiyi andan respublikamızın parlamentində 
 
– Milli Məclisdə rus icmasının bir daimi deputatı var. O zaman nə üçün bizim, Rusiyadakı iki milyonluq Azərbaycan diasporunun Rusiya parlamentində bir dənə də deputatı yoxdur? .  
 
‘’ÜAK’’ -ın bağlanması ehtimalı barədə xəbəri oxuyanda bununla əlaqədar tanınmış rus politoloqu və jurnalisti Maksim Şevçenkonun fikirlərinə rast gəldim.Maksim Leonardoviçə böyük hörmətlə yanaşıram, çünki, hər zaman Ermənistan-Azərbaycan konfliktində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir və xalqımıza böyük hörmətlə yanaşır.Ancaq, onun ‘’Rusiya və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin hazırki yüksək səviyyəsini nəzərə alsaq, ‘’ÜAK’’- ın qeydiyyatı ilə bağlı məsələ 2 saniyə ərzində həll edilə bilər’’ fikri ilə qətiyyən razı deyiləm.‘’Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu RF də çox sevirlər və onun rus hakim dairələrinin yüksək eşalonlarında geniş əlaqələri var. Heydər Əliyev Fondunun vitse-prezidenti və Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Moskvada çox vaxt keçirir və bütünlükdə azərbaycanlılar Rusiyada ölkənin ictimai, iqtisadi, mədəni həyatında çox mühüm rol oynayırlar. Bütün bunlar ehtimal etməyə əsas verir ki, ÜAK -ın qeydiyyatı ilə bağlı məsələ daha çox Bakıdan asılıdır, nəinki Moskvadan.Əgər Bakı istəsə ki, ÜAK -ın qeydiyyatını ləğv etməsinlər, belə də olacaq. Əksinə, istəsə ki, bu təşkilat problemlərlə üzləşsin, bu belə də olacaq’’, – hörmətli rus ekspert Maksim Şevçenko hesab edir.Müasir demokratik prinsiplərlə düşünməyə alışmış və Avropanın yüksək inkişaf etmiş ölkələrindən birində yaşayan və öz biznesini idarə edən bir insan kimi cənab Şevçenkonun belə dəyərləndirməsi ilə razılaşa bilmərəm. Mən əminəm ki, ‘’Ümumrusiya Azərbaycanlıları Konqresi’’ -nin taleyi Rusiya və Azərbaycan liderlərinin avtoriteti hesabına yox, Azərbaycan diasporunun özü tərəfindən rusiya qanunvericiliyi çərçivəsində həll olunmalıdır. Və qərar qəbul edərkən həm Ədliyyə Nazirliyi, həm də Ali Məhkəmə üçün başlıca meyar qanun olmalıdır, hansısa ‘’yuxarıdan göstəriş’’ yox. ‘’ÜAK’’ ın taleyini ölkə daxilində ictimai-siyasi vəziyyətə və bütün dünyadakı geosiyasi şəraitə görə tez-tez dəyişən ‘’anlayışlara’’ görə həll etmək olmaz. Rusiyada Azərbaycan diasporunun ictimai təşkilatlarının təhlükəsiz mövcud olmasının və həmvətənlərimizin biznesinin çiçəklənməsinin əsas zəmanəti yalnız səlis işləyən qanunlar olmalıdır.Belə məsələlər yalnız hüquqi müstəvidə öz həllini tapmalıdır.Əks halda milliyətindən və dinindən asılı olmayaraq bizim hamımız bir gün özümüzü qaydasız döyüş meydanında görə bilərik.Azərbaycan Diasporla iş üzrə Dövlət Komitəsinə gəldikdə deyim ki, bu qurum öz vəzifələrinin öhdəsindən kifayət qədər uğurla gəlir. Bəzilərinin etmək istədiyi kimi Komitəni dağıtmaq yox, əksinə, səlahiyyətlərini genişləndirmək lazımdır. Hətta təklif edərdim ki, bu Komitəyə funksiya verilsin ki, həmvətənlərimiz olan iş adamlarına öz bizneslərini digər ölkələrdən vətənə – Azərbaycana köçürmələrinə, eyni zamanda digər ölkələrdə yaşayan və işləyən azərbaycanlı zəngin iş adamlarına öz sərmayələrini doğma respublikanın iqtisadiyyatına qoymalarına kömək etsin. Söhbət iş adamları olan həmvətənlərimizi qorxuda bilən qaytarılmayan sərmayələrdən getmir, gəlirli kommersiya layihələrindən gedir. Diasporla iş üzrə Dövlət Komitəsi eyni zamanda bu investisiya layihələri üzrə məsləhətçi və yatırılan sərmayələrin qorunmasında qarant qismində də çıxış edə bilər. O zaman iş adamları olan həmvətənlərimiz Azərbaycan iqtisadiyyatına fəal investisiya qoyuluşlarına başlayardılar.
 
– Fizuli müəllim! Bir halda ki, söhbət investisiyalardan düşdü, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin və digər cəbhəboyu Azərbaycan rayonlarının bərpasına ayırmağa qərar verdiyiniz 3 milyon manatın taleyi necə oldu?
 
– Mən konkret layihələrə pul qoyuram, çünki mənim üçün nəticə önəmlidir. Görünən və hiss edilən işlərə pul ayırmağı sevirəm ki, daha sonra şəxsən nəyi tikdiyimi və pullarımın hara sərf olunduğunu insanlara göstərim. Mən bu prinsiplə işləməyi sevirəm: ‘’baxın bunu tikdim, bunu tikirəm, bunu isə layihələndirirəm’’. İstənilən effektiv biznes belə işləməlidir. Cocuq Mərcanlıda və erməni işğalından azad olunmuş digər Azərbaycan ərazilərində hər şeydən öncə sosial əhəmiyyətli obyektlər: məktəblər, xəstəxanalar, körpülər və s.tikmək istəyirəm. İlk növbədə Avropa səviyyəli belə bir obyekti tikmək, sonra isə həmvətənlərimiz olan iş adamlarına göstərmək istəyirəm ki: budur mənim doğma Azərbaycan naminə real işlərim, siz də məndən nümunə götürün. Hətta bacarırsınızsa, məndən daha yaxşısını tikin.Onda hörmət əlaməti olaraq, hər kəsin gözü önündə onlara minnətdarlığımı bildirəcəyəm.Digər ölkələrdə yaşayan və işləyən iş adamları həmvətənlərimizdən ümumi fonda pul köçürmələrini xahiş etmək isə çox çətindir. Onların hər biri öz sərmayələrinin real nəticəsini və pullarının konkret hara getdiyini görmək istəyirlər.Elə buna görə də biz də 3 milyon manat sərmayəmizi Azərbaycanın göstərilən ərazilərində yuxarıdakı dediyim prinsiplə və bütün planlarımızı və fəaliyyətimizi Azərbaycan hakimiyyəti ilə razılaşdıraraq yatırmağı planlaşdırırıq. Bununla əlaqədar olaraq, 10 aprel ərəfəsində parlamentdə və Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə nəzərdə tutulan görüşlərim üçün Bakıya səfər etməyi planlaşdırıram. Biz müzakirə edəcəyik ki, investisiyanı konkret hara və necə qoymaq lazımdır ki, ondan maksimum fayda əldə edək.
 
– Fizuli müəllim! BMT nin təhsil, elm və mədəniyyət üzrə Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun namizədliyi irəli sürülüb.  Polad Bülbüloğlu UNESCO- nun Baş katibi olduqdan sonra Azərbaycanın Rusiyadakı səfiri postunda hansı keyfiyyətlərə malik insanı görmək istərdiniz?
 
– Düşünürəm ki, bütün namizədlər arasında Polad Bülbüloğlunun daha çox şansı var ki, UNESCO- nun Baş katibi olsun. Polad müəllim bu təşkilat üçün yad insan deyil. O 18 il ərzində (1988-2006) Azərbaycanın mədəniyyət naziri olub və UNESCO ilə respublikamız arasında əməkdaşlığın inkişafında fəal rol oynayıb. Bundan başqa, Polad Bülbüloğlu sənətşünaslıq üzrə doktordur və professor elmi adına sahibdir. O çox qabiliyyətli estrada müğənnisi, aktyor və bəstəkar kimi tanınır. 2006 cı ildən isə Rusiyada Azərbaycanın səfiri postunu tutur.Polad müəllim Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşması və möhkəmlənməsi üçün çox işlər görüb.Rusiya və Azərbaycan bir çox siyasi məsələlərdə və iqtisadiyyatın bir çox sahələrində strateji tərəfdaş olubsa, bunda səfir Polad Bülbüloğlunun böyük xidmətləri vardır. O diplomatiyada yüksək peşəkarlıq göstərib. Buna görə Polad müəllimə uğurla UNESCO- nun Baş katibi seçilməsini arzu edirəm.Polad müəllimin bu nüfuzlu beynəlxalq təşkilata rəhbər seçilməsi Azərbaycanın dünya miqyasında böyük zəfəri olacaq və ölkəmizin dünyadakı mövqeyini möhkəmləndirəcək.Polad Bülbüloğlu UNESCO- nun Baş katibi seçildikdən sonra Azərbaycanın Rusiyadakı gələcək səfiri haqqında sualınıza cavab olaraq deyim ki, biz bu postda Rusiyadakı həmvətənlərimiz arasında böyük hörmətə və nüfuza malik bir şəxsi görmək istərdik. Rusiyadakı azərbaycanlıların mütləq əksəriyyəti arzu edir ki, Azərbaycanın Rusiyadakı səfiri postuna Heydər Əliyev Fondunun vitse-prezidenti və bu Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva təyin olunsun. O çox ünsiyyətcil və mehriban insandır, Azərbaycan diasporunun problemlərini də gözəl bilir. Həm də Leyla xanım İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru və Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədridir.Bu gün daha çox gənc, enerjili və təşəbbüskar kadrları önə çəkmək lazımdır. Leyla Əliyeva isə AMOR -un sədri kimi azərbaycanlı gənclər arasında böyük dəstəyə malikdir. O, Azərbaycan diasporunun canlanması və birləşməsinə yeni impuls verməyə  qadirdir. Ona görə də əminəm ki, Leyla Əliyevanın Azərbaycanın Rusiyadakı səfiri postuna təyin olunması diasporumuzu birləşdirəcəkdir. Leyla xanım hər bir azərbaycanlını yarı sözdən anlayır və onlara kömək etməyə çalışır. Problemlərdən qaçmır, onları həll etməyə cəhd edir. Buna görə də əksər həmvətənlərimiz ona etibar edir və böyük hörmətlə yanaşırlar. Respublikamızın Rusiyada səfiri təyin olunacağı təqdirdə, Leyla xanm Azərbaycan diasporunun birləşdirilməsinin rəmzinə çevrilə bilər”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir