Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Mərkəzi icra orqanlarımızda rüşvətlə vəzifəyə təyin edilənlər – yüz faizli dəqiq fakt, Prezident…

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib ki, korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq:“Onu da bildirməliyəm ki, bu hallar təkcə yerli icra orqanlarında müşahidə edilmir, mərkəzi icra orqanlarında da belə hallar, belə siqnallar var və bu siqnallar araşdırılır. Verilən məlumata görə, bəzi mərkəzi icra orqanlarında, bəzi nazirliklərdə, – hələ bu siqnallar araşdırılır, – vəzifəyə təyin olunmaq üçün insanlardan bəzi hallarda rüşvət tələb edilir. Bu cinayətdir, bu bizim cəmiyyətimizin əsaslarını sarsıdan addımlardır, çirkin addımlardır. Pul verib vəzifəyə gələn adam ilk növbədə neyləyəcək? Çalışacaq ki, o pulun əvəzini çıxsın. Bunu haradan çıxaracaq? Ya haradansa dövlət malını oğurlayacaq, ya da ki, əgər imkanı olacaqsa, insanlardan pul tələb edəcək”.

Göründüyü kimi, Prezident korrupsiya ilə mübarizənin daha geniş spektrdə davam etdiriləcəyinin anonsunu verib. Prosesin davam etdirilməsi nələri vəd edir?

“Korrupsiyaya qarşı mübarizədə ciddi siyasi iradə ortaya qoyulub və bu məsələdə xalq hakimiyyətə birmənalı dəstəyini ifadə edir”

Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə Prezidenti hakimiyyətdə olduğu müddət ərzində daim ictimaiyyəti bu mövzularla bağlı məlumatlandırıb:“Ən əsası da məmurlara xəbərdarlıq edib ki, çirkin əməllərdən çəkinsinlər. Hətta bəzi məqamlarda “qudurğanlığa yol verməyin” də deyib. Bütün bunlarla bərabər dəfələrlə qeyd edib ki, məmur xalqın xidmətçisidir, xalqın malına göz dikməməlidir. Bunu ölkə başçısı dəfələrlə vurğulayıb. Eyni zamanda dövlət başçısı bir neçə dəfə ölkə vətəndaşlarına, vətəndaş cəmiyyətinə müraciət edib ki, məmur özbaşınalıqlarını ifşa etmək üçün fəal olsunlar. Şəffaflığın artırılması üçün vətəndaş cəmiyyətinin, ictimai nəzarətin rolu danılmazdır. Biz də daima ölkə Prezidentinin bu çağrışlarına dəstək olmuşuq. 4-5 il bundan əvvəl mən çıxışımda bu məqamlara toxunmuşam və demişəm ki, ölkə başçısının islahatlarına sabotaj edənlər var. Biz hətta dövlət qurumları ilə birlikdə belə halların araşdırılması üçün monitorinq qrupu da də yaratdıq. Həmin komissiya bu günə qədər də öz fəaliyyətini davam etdirir. Vəzifə tutan şəxslər bilməlidir ki, artıq başqa yol yoxdur. Korrupsiyaya qarşı mübarizədə ciddi siyasi iradə ortaya qoyulub və bu məsələdə xalq hakimiyyətə birmənalı dəstəyini ifadə edir. Artıq bütün dünyaya da nümayiş olunur ki, biz belə neqativ hallarla barışmayacayıq. Ölkə başçısı yeni təyin olunan Baş prokuroru videokonfrans formatında qəbul edərkən bir daha bildirdi ki, belə hallarla ciddi və aramsız mübarizə aparılacaq. Qısa müddət ərzində 4 icra başçısı həbs edilib, əlavə məsuliyyətə cəlb edilənlər də var. Məmurlar bilsinlər ki, mübarizə davam edəcək. Yeni Baş prokurorun qarşısında da bu istiqamət prioritet kimi qoyulub. Biz əminink ki, rüşvətsiz və korrupsiyasız cəmiyyətin qurulmasına nail olacağıq. Bu işdə hər bir vətəndaş öz üzərinə düşəni etməlidir. Fürsətdən istifadə edib, ölkə başçısına öz münnətdarlığımızı bildiririk. Əlimizdən gələn dəstəyi verəcəyik”.

 Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …