Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dürüstlük ən başlıca meyarıdır…” – Sabir Rüstəmxanlı 74 yaşında

Təbiətin ən gözəl çağında dünyaya gəlib

Dostluqda sədaqətli, yoldaşlıqda nəzakətlidir. Əliaçıq olduğundan dost məclislərində səxavət göstərməkdən zövq alır, zərrəcə təlaş hissi keçirmir. Sabit xarakterə malikdir, zamanın çətinlikləri iradəsini sındıra bilmir. Hadisələrə qarşı soyuqqanlı və səbrlidir, ani reaksiya verməyə tələsmir. Riskdən uzaq olan bu adam adətən hər problemi öz axarında həll etməyə çalışır. Dürüstlük ən başlıca meyarıdır…

Dəniz səviyyəsindən 1800 metr yüksəklidə, ucqar bir dağ kəndində, çoxuşaqlı bir ailədə dünyaya gəlib. Həmyaşıdlarından istedad və bacarığı ilə fərqləndiyindən təhsil həyatında böyük rol oynayıb. Onu adi kənd uşağından mükəmməl siyasətçi səviyyəsinədək yüksəldə bilib. Partiya sədri, deputat, Xalq şairidir…

…Ömür-gün yoldaşı Tənzilə xanım ölkəmizin tanınan fəal ictimai simalarından biridir. Dörd övladı var- iki oğlan, iki qız…

Çox məsuldar çalışır. Ölkə əhəmiyyətli səmərəli işlərlə məşğuldur. Yaradıcılığında olduğu kimi siyasi aləmdə də xeyli uğurlara imza atıb. Sanki anadan siyasət üçün doğulub. Artıq beşinci dəfədir ki, ölkənin qanunverici orqanında təmsil olunur…

Dadlı yeməkləri xoşlayır. Şiriniyyata meyillidir. Öz həyətində bağbanlıq etməkdən yorulmur. Dünyanı gəzib dolaşsa da özünü ata-baba yurdunda olduğu qədər rahat hiss etmir. Musiqi dinləməkdən zövq alır. Uğurlu daşı opal, sevdiyi rənglər yasəməni, narıncı və yaşıldır. Ruhu ağ rəngdədir, səsi göyə çalır. Onurğa sütunu onu narahat edən ən zərif yeridir…

Gəncliyində fırtınalı bir həyat yaşasa da, yaşlandıqca rahatlığa, əmin-amanlığa can atır. Əqidəsinə sədaqətlidir. Və bu sədaqət onu daha əzəmətli göstərir. Parlaq zəkalı, iti zehinli, müdrik, təbiətcə zəngin aydınlarımızdandır. Məntiqli danışmağı xoşlayır, mükəmməl natiqdir…

Gözəl olan nə varsa əhvalına müsbət təsir bağışlayır. Çoxlarından fərqli olaraq həyatı olduğu rəngdə görə bilir, realistdir. Bütün ömrü boyu haqq-ədalətin, tapdanmış hüquqların bərpası uğrunda çalışıb, kəskin qarşıdurmalara son qoymağa səy göstərib. Təsadüfü deyil ki, rəhbərlik etdiyi partiyanın adı da bu amalları özündə əks etdirir- “Vətəndaş Həmrəyliyi Partiyası”…

Haqqında söhbət açdığım Sabir Rüstəmxanlı hələ gənclik yaşlarından yüksək istedadı və əməksevərliyi ilə insanların diqqətini cəlb edib. Mübarizliyi, yaradıcılığı, güclü yaddaşı, özünəinamı, dəqiqliyi, hədsiz təmkini ona xalqın məhəbbətini qazandırıb…

O, harada olursa olsun çıxış edərkən və ya dinləyərkən siz onun daxildən gələn hisslərlə davrandığının şahidi ola bilərsiniz. Bu insan bütün hallarada özündə səmimiyyəti qoruyub yaşada bilir. Cılız hisslər onun həndəvərində ya birləşib tam olur, ya da ki, mənasız bir nəsnəyə çevrilir. Məntiqə, dürüstlüyə söykənən hər nə varsa onun yanında daha da əhəmiyyətli və parlaq görünür…

Mayın 20-sində, təbiətin ən gözəl çağında dünyaya gəlib. Bu gözəllik onun taleyinə, ömür yoluna, varlığına hoparaq təbii, orjinal bir rəngə çevrilib- Sabir Rüstəmxanlı adlı bir rəngə…

Bəli, illər ötəcək, nəsillər dəyişəcək, əlahəzrət zaman çox insanları keçmişdə saxlayıb unutdurmağa çalışacaq. Amma Sabir Rüstəmxanlı imzası əbədi yaşayacaq…
74 yaşın mübarək, ELOĞLU!

Elman Eldaroğlu

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …