Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 28 may Cümhuriyyət günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir.
Hörmətli həmvətənlərim!
28 May- Cümhuriyyət günü münasibətilə hamınızı təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram.
Ötən əsrin əvvəllərində, 1918-ci ilin mayın 28-də böyük öndər Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının, dövrün tanınmış siyasətçiləri və ziyalılarının fədakarlıqları nəticəsində Azərbaycanda ilk demokratik dövlət yaradıldı. Bu dövlət cəmi 2 il yaşasa da, ölkəmizin və xalqımızın tarixində çox böyük iz qoydu, dövlət və ordu quruculuğu, iqtisadiyyat, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı istiqamətində mühüm işlər gördü. Ən əsası isə, M.Ə.Rəsulzadənin təbirincə desək, xalqa azacıq da olsa azadlıq hissi dadızdırıldı. 70 illik bolşevik istilası dövrünün qanlı repressiyaları da az da olsa istiqlal dadmış Azərbaycan xalqının qəlbindən azadlıq sevgisini silib ata bilmədi. 20-ci əsrin sonlarında Azərbaycan xalqı öz ikinci istiqlal mücadiləsinə başlayanda da, məhz bu ideyalarla silahlandı, başı üzərində bu dövlətin atributlarını dalğalandırdı.Xalqımız əsrin sonunda başlayan müstəqillik savaşına da məhz bu ideyalarla atıldı və qalib gəldi. Bu gün Azərbaycan müstəqil dövlət olaraq Xalq Cumhuriyyətindən bizə miras qalan müqəddəs bayrağı qürurla dalğalandırır. Azərbaycan xalqı haqqı olan istiqlalıa qovuşub. Ən sərt istilalar altında belə öz istiqlalını bərpa edən xalqımız bir gün mütləq Bütöv tarixi ərazilərində də dövlətini quracaq!
Hörmətli həmvətənlər!
Bir daha bu bayram münasibətilə Sizləri təbrik edirəm! Tanrı Azərbaycanı qorusun!