Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, karbamid zavodunun direktoru Xəyal Cəfərov və “Samsung Engineering” şirkəti tərəfdən layihənin rəhbəri Hansu Kim dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər.
Qeyd edək ki, karbamid zavodu layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilir. Bu zavodun təməli 2011-ci ilin dekabrında dövlətimizin başçısı tərəfindən qoyulub. Karbamid zavodunun tikintisi ilə əlaqədar 2011-ci ildə beynəlxalq açıq tender elan edilib və tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering Co. Ltd.” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə lisenziyaları qismində müvafiq olaraq Danimarkanın və Niderlandın şirkətləri çıxış edir. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə beynəlxalq açıq tender vasitəsilə seçilmiş Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb.
Dövlətimizin başçısına Sumqayıt sənaye zonasının perspektiv inkişafı ilə əlaqədar qaz təchizatı sisteminin yaradılması haqqında da məlumat verildi.
Sonra Prezident İlham Əliyev ayrı-ayrı inşaat sahələrini gəzdi, görülən işlərlə yaxından tanış oldu.
Zavodun tikintisinin bu ilin sonunda yekunlaşması nəzərdə tutulur. Ümumilikdə müəssisənin istismara verilməsi isə gələn ilə planlaşdırılır. Ümumi ərazisi 40 hektara yaxın olan zavod ammonyak, karbamid istehsalı və karbamidin qranulyasiyası sahələrindən ibarət olacaq. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qazdan istifadə ediləcək. İstehsal üçün illik qaz sərfiyyatının gündəlik 1,32 milyon kubmetr, ümumilikdə isə 435 milyon kubmetr olması gözlənilir. Zavod gündəlik 1200 ton ammonyak və 2000 ton karbamid istehsal edəcək. Layihənin icra edilməsi iqtisadiyyatın əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək. Zavodda il ərzində təxminən 650-660 min ton karbamid istehsal ediləcək ki, bu da daxili tələbatı tam ödəyəcək. Bununla yanaşı, məhsulun dəmir yolu ilə Türkiyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixracı nəzərdə tutulur. Layihənin “Samsung Engineering” şirkətinin iş həcminə daxil olan hissəsinin təxminən 95 faizi icra edilib. Əsaslı layihələndirmə, mühəndislik və satınalma işləri 100 faiz tamamlanıb, tikinti işlərinin isə təxminən 82 faizi icra edilib. Zavodun qaz, elektrik enerjisi, texniki və içməli su təchizatı, kanalizasiya sistemi, həmçinin telekommunikasiya xətlərinin quraşdırılması, inzibati və digər binaların, o cümlədən emalatxana və anbarların inşası, dəmir yolu və avtomobil yollarının tikintisi üzrə də işlər gedir. Layihənin icrasında təxminən 3200 nəfər çalışır ki, onların da 3100-ü Azərbaycan vətəndaşıdır. Zavod işə düşəndən sonra burada 350-400 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri təxminən 750 milyon avro təşkil edir.
Belə müəssisənin yaradılması, ilk növbədə, Azərbaycan iqtisadiyyatını daha da möhkəmləndirir, ölkəmizin ixrac qabiliyyətini artırır, qeyri-neft sektorunun inkişafına təkan verir. Bundan başqa, bu cür layihələrin icrası həm də yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.
Zavodda tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.