Kaya Kuzucu: “Harada bir türk yaşayırsa, mən onlarla birlikdəyəm”
Məşhur türk ozanı, musiqişünas, milliyyətçi Kaya Kuzucu bu günlərdə Bakıya qonaq gəlib. Səfərinin məqsədi isə R.Behbudov adına teatrda keçiriləcək “Bir bədən iki can, Türkiyə-Azərbaycan Xəzər Şöləni” adlı konsert ilə bağlı idi. Konsertdən əvvəl, məşq öncəsi fürsət tapıb sənətçi ilə görüşüb, söhbətləşdik. Konsertin başlamasına az müddət qalmasına baxmayaraq K.Kuzucu suallarımızı məmnuniyyətlə cavablandırdı:
– Kaya bəy, bir qədər özünüz haqqında məlumat verərdiz…
– Mən Kaya Kuzucu, Malatyada dünyaya gəlişəm. Ankara Universitetinin ilahiyyat fakültəsinin İslam fəlsəfəsi bölümünü bitirmişəm. Musiqi sahəsində isə dini və mistik musiqi üzrə magistraturanı bitirmişəm və doktorluq üzrə “Aşıqlıq və ozanlıq aləmində dini və əxlaqi motivlər” mövzusunu müdafiə etmişəm. 10 il müəllimlik etdim və daha sonra şəxsi, “Motiv və musiqi sənət və kültür” adlı şirkətimi yaratdım. Orada gənclərimizə, uşaqlara ana saz olan, bağlamanın sirlərini öyrətməyə başladıq və bu fəaliyyətimiz hazırda da davam edir. Bu gün isə çox sevdiyimiz, öz vətənimiz olan Odlar diyarına gəldik.
– Neçənci dəfədir ki, Bakıya gəlirsiz?
– Bu, beşinci dəfədir. İlk dəfə olaraq 2005-ci ildə, daha sonra isə 2006, 2008 və 2009-cu illərdə və son olaraq indi gəlmişəm.
– Həmin vaxtlarda da konsert üçün gəlmişdiz?
– Bəli…
– İlk konsertinizlə bağlı təəssüratlarınız necə oldu?
– Həmişə deyərlər ki, “biz iki dövlət, bir millətik”, mən bu ifadəni daha da uzadıram, biz bir millət, 43 türk topluluğu olan dövlətik. Harada bir türk yaşayırsa, mən onlarla birlikdəyəm. İfa edib söylədiklərimiz, acılarımız, kədərlərimiz bir olunca yaşadığımız hər şey gözəl olur. Məni ilk konsertdə çox gözəl qarşılamışdılar. Daha sonra da təkrar-təkrar bura gəldim…
– Bəs bu müddətdə azərbaycanlı aşıqları, ozanları ilə tanış oldunuzmu, bəyəndikləriniz varmı?
– Belə deyim, fərdi olaraq isimləri deyə bilməyəcəm. Ancaq onu deyə bilərəm ki, keçmişdəkilər, Füzuli, Heydərbaba və digərləri bizim mehmandarımız, işıqdarlarımız olub. Daha sonra onların izlərini təqib edən aşıqlarımızla da zaman-zaman tanışdıq, Türkiyədə də onlarla bir yerdə olduq. Necə ki, Azərbaycanda aşıq məktəbləri var, Türkiyədə də belədir. Məsələn, Kars, İğdır, Ərzurum, bunlar bir məktəbdir, İç Anadoluda Sivas, Malatya isə başqa bir məktəbdir, Çukurova isə Türk Dünyasındakı aşıqlar məktəbinin başqa bir məktəbidir, daha doğrusu qaynağımızdır. Buna görə də bizim üçün bu bölgə çox önəmlidir. Çukurova Türk Dünyasının folkloru daxilindəki aşıqlıq və ozanlıq mədəniyyətini yaşadan və davam etdirən diyarlarımızdan birisidir. Azərbaycanlı şairlərdən isə Rüstəm Behrudinin şeirlərini çox bəyənirəm.
– Bəs ozan olaraq kimi bəyənirsiz?
– Əvvəlcə ayırd edək ki, ozan və aşıq nə deməkdir. Əslində bunlar ayrı deyil. Oğuzlarda ozan adlanıb. Türklər İslamı qəbul etdikdən sonra ozanların adı aşiq olub. Mahiyyət etibarı ilə əslində eynidir. Bizlərdə “ozan, aşiq” deyərlər, Qırğızıstanda onun adı “akın”dır, Kazaxıstanda və Türmənistanda “baksı” və ya “kam”, bir az daha quzeyə getdikdə adı “şaman” olur. Bunun üçün bunların hamısını bir bütün hesab etmək lazımdır.
– Bildiyimiz qədər bu il “Türk Dünyasının ən yaxşı sənətçisi” mükafatı sizə verildi.
– Bəli, sağ olsunlar, məni buna layiq gördülər. Amma əvvəldə də qeyd etdiyim kimi, mən öz ömrümü Türk Dünyası mədəniyyətinin genlərini araşdırmağa sərf edən birisiyəm. Bütün türk topluluqlarına getdim. Onların yaşam tərzləri ilə yaxından tanış oldum, onlarla birgə yaşadıq, sevinclərimizi bölüşdük, toylarına qatıldım, konsertlər verdim və onların ifa etdikləri musiqiləri bir körpü kimi alıb Anadoluya götürdüm, oradakı sənətçi dostlarımı Türkiyəyə dəvət etdim, birlikdə konsertlər təşkil etdik. Yəni, belə bir yaşayış tərzimiz var. Mən istəyirəm ki, bütün bu musiqi mədəniyyətimiz itib-batmasın, bizdən sonrakı nəsillərə qalsın. Çünki bir milləti millət edən dəyərləri, mədəniyyətidir. Bunları itirsək, millət olmaqdan çıxarıq.
– Bir az öncə qeyd etdiniz ki, türk toplumlarının toylarında iştirak etmisiz. Maraq lıdır, Azərbaycan toyunda da olmusuzmu?
– Azərbaycanda deyil, Borçalıstanda toyda oldum.
– Yəni Borçalıda…
– Bəli, Borçalıda… Biz ona Borçalıstan deyərik. Çünki keçmişdə orda Borçalıstan deyə dövlətimiz var idi. Beləliklə, orda toyda oldum, bir qədər çalıb-söylədim.
– Bəs o toy xatirənizdə necə qaldı?
– Maraqlıdır, o toyda yarışlar, güləş oyunları keçirildi, atla yarışdılar, ox atdılar. Birlikdə mahnılar oxuduq. Orada adını indi xatırlamadığım kiçik bir uşaq var idi. Çox gözəl saz çaldı, Atatürkə mahnı oxudu. O balaca uşağı heç unutmuram. Çox kiçik olmağına baxmayaraq çox gözəl oxuyurdu. Hətta mən onu videoya çəkib Türkiyədə Bengü TV-də yayımlanan “Türklərin dünyasından” adlı sənədli filmdə nümayiş etdirdim.
– Yəqin ki, həmin toyda yeməklərimizdən də daddız…
– Əlbəttə… Bu, başqa bir dəyərimizdir, zatən, xingal, kabab, şorbalar və sair… Xingala bizdə mantı deyərlər. Biz o yeməkləri çox iştahla yedik. Bütün bu yeməklərinin hamısının memarı türk anasıdır. O, bu yeməklərə sevgi qatdığında dünyada ən ləziz yeməyi olur.
– Hazırki Türk Dünyasını necə görürsüz?
– Belə bir ifadə var, “hər kəsin bir hesabı var, Allahın da öz hesabı var”. Türklərdən kənarda olanlar bir çox planlar hazırlayır, işlər görürlər. Zaman-zaman türk millətinə əziyyətlər edir, haqlarını əllərindən alırlar, məsələn Qarabağda olduğu kimi. Halbuki biz onlara qucaq açıb, bağrımıza basmışdıq, süfrəmizdə yemək vermişdik. Biz belələrinə nankor deyirik. Amma Türk Dünyasında həmişə geri dönmə var. Bu, tarixin müxtəlif zamanlarında olub. Hazırda da əziyyət görən, sürgün edilən, öz ana dilində dərs ala bilməyən türk toplumlarımız var. Mən buna inanıram ki, mütləq bir gün gələcək, türk toplumları sənət, mədəniyyət aləmində birləşəcəklər. Yeni yetişən gəncliklə, sosial media və digər vasitələr ilə bir-birimizlə əlaqə saxlayır və bir-birimizdən xəbərdar oluruq. İnanıram ki, gələcəkdə ümumi türk toplumlarının böyük orkestrini qura biləcəm. Orkestrə hər türk ölkəsindən 10 sənətçi daxil edəcəm. Beləliklə də 400 yüz türk sənətçinin iştirak ilə türk dünyası musiqisini təqdim edə biləcəyimə ümid edirəm.
– Mahnılarınızda İslami dəyərlər də yer alıb. Ümumiyyətlə, İslamiyyət türk musiqisinə necə təsir edə bilib?
– Mən buna ümumi olaraq baxıram. Türk toplumları içərisində müsəlman, xristian da, digər dinlərdən olanlar da var. Bunun n nəticəsində fərqli düşüncələr ola bilər. Amma burda əsas odur ki, tək olaraq Allaha inanaq. Türk millətinin belə bir xüsusiyyəti var, nəyə inanırsa, ona qəlbdən bağlanır. Buna davam etdiyi müddətdə hər şeydə bacarıqlı olur. Lakin inancını itirəndə artıq bacarıqsız olmağa başlayır. Hər bir türk öz inancını yaşatmalıdır. Onun nəyə inandığına müdaxilə olunmamalıdır. Qətiyyən onların mədəni dəyərlərini pozmaq olmaz. Bizim bir çox ortaq dəyərlərimiz, acılarımız, sevinclərimiz var. Dünyada heç bir millətin sahib ola bilməyəcəyi dəyərlərə malikik. Məsələn, türk dünyasında 200 çeşiddə saz var, bir-birinin eynisi olmamaq şərti ilə. Halbuki ən böyük mədəniyyətə malik millətin sazını toplasaq, sayı 15-dən çox etməz. Amma qeyd etdiyim kimi, bizdə 200 çeşiddə saz var. Bu bizim böyük bir millət olduğumuzun sübutu, dəlilidir. Bunları qorumaq lazımdır.
– Azərbaycan sazında ifa etmisizmi?
– Bəli. Mizrablı, telli sazların hamısını ifa edə bilirəm.
– Fərqlilik nədədir?
– Azərbaycan sazı öz səsi, rəngi, pərdə aralıqları, akkordları ilə fərqlənir.
– Bəs Azərbaycan havalarını ifa edirsiz?
– Əlbəttə… “Atüstü”, “Narıncı”havalarını, muğamları bilirəm.
– Biz sizi həm də Milliyətçi Hərəkat Partiyasının marşını yazan ozan kimi tanıyırıq. Bu partiya ilə nə zamandan münasibətləriniz var, partiyanın üzvüsüzmü?
– Uşaqlıqdan MHP-çiyəm (gülür). Mənim siyasi partiya ilə əlaqəm başqa bir anlamdır, sənətim isə başqadır. Mən Amerikada “bluz” sənətçisi ilə də bir yerdə ifa etdim, oxudum. Amma nə o məndən, nə də mən ondan soruşmadım ki, hansı siyasətə qulluq edirik. Başqa türk toplumlarına gedən də belədir, heç bir sənətçi bir-birindən siyasət barəsində sorğu-sual etməz. Siyasət başqa, sənət başqa aləmdir.
– Ümumiyyətlə, sənətçi siyasətçi olmalıdırmı?
– Siyasətçi ilə politoloq arasında fərq var. Beləliklə sənətçi politoloq deyil, siyasətçi olmalıdır. Sənətçi siyasətçi ola bilər. Mən öz dünya görüşümü, düşüncəmi sənətimlə göstərirəm.
– Azərbaycan siyasətini izləyirsizmi?
– İstər-istəməz mütləq dünya siyasətini, olub-baş verənləri izləyirik. Ümumiyyətlə, hər bir ölkə gərək özü öz problemlərini həll etsin. Başqa bir ölkənin müdaxilə etməsi doğru deyil. Mən daha çox diqqət edərəm ki, bu ölkə Türk Dünyasına nələr verir, yeri nədir? Azərbaycan Türk Dünyası üçün çox önəmli və böyük şəxsiyyətlər yetişdirən bir ölkədir. Məsələn, mən uşaqlığımda Zeynəb Xanlarovanı çox dinləyərdim. Hətta onun oxuduğu mahnılara qulaq asdığımıza görə bizi suçlayırdılar. Çünki o zamanlar aradakı divarlar yıxılmamışdı və biz deyirdik ki, orada əsir, azad olmayan olan türk toplumları var. “Bir gün oradakı türklər də azad olsun” deyə nümayişlər edər, mahnılar oxuyardıq. Həmçinin M.Ə.Rəsulzadənin gördüyü işlər, fəaliyyəti haqqında maraqlanar, oxuyardıq. Ə.Cavadı oxuyardıq, “Çırpınırdın Qara Dəniz” mahnısını dinləyərdik.
– Sonda Azərbaycana olan arzularınızı eşitmək istərdik.
– Allahdan duamız bu bayraqlarımız zirvələrdən enməsin. Tanrı türk millətini vətənsiz buraxmasın. Qardaşlığımızın arasına heç kimsə girməsin, şərtlər nə olursa olsun, qardaşlığımız heç bir zaman pozulmasın. Çünki başqa bir kimsəmiz yoxdur…”
Müsahibəmizin sonunda sənətçi məhz “Yeni Müsavat” üçün məşhur “Ayrılıq”, “Küçələrə su səpmişəm” mahnılarını ifa etdi. Həmin ifaları müsavat.com saytından izləyə bilərsiz.
Xalidə Gəray,
Musavat.com,
Fotolar müəllifindir.