Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Erməni katolikosu Türkiyənin hansı ərazilərini İSTƏYİRDİ?

Erməni hiyləgərliyi, yaramazlığı, yaltaqlığı, fitnəkarlığı, vəhşiliyi, qaniçənliyi, əxlaqsızlığı və s. və i. haqqnda çox yazılıb.

Başqa sözlə, bəşəriyyətə xas ən pis, iyrənc xüsusiyyətlərin sanki hamısı erməni adlanan bu toplumda cəmlənmişdir. Ermənilərin ən səciyyəvi xüsusiyyətlərindən biri də onların çığırqanlığı, qışqırmaq, bağırmaq, yalandan hay-küy salmaq ustası olmalarıdır.

Bu barədə də mənbələrdə kifayət qədər fakt mövcuddur. Məsələn, V.L.Velçko yazır:

“”Bağırmaq” sözü ermənilər üçün olduqca səciyyəvidir: ermənilər məhz hər cür bəhanə tapıb bağırmağa bir candırlar. Onları yad evə buraxmırlarsa, onların hər hansı bir fitnəsinin, hiyləsinin üstünü açırlarsa, yaxud da aralarında xırda əşya oğrularını məhkəməyə verirlərsə, ermənilər nəinki bağırırlar, həm də başqa xalqdan olan adamları, axmaq ya da satqın adamları hay-küy qaldırmağa məcbur edirlər” (V.L.Veliçko, Kavkaz, SPB, 1904, səh 72).

Həm də maraqlıdır ki, ayrı-ayrı erməni insanında müşahidə olunan bu naqis cəhətlər fərdlərin keyfiyyətləri olaraq qalmır, bütün erməni xalqının, bütün erməni kilsəsinin və din xadimlərinin, erməni ziyalılarının və nəhayət, bütün dövrlərdə erməni dövlətinin və dövlət başçılarının səciyyəvi xüsusiyyətləri, kilsə və dövlət siyasətlərinin tərkib hissəsi kimi çıxış edir. Ermənilər (erməni fərdi, erməni xalqı, erməni kilsəsi, erməni ziyalısı və erməni dövləti) həmişə etdikləri hərəkəti başqasının adına vurub qara-qışqırıq salmağa, məsələn, özləri qanlı qırğınlar törədib, “ay aman, qoymayın, bizi qırdılar” deməyə, qonşu ölkələrin ərazilərinə təcavüz edib, təhlükəsizliklərinin təminatını tələb eləməyə, soyqırımları həyata keçirib, soyqırımına məruz qalmalarından ağızları köpüklənə-köpüklənə danışmağa öyrəncəlidirlər.

Ermənilərin bütün bu əməllərinin kökündə bir məqsəd – özlərinin məzlum,  yazıq, əzilən millət və dövlət olmalarına dünya ictimaiyyətini inandırıb, bədnam “dənizdən dənizə böyük Ermənistan” xülyalarının reallaşması üçün böyük dövlətlərdən dəstək və yardım almaq niyyəti durur. Altı əsrə yaxındır ki, ermənilər bu məqsədlərinə doğru addım-addım irəliləyirlər. Hər tarixi dövrdə, hər tarixi şəraitdə yenidən ortaya çıxaraq öz köhnə fleytalarında zəhlətökən köhnə mahnılarını təzədən çalmağa başlayırlar.

Belə “tarixi şəraitlərdən” biri də 1945-ci ildə yaranmışdı. Yəni İkinci Dünya müharibəsi yenicə başa çatmışdı və dünya böyük dövlətlər tərəfindən yenidən bölüşdürülürdü. Belə bir vaxtda ermənilər dərhal fəaliyyətə keçdilər. İlk olaraq Ermənistan K(b)P-nin katibi Qriqori Arutyunov 1945-ci ilin noyabrında RK(b)P MK-ya, şəxsən İ.V.Stalinə məktubla müraciət edib, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. Təbii  ki, o vaxtkı Azərbaycan rəhbəri M.C.Bağırovun qətiyyəti nəticəsində o zaman bu prosesin qarşısı alınır. Bu barədə yazılarımızda ətraflı bəhs etmişik. Lakin elə həmin vaxt ermənilər Türkiyə dövlətindən də torpaq qoparmaq təşəbbüsündə olurlar ki, bu barədə, demək olar ki, bəhs edilmir. Biz həmin sənədi – bütün ermənilərin ali patriarxı, katolikos VI Gevorqun üç böyük dövlətin başçısına – SSRİ XKS sədri İ.V.Stalinə, ABŞ Prezidenti N.S.Trumenə, Böyük Britaniyanın Baş naziri K.R.Ettliyə müraciətini də oxucuların diqqətinə çatdırmağı vacib bilirik.

Bu sənəd erməni katolikosunun dili ilə ermənilərin bütün iç üzünü açıb ortaya qoyur. Öncə etiraf olunur ki, erməni kilsəsi dini işlərlə yox, sırf siyasi məsələlərlə məşğul olan bir qurumdur və həmişə də erməni şovinizminin, erməni təcavüzkarlığının, erməni xəstəliyinin ideoloji mərkəzi, hərbi-siyasi qərargahı olmuşdur.

Bu müraciətdə erməni katolikosu yenə də “qədim erməni xalqından”, “qədim erməni mədəniyyətindən” danışır, bu xalqın “yazıq”, “məzlum”, “əzilmiş”, “hüquqları pozulmuş” portretini cızır, İkinci Dünya müharibəsindən qalib çıxmış üç böyük xristian dövlətin dini təəssübkeşlik hisslərini oyadıb, “xristian erməni xalqına” köməyə çağırır, onların qarşısında diz çökür, ilan dili çıxarır, mələyir, imdad diləyir, guya bu dəqiqə kömək etməsələr, tarixin bu “nadir”, “dinc”, “əməksevər”, “yaradıcı”, “Qırmızı kitaba düşən” xalqı – ermənilər ölüb-qurtaracaq, kökləri kəsiləcək. Köklərinin kəsilməməsi üçün isə onlara bir udum hava lazımdır. Bu bir udum hava isə nə olsa yaxşıdır – “Ermənistanın həyati əhəmiyyətli hissələri olan Qars, Ərdəhan, Sürməli”. Yəni, nə az nə çox, Türkiyənin şərq torpaqları.

Beləliklə, bir daha aydın olur ki, Türkiyəni uydurma “erməni soyqırımı”nda ittiham edən ermənilərin bu məkrli niyyətlərinin arxasında məhz Türkiyəyə torpaq iddiası durur.

“Bütün ermənilərin ali patriarxı, katolikos VI Gevorqun üç böyük dövlətin başçısına müraciəti

 SSRİ Xalq Komissarları Sovetinin sədri İ.V.Stalinə,

ABŞ Prezidenti H.S.Trumenə,

Böyük Britaniyanın Baş naziri K.R.Ettliyə

Yüzillər boyu erməni kilsəsinin başçıları, katolikos və patriarxları erməni xalqının ümid və əzablarının, xahiş və tələblərinin ifadəçisi olmuş, dövlətlər qarşısında erməni xalqını təmsil etmişlər.

Demokratik və azadlıqsevər Böyük Dövlətlərin -Sovet İttifaqının, Böyük Britaniyanın və Birləşmiş Ştatların şər və zorakılıq-faşizm və nasizm üzərində qələbə çaldığı, xalqların mövcudluq məsələsinin həll olunduğu bu tarixi məqamda Türkiyədən qovulmuş və bütün dünyanı sərgərdan dolaşan erməni xalqı öz coşmuş qanı ilə və tam haqla Böyük Dövlətlərin ədalət məhkəməsi qarşısında məsələ qaldırır.

Biz, bütün ermənilərin katolikosu VI Gevorq, xalqın müdafiəçisi olmaq ənənəmizə sadiq qalaraq bütün dünyaya səpələnmiş bədbəxt erməni xalqı barədə məsələni Sizə təqdim etməyi və onun ədalətli həllini xahiş eləməyi özümüzə müqəddəs borc bilirik. Xüsusən ona görə ki, bu məsələ ilə bağlı Biz dünyanın hər tərəfində yaşayan ermənilərdən çoxsaylı müraciətlər almışıq.

Qədim erməni xalqı yüzillər boyu Osmanlı dövlətinin zülmü altında heç bir hüququ olmayan qul kimi yaşamış, əzabkeş dözümlülüyü ilə hər cür məhrumiyyət, istismar və əziyyətlərə qatlaşmış, bununla belə, fanatik islam mühitində öz xristian dinini qorumuş, bu dinin sülhsevər ruhunda tərbiyə olunmuş, öz dilini saxlamış və xristian dövlətlərinin, sivilizasiyalarının ona gətirməli olduğu azadlığa inanmışdır. Lakin nə vaxt ki, bu ümid ermənilərlə eyni taleyi bölüşən balkan xalqları üçün tədricən gerçəkləşdi və onlar türk əsarətindən qurtardılar, bu, erməni xalqına dəhşətli, hətta ölümcül fəlakət gətirdi.

Məlum olduğu kimi, erməni islahatları məsələsi ilk dəfə 1878-ci ildə San-Stefano bağlaşmasında siyasi səhnəyə qədəm basdı. Erməni vilayətlərinin ağır vəziyyəti, bitib-tükənməyən talanlar, quldur basqınları, ermənilərin həyatının və əmlakının təhlükə altında olması Konstantinopol patriarxını qalib ruslara müraciət etmək məcburiyyətində qoydu ki, Türkiyə ilə sülh müqaviləsi bağlayarkən ermənilərin çox ağır vəziyyətini nəzərə alsınlar. Ruslar səsimizə səs verdilər, lakin San-Stefano bağlaşmasının əlverişli 16-ci maddəsi Berlin traktatının 61-ci maddəsi ilə puça çıxarıldı.

Avropanın böyük dövlətlərinin tamahkarlığından və onlar arasındakı ziddiyyətlərdən istifadə edən Sultan Əbdül Həmid islahat aparmaq barədə götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə, erməni məsələsinin ən yaxşı həlli üsulu kimi ermənilərin məhv edilməsini nəzərdə tutan öz iblis proqramını sistemli şəkildə həyata keçirməyə başladı. Həqiqətən də, mütəşəkkil quldur dəstələri, ayrı-ayrı qırğınlar, talanlar, yanğınlar və kütləvi qətllər yolu ilə o, 1894-1896-cı illərdə 300.000 nəfərdən artıq ermənini ölkədən qovmağa nail oldu.

Sultanı əvəz edən rejimlər: Tələt-İttihat, Ənvər paşa və yeni Kamal Türkiyəsi Əbdülhəmidin bu “siyasi müdrikliyini” ən yüksək zirvəyə çatdırdılar.

Birinci imperialist müharibəsi ərəfəsində Türkiyədə 2.500.000 erməni yaşayırdı ki, hazırda orada onların sayı 100.000 nəfərə yaxındır və onlar da yeni “demokratik” Türkiyədə miskin həyat sürməkdədirlər.

Bir milyondan çox erməni dəhşətli qırğında həlak oldu. Türklər azadlığa çıxan balkan xalqlarına bəslədikləri qəzəbi arxasız ermənilərin üstünə tökdülər.

Biz bu hüdudsuz faciə üzərində dayanmaq istəmirik, bu dəhşətlər barədə bütün dillərdə çoxlu kitablar yazılıb. Dövlətlərin arxivləri öz konsullarının bu barədəki məruzələri ilə doludur. Bəşəriyyətin qabaqcıl hissəsi, xeyirxah qəlbi və ürək sahibi olan insanlar bu müdhiş, insan ləyaqətini təhqir edən cinayətlərə etiraz və usyan etdilər.

Lakin erməni xalqı köməksiz qalmaqda davam etdi, müqəddəs vətənindən qovulub, bütün dünyaya səpələndi. Erməni xalqının başına gətirilən bədbəxtliklərin sonucunda 1920-ci ildə türklər namərdcəsinə hücum etdilər və Ermənistanın həyati əhəmiyyətli hissələri olan Qars, Ərdəhan və Sürməlini zəbt elədilər.

Yeni yaranmış Sovet İttifaqı erməni torpaqlarının kiçik hissəsini azad etməklə orada yaşayan erməniləri məhv olmaq təhlükəsindən qurtardı.

Ermənistan Sovet Respublikası belə yarandı və sülh və azadlıq şəraitində yaşadığı 25 il ərzində yaralarına məlhəm qoyaraq, inkişaf edir, çiçəklənir.

İndi xalqların taleyi Birləşmiş Demokratik Dövlətlərin əlindədir. Ədalətin və humanizmin qələbəsi naminə milyonlarla insanın özünü qurban verdiyi bu qanlı müharibədən sonra, şübhəsiz ki, böyük və qüdrətli dövlətlər xalqların qırğınının təkrar olunmaması üçün bütün şər və zorakılıq ocaqlarını söndürməyə borcludurlar. Böyük Dövlətlər keçmişin ədalətsizliklərini düzəltməli, dostları və düşmənləri düzgün ayırd etməli, kim ki incidilib, zərər çəkib, kim ki, özünü borc naminə qurban verib ona haqq qazandırmalıdırlar.

Keçmişdə və yaxın vaxtlarda Türkiyədən qovulmuş və bütün dünyanı sərgərdan dolaşan erməni qaçqınları, onlarla birlikdə bütün ermənilərin qədim Patriarxlığı ədalətin varlığına bu inamla Sizə müraciət edir və ermənilərin qanları ilə suvardıqları və sonra dəyərli mədəniyyət abidələri ilə bürüdükləri öz tarixi vətənlərinə haqlarını tanımağınızı xahiş edir.

Biz Türkiyə tərəfindən zorla zəbt edilmiş və indi boş qalmış torpaqları ondan almağınızı, bu torpaqları öz həqiqi sahiblərinə qaytarmağınızı və bu torpaqları Sovet Ermənistanına birləşdirmənizi xahiş edirik. Bu, qaçqın ermənilərə öz qan qardaşları ilə çiyin-çiyinə yaşamağa, çalışmağa və milli mədəniyyətlərini inkişaf etdirməyə imkan verər.

Bu, demokratiyanın qələbəsi və Birləşmiş Demokratik Dövlətlərin işi naminə erməni xalqının verdiyi böyük qurbanlar və fədakarlıq müqabilində ədalətli mükafat olardı. Erməni xalqı qələbə naminə bütün cəbhələrdə igidliklə vuruşmuşdur və onun öz gözlədiklərinə qarşılıq bu dəfə də aldadılması ədalətsizlik olardı.

Ermənilərin müqəddəs hüquqlarının bu dəfə də gerçəkləşməməsini bütün dünya ədalətsizlik hesab edərdi.

Yunanıstan və Serbiya, Rumıniya və Bolqarıstan, Livan və Albaniya, Krit adaları və Fələstin Türkiyənin işğalından azad edilib. Nə üçün, hansı ağlabatan səbəbə görə bəşəriyyət əzabkeş Ermənistanın ədalətli haqqını tanımaqdan imtina etməlidir? Böyük dövlətlər özlərinin təntənəli vədlərinin və elan etdikləri prinsiplərin həyata keçirilməsi naminə sivilizasiyanın böyük aktını, müqəddəs insansevərlik işini gerçəkləşdirməli, daha dəqiq desək, öz klassik dilini və ədəbiyyatını yaratmış, monumental incəsənət abidələri ucaltmış və ümumbəşər mədəniyyətinə qiymətli töhfələr vermiş qədim mədəni xalqlardan birinin qalıqlarını tamamilə məhv olmaqdan qurtarmalıdırlar.

Erməni məsələsini iflasa uğratmaq üçün türklər və onların dostları bəyanat verirlər ki, guya müasir demokratik Türkiyə əvvəlki Türkiyəyə oxşamır və ermənilər başqa ölkələrdən özlərinin Türkiyədəki əvvəlki yaşayış yerlərinə qayıda bilərlər. Lakin erməni xalqı keçmişin acı təcrübəsindən bilir ki, köhnə və yeni Türkiyə yoxdur, bu həmin Türkiyədir ki, vədlərinin əhəmiyyəti Avropa diplomatiyasına və erməni xalqına yaxşı məlumdur.

Yeganə çıxış yolu Türkiyə Ermənistanının azad edilməsi və Sovet Ermənistanına birləşdirilməsidir.

Biz yenidən xahiş edirik ki, bütün ermənilərin doğma ölkələrində birləşməsinə nail olunması üçün Türkiyədəki erməni vilayətləri Sovet Ermənistanına birləşdirilsin və onlara sülh və təhlükəsizlik şəraitində öz durdurulmuş mədəni fəaliyyətlərini davam etdirməyə, danılmaz yaradıcılıq potensialını üzə çıxarmağa imkan verilsin.

Bu böyük və ədalətli işin müvəffəqiyyəti naminə mən dua edərək Qadir Allahı köməyə çağırıram. Qoy Həqq-Təala Sizə kömək olsun, Sizin düşüncə və iradənizi xeyirin qələbəsinə yönəltsin və qoy O, müasir Türkiyə rəhbərlərinin vicdanını oyatsın ki, onlar həm özlərinin, həm də sələflərinin günahlarını yusunlar, maarif və sivilizasiya əsrində həqiqi mənada dinc, əməksevər və yaradıcı bir xalqa münasibətdə edilən böyük ədalətsizliyə son qoyulsun.

VI Gevork,

Bütün ermənilərin katolikosu.

27 noyabr 1945-ci il. Eçmiədzin”

Yazını hazırladı, Milli Məclisin deputatı Əziz ƏLƏKBƏRLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …