Rəsmi dövlət formatında olmasa da, bu, Türkiyə tərəfindən irəli sürülən regional quruluşla bağlı ilk təşəbbüs deyil. Bir çoxları xatırlayar ki, Ankara daha öncə “Qafqaz platforması” ideyasını irəli sürmüşdü, burada hətta Ermənistan-Türkiyə protokollarına baxıldı. Və sonra hər şeyi dəyişən 2014-cü il gəldi.
Boyukmillet.com bildirir ki, bu sözləri Axar.az-a rusiyalı ekspert Qriqori Trofimçuk Türkiyənin Vətən Partiyasının “Qara dəniz-Aralıq dənizi dostluq və sülh planı”nı şərh edərkən deyib.
Politoloqun fikrincə, Vətən Partiyası təbii ki, Türkiyə hökuməti deyil və hökumətin rəsmi mövqeyi ilə üst-üstə düşməsə də, hər hansı bir plan irəli sürə bilər:
“Buna baxmayaraq, bütövlükdə vəziyyətin bu tezislə sınaqdan keçirildiyini güman etmək olar. Bilirik ki, Ankara son illərdə Vaşinqtonla münasibətlərdə getdikcə daha çox problem yaşayır, buna görə də bölgədə öz tarazlıq sistemini axtarır və qurur, bu isə hər zaman ABŞ və NATO-nun mövqeyi ilə üst-üstə düşməyə bilir. Düşünürəm ki, bu partiya kimi alətlər vasitəsilə bu cür testləri etmək daha asandır”.
“Qara dəniz-Aralıq dənizi dostluq və sülh planı” haqda danışan ekspert burada Dağlıq Qarabağın azad edilməsi planının yer almasına da toxunub:
“Partiyanın bu planında “erməni qoşunlarının Qarabağdan çıxarılması” ilə bağlı elan edilmiş bir bənd var. Xüsusilə Krımı Rusiya ərazisi kimi tanıdan bəndə diqqət yetirsək, burada Rusiyaya açıq mesaj olduğunu görərik, Rusiya tərəfinə belə bir mesaj verilir: Qarabağı Azərbaycana qaytarmağa kömək edin və Krımda sakitçilik hökm sürsün. Ancaq bu cür türk təşəbbüslərinin problemi ondadır ki, Rusiya onsuz da artıq Krımı öz qeyd-şərtsiz ərazisi hesab edir. Bundan əlavə, Vətən Partiyası əvvəlcə hakimiyyətə gəlməlidir ki, təşəbbüsləri fərqli bir siyasi çəki alsın. Çünki hazırda partiyanın sosial dəstək nisbəti çox azdır. Rəsmi Türkiyənin mövqeyinə gəlincə, Türkiyə Krımın Rusiyadan daha çox, özünün olduğunu düşünür. Hətta hansısa bir mərhələdə bunu yüksək səslə deməsə də. Təbii ki, Türkiyə Krım məsələsində Ukraynaya kömək etməyəcək”, – deyə ekspert bildirib.