Sabir Rüstəmxanlı
Neftçala rayonundan millət vəkili
Yayın quraq keçməsi, suvarma mövsümünün başlanması Kürün suyunu azaldıb. Ömrüm boyu Kürün üstündən yüz dəfələrlə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm. Yatağının bir tərəfinə çəkilib, dibinin çadar-çadar torpağı üzə çıxıb.Bir yandan da Kür deltasının yanlış istiqamətdə dərinləşdirilməsi və güclü xəzri Xəzərin suyunu tərsinə Kürə axıdıb, şor su çay yuxarı qalxıb 20-30 km-lik məsafədə çayın suyunu tam yararsız vəziyyətə salıb. Neçə müddətdir Neftçala camaatı su deyıb haray çəkir. Rayon rəhbərliyinin və millət vəkili kimi mənim, dincliyimiz yoxdur. Prezident Administrasiyası və əlaqədar qurumlar vəziyyəti nizamlamaq üçün səylərini əsirgəmirlər. Lakin həyatı suya bağlı olan bir kənd təsərrüfatı rayonu üçün Kürün yerini doldurmaq çətindir. Maşınlarla yalnız evlərə içməli su daşına bilir, heyvan-qara, əkin sahələri bu yolla suvarıla bilməz. Bizim yazılarımızdan, MM dəki çıxışımızdan, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi. Son günlərdə Kür boyu bəzi nasosların dayandırılması nəticəsində Kür yenə yüksəlir. Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz…
Bu gərginlik Neftçala şəhərinin içməli su problemini də gündəmə gətirdi. Məlumat üçün deyim ki, bu məqsədlə Azərbaycan Prezidentinin ötən ilin 11 və 30 dekabr tarıxli sərəncamları ilə lazımi vəsait ayrılmışdır. “Azərsu” səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynovun verdiyi məlumatdan aydın olur ki, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənmişdir və bu iş iki ay ərzində tamamlanacaqdır… Gorək bu iki ayı necə yaşayacağıq…