Cümə , 27 Dekabr 2024
Drone Cameras

Rusiya ilə Azərbaycan sərhədində əməliyyatlar – İŞİD təhlükəsi

Arzu Nağıyev: “Qafqazda İŞİD-ə biət edən qruplaşmalar mövcuddur”

Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatlarına başlanıb. Genişmiqyaslı əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən ölkənin şimal rayonlarında keçirilir. Rayonların girişində polis postları qurulub. Əməliyyatların iyun ayının 4-dək davam etməsi planlaşdırılır.

Əməliyyatlar Rusiya ilə Azərbaycan arasında qəbul olunmuş razılaşmaya əsasən aparılır. Tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.

Keçmiş təhlükəsizlik zabiti, təhlükəsizlik üzrə ekspert Arzu Nağıyev keçirilən əməliyyatlarla bağlı fikirlərini “Yeni Müsavat”a açıqlayarkən Rusiya-Azərbaycan sərhədində hər zaman İŞİD-ə biət edən qruplaşmaların olduğunu dedi: “Mümkündür ki, baş tutan tədbirlər həmin qruplaşmaların qarşısını almağa yönəlib. Ola bilər ki, xüsusi xidmət orqanlarında müvafiq məlumatlar olub. Hüquq-mühafizə orqanlarının bu fəsildə belə tədbirlər keçirməsi də təsadüfi deyil. Bildiyimiz kimi, tədbirlərin keçirildiyi rayonlar sıx meşələrlə əhatə olunub. Ağacların yaşıllaşması, görmənin məhdudlaşması meşələrə sığınan qeyri-qanuni silahlı birləşmə üzvlərinin işinə yarayır. Hərəkət sərbəstliyi aktivləşmə imkanlarını açır. Buna görə də belə tədbirlərin keçirilməsi zərurəti ortaya çıxır. Azərbaycanın şimal rayonlarında daim təhdid yaradan qruplaşmalar olub. Bunu Rusiya tərəfi də bilir”.

Təhlükəsizlik üzrə ekspertin sözlərinə görə, təhdid yaradan qruplaşmaların həmin ərazilərdə fəaliyyəti təsadüfi deyil: “Çünki o ərazidə İŞİD və onun liderinə sədaqət andı içən ”Qafqaz Əmirliyi” təşkilatının ardıcılları var. Həmin ərazilərdə olan məzhəbin də təşkilatın kök atmasında haradasa rolu var. Bu məqamdan böyük ustalıqla istifadə olunur. Qafqaz ərazisində İŞİD-ə biət edən qruplaşmalar çeçenlərdən, dağıstanlılardan və digər Qafqaz xalqlarının nümayəndələrindən ibarətdir. Azərbaycan da həmin qruplaşmaların yerləşdiyi ərazilərlə həmsərhəddir. Təbii ki, belə qruplaşmalar silah və digər təminatları üçün daşımaları dağlıq, meşəlik ərazilərdən gerçəkləşdirirlər. Keçirilən əməliyyat tədbirləri belə halların qarşısını almağa xidmət edir”.

A.Nağıyev deyir ki, Qafqazda belə qruplaşmalar əvvəllər olsa da, 1993-94-cü illərdən daha da güclənib: “Səudiyyə Ərəbistanı və digər dövlətlərin dəstəyindən yararlanıblar. Şükürlər olsun ki, həmin dövrlərdən təbliğ olunan radikal ideyaların Azərbaycan ərazisində yayılması baş tutmayıb. Azərbaycanın tolerant ölkə olması bu neqativ, dağıdıcı təbliğatın əl-qol açmasını önləyib. Bu gün Azərbaycanda məzhəblə bağlı hər hansı bir qarşıdurma yoxdur. Amma belə qarşıdurmaların nə vaxtsa baş qaldırmayacağını da söyləmək olmaz. Müvafiq ardıcıl tədbirlər öz bəhrəsini verir. Həmin ərazilərdə keçirilən profilaktik tədbirlər də bu sıradandır”.

Rusiya ilə Azərbaycan sərhədində əməliyyatlar - İŞİD təhlükəsi

Ekspert ərazidəki qruplaşmaların kökünün kəsilməməsinin səbəbinə də toxundu: “Bu gün bütün dünya İŞİD-ə qarşı birləşib. Amma kökünü kəsmək mümkün olmur. Həmin qruplardan bir vasitə kimi istifadə edən güclər var. Qruplaşmaya yeni-yeni üzvlərin cəlb olunması üçün daimi proses gedir. İnternet üzərində cəlbetmə də var. Tədbirlər görülür, amma istənilən nəticəni almaq üçün yetərli olmur”.

A.Nağıyev İŞİD-in sıralarına qoşulan Azərbaycan vətəndaşlarından da danışıb: “Dövlət Təhlükəsizlik Xidməti rəisi açıqlamasında dedi ki, bu və ya digər qruplaşmaların tərkibində 900 nəfərə qədər vətəndaşımız var. Əvvəllər onların qarşısının alınmasında problemlər olsa da, artıq uğurlu addımlar da var. Maarifləndirmə işi geniş şəkildə aparılır, sosial şəbəkələrə də müəyyən nəzarət var. Həmin şəxslərin cəlbetməsinin necə baş tutuması da aydınlaşdırılıb, qarşısı alınır. Profilaktik tədbirlər, qeyd etdiyim kimi, bütün istiqamətlərdə daimi və planlı şəkildə aparılır. Bu baxımdan, Azərbaycanın şimalında keçirilən tədbirlərin də planlı olduğunu söyləmək olar”.

Qeyd edək ki, “Qafqaz Əmirliyi”nin əsası 2007-ci ildə Doku Umarov tərəfindən qoyulub. Təşkilat bir sıra terror aktlarının törədilməsində, o cümlədən 2010-cu ildə “Domodedovo” beynəlxalq aeroportundakı partlayışa görə ittiham olunur.

Xatırladaq ki, Şimali Qafqaz döyüşçüləri İŞİD və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. İŞİD və onun liderinə sədaqət andı içən “Qafqaz Əmirliyi” təşkilatı Azərbaycan da daxil olmaqla, Şimali Qafqazın bütün regionlarını – Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkar federal subyektlərini əhatə edir. (musavat)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir