Bakının Xəzər rayonunun Zirə qəsəbəsində yaşayan sakinlər bir müddət əvvəl Azinforum.az saytına şikayət ərizəsi ilə müraciət etmişdilər. Məsələyə tam aydınlıq gətirmək üçün Azinforum.az araşdırmalara başlamışdı.
Şikayətçilər adından saytımıza açıqlama verən Qarabağ qazisi Ədalət Kalbalıyev sakinlərin üzləşdiyi problemlərdən danışaraq qeyd edirdi ki, yaşadıqları əraziyə yaxın yerdə bir neçə ay “Zirə toyuqları” adı altında bazara mal təqdim edən müəssisə yaradılıb, amma ərazini bürüyən üfunət iyi sakinləri yaşadıqları yerdən köçməyə vadar edir: “Dediyim ərazi Zirə Ekoloji Parkının yaxınlığındadır. Ferma fəaliyyətə başlayandan sonra ətrafa buraxdığı üfunət iyindən yaşamaq mümkün deyil. İydən camaat pəncərəni aça bilmir, çölə çıxmaq mümkünsüz olub. İllərdir bu ərazidə yaşayan sakinlər öz evlərindən didərgin düşüblər. Uşaqlar üfunət iyindən çölə çıxa bilmirlər. Kimsə pul qazanır deyə, onlarla ailəni evindən necə didərgin etmək olar? Artıq uşaqların bronxlarında ciddi problemlər yaranıb, bu üfunət uşaqlarmızın sağlamlığına təhlükədir. Ən dəhşətlisi budur ki, bu üfunət iyi verən müəssisə ekoloji parkın düz yaxınlığındadır. 100 min toyuğun üfunət iyini ventilyasiya sistemi ilə çölə, həyətlərimizə vururlar”.
Vətəndaşların şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri həmin Zirə qəsəbəsində toyuq fermasının yerləşdiyi ərazidə olublar. Onlar laboratiya analizi üçün havadan nümunə götürüblər. Bir müddət sonra isə, ETSN-dən sakinlərə cavab gəlib ki, aparılan analizlər zamanı müəyyən olunmuşdur ki, guya həmin ərazidə ekologiyanın çirkəndirilməyib.
Heç şübhəsiz ki, işinin öhdəsindən layiqincə gəlməyi özünə ağır yük hesab edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi üfunət iyi ilə ekoloji çirkləndirmənin “fərqi”ni ayırd edə bilməyib. Ümumiyyətlə, o boyda Nazirlik bu üfunət iyini ekoloji çirkləndirmə kateqoriyasına aid olub-olmamasını hətta özləri üçün müəyyənləşdirə bilməyib!?