2020-ci ilin iyul ayı 2016-cı ilin aprelindən ciddi şəkildə fərqlənir. Əvvəla, ona görə ki, keçən dəfədən fərqli olaraq, bu dəfə heç kim Ermənistan və Azərbaycan tərəflərini sakitləşdirməyə tələsmədi. Xarici müşahidəçilərə, informasiya savaşı da daxil olmaqla, müharibədə kimin daha güclü olduğunu izləmək maraqlı idi.
Bu sözləri Axar.az-a tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
“Atışmanın ilk saatlarında mən dedim ki, (və Azərbaycan mətbuatı bu barədə yazdı) hər kəs ATƏT-in Minsk Qrupundan nə baş verdiyi ilə bağlı açıqlama gözləyir, çünki rəsmi olaraq bu mövzu ilə onlar məşğul olurlar. Lakin ATƏT-in Minsk Qrupu harasa yox oldu və yenə suallara cavab vermək istəmədi. Bundan sonra isə xarici müşahidəçilər baş verənlərlə bağlı yalnız fərziyyə irəli sürə bilərdilər. Qurumdan heç bir cavab yoxdursa, gərgin vəziyyət avtomatik olaraq daha da inkişaf edəcək, getdikcə müharibəyə sürüklənəcək, çünki hər tərəfin öz doğruları olacaqdı”, – o qeyd edib.
KTMT-nin münaqişəyə cəlb edilməsi, Rusiyanı Türkiyə ilə qarşı-qarşıya qoymaq planlarını şərh edən ekspert belə bir niyyətin olmasını istisna etməyib:
“Bəlkə də belə bir plan var idi. Lakin KTMT-nin hərbi əməliyyatlarda iştirakına ümid etmək sadəlövhlük olardı, çünki bu blokun bütün tarixi bizə əksini göstərir. Yadınızdadırsa, əvvəldə də dedim ki, KTMT məsələyə hərbi müdaxilə etməyəcək. Düşünürəm ki, bütün sualların cavabını Ermənistanın baş nazirinin arxasında dayananlarda axtarmaq lazımdır. Belə ki, bütün lazımi tövsiyələri verənlər orada cəmləşib. Belə bir zamanda Azərbaycan üçün gücünü nümayiş etdirmək çox vacibdir. Lakin hərbi deyil, daha çox siyasi gücdən söhbət gedir”, – Q.Trofimçuk bildirib.