Ukraynanın Xarkov vilayətinin Şəhərsalma və Arxitektura Departamenti eyniadlı şəhərdə görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə heykəl qoyulmasına icazə verib.
Ukrayna dövlət qurumunun rəyinə əsasən, heykəl Xarkov şəhərinin Xolodnoqorsk rayonu, Poltavskiy Şlyax küçəsi, 22 ünvanında yerləşəcək.
Heykəlin müəllifi Ukraynanın xalq rəssamı, heykəltəraş həmyerlimiz Katib Məmmədovdur.
Qeyd edək ki, sözügedən heykəlin qoyulması üçün həmin dövrdə Azərbaycanın Ukraynadakı səfiri olmuş Azər Xudiyev 2019-cu ildə Ukrayna tərəfinə müraciət etmişdi. Həmin vaxt ilkin razılaşma Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev arasında keçirilən görüş zamanı əldə edilmişdi.
Müzakirələr zamanı mer Gennadi Kernes bildirmişdi ki, Xarkov şəhərində metropolitenin yenilənməsi, yeni metro xətlərinin açılması, parkların salınmasında Azərbaycan şirkətlərinin iştirakında maraqlıdırlar:
“Xarkovda infrastruktur layihələrin işində Azərbaycan şirkətlərini iştirak etməyə çağırıram. Biz bilirik ki, Azərbaycanda uğurlu infrastruktur layihələr həyata keçirilir. Azərbaycan modelinin Xarkovda tətbiqində maraqlıyıq”.