Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Karo Paylan XİN rəhbərindən sonra İstanbul bələdiyyə başqanının “üstünə yeridi” – bir nadinc erməni deputat Türkiyəni “fırladır”…

Samir Adıgözəlli: “Karo Paylan uzun illərdi ki, deputat mandatının arxasında gizlənərək, sanki saxta “DQR” və Ermənistanın Türkiyədəki səfiri funksiyasını həyata keçirir”

Türkiyənin parlamentində təmsil olan erməni əsilli deputat Karo Paylan yenə öz ampluasındadır. Erməni KİV-nin verdiyi məlumata görə, Karo Paylan İstanbul bələdiyyə başqanı ilə görüşüb. Deputat İstanbulda bir gün əvvəl azərbaycanlılar tərəfindən erməninin döyülməsi ilə bağlı hansı tədbirlərin görülməsi ilə maraqlanıb.

Paylan bir az da irəli gedərək, “bu işin arxasında dayanan gücləri tapılmasının vacibliyini” vurğulayıb. Qeyd edək ki, bir neçə gün əvvəl həmin bu erməni deputat Türkiyə XİN rəhbərinə müraciət edərək, Azərbaycana köməyi dayandırmağı tələb etmişdi. Karo Paylanın bütün əməlləri onu deməyə əsas verir ki, Türkiyə kimi ölkə bir erməni deputatın kaprizlərinə dözməyə məcbur vəziyyətdədir. Bu nadinc erməninin hərəkətlərinə hansı qiyməti vermək olar və onunla bağlı hansı hüquqi ölçü götürmək mümkündür?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  Karo Paylanın fəaliyyəti artıq deputat səlahiyyətlərini çoxdan aşıb:“Mən çox təəssüf edirəm ki, niyə Türkiyə hökuməti bu erməni ilə bağlı lazımi tədbir görmür. Təbiidir ki, söhbət qanuni tədbirlərdən gedir. Həmin bu Karodan soruşmaq lazımdır ki, niyə Ermənistanda bir nəfər də olsun türk yaşamır? Hələ söhbət deputat olmaqdan yox, sadəcə yaşamaqdan gedir. Bu isə güya “soyqırıma” məruz qalan xalqın nümayəndəsi olaraq parlamentdə təmsil olunur. Karo Paylan şəxsən Türkiyənin güya onlara qarşı “soyqırım” törətdiyi ilə bağlı iddiaları dəstəkləyir. Hətta bununla bağlı əlindən gələn təbliğatı aparır ki, vətəndaşı olduğu ölkəyə zərbə vursun. Bu deputat qardaş Türkiyəyə və şəxsən cənab Ərdoğana meydan oxumaqdadır. Dəfələrlə düşmən niyyətlərlə İrəvana və hətta qondarma “DQR”-ə gedib-gəlib. Hər səfərində də ən radikal ermənilərdən pis bəyanatlar verib. Mən başa düşürəm ki, Türkiyə özünü demokratik dəyərlərə sadiq olan ölkə kimi göstərmək istəyir və bütün millətlərə ölkədə fəaliyyət üçün bərabər imkanlar yaradıb. Paylan HDP adlanan partiyanın xəttilə deputat seçilib. Həmin partiyanın özü də xoşagələn fəaliyyətlə məşğul deyil. Təsadüfi deyil ki, məhz belə fəaliyyətinə görə HDP-yə PKK-nin siyasi qolu deyirlər. Bu partiyanın sədri Demirtaşı məhz milli məsələni qızışdırdığına, Türkiyə əleyhinə təbliğat apardığına görə həbs ediblər. Onun özü də millət vəkili kimi parlamentdə təmsil olunurdu. Deməli, qanuni mexanizmlə yolunu azan deputatın da dərsini vermək mümkündür. Karo Paylan uzun illərdi ki, deputat mandatının arxasında gizlənərək, sanki saxta “DQR” və Ermənistanın Türkiyədəki  səfiri funksiyasını həyata keçirir. Az qalır ki, Ermənistanın mövqeyini Paşinyandan daha sərt şəkildə müdafiə etsin. Bunda olan  bayağı erməni sevgisini ürəyində qoymaq lazım deyil. Deputat və ya vətəndaş öz ölkəsinin əleyhinə fəaliyyət göstərirsə, mütləq mənada cəzasını almalıdır. Hətta mən deyərdim ki, Paylan kimi adamların nəinki millət vəkilliyinə, Türkiyə vətəndaşlığına belə xitam vermək lazımdır. Qoy gedib, təbliğatını apardığı və mövqeyini öz ölkəsindən üstün tutduğu Ermənistanda millət vəkili seçilib, öz millətinə qulluq etsin. Paylanın etdikləri nə müxaliflikdi, nə də demokratiya təcəssümü. Bu adam hakimiyyətə müxaliflik etmir. Birbaşa Türkiyənin maraqlarını düşmən Ermənistana satır. Buna  da Türkiyə qanunlarına görə sərt cəza nəzərdə tutulur. Mən qardaş ölkənin əlaqədar qurumlarından xahiş edirəm ki,  yolunu azmış bu ermənini zəncirinə bağlasınlar”.

Doğrudan da  maraqlıdır. Türkiyənin çörəyini yeyib, havasını udub, hətta həmin ölkənin deputatı ola-ola öz ölkəni deyil, işğalçı Ermənistanı dəstəkləyəsən və buna görə sənə heç nə deyilməyə. Öz zərərli addımları ilə Abdullah Öcalana bərabər tərzdə separatçılıq edən bu ermənini yerində oturtmağın zamanı tam yetişib.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …