Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputat: “SOCAR bu işin öhdəsindən uğurla gələ bildi”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işçilərinin bilik və bacarıqlarının artırılması üçün onlayn təlimlərin, vebinarların keçirilməsini davam etdirir.

Boyukmillet.com-un məlumatına görə, şirkət koronavirus (COVID-19) pandemiyası səbəbindən işçilərini boşdayanmalar zamanı boş qalmamaları üçün təlim və kütləvi vebinarlara cəlb edir.

Şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi mart ayından etibarən onlayn dərsləri bu gün də davam etdirir.

Belə ki, bütün dünyada hökm sürən pandemiya dövründə bir çox neft-qaz yataqlarının işləmədiyi bir zamanda SOCAR digər şirkətlərdən fərqli olaraq işçiləri ixtisar etməyib, onları işdən çıxarmır və optimallaşdırma siyasəti həyata keçirmir. Əvəzində SOCAR özünün sosial məsuliyyətini dərk edərək işçilərini onlayn təlimlərə və kütləvi vebinarlara cəlb edib. Bu təlim və vebinarlar isə işçilərin ixtisas artırılması, ixtisas dəyişdirilməsi üçün də bir böyük şans olur.

Bunun üçün isə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin regional təlim mərkəzlərində bütün imkan və şəraitlər yaradılıb. Bu təlim mərkəzlərində də xeyli sayda ən müasir, beynəlxalq standartlara və tələblərə cavab verən simulyator və avadanlıqlar quraşdırılıb.

SOCAR-ın təhsil, tədris və peşə hazırlıqlarından danışan Milli Məclisin üzvü, təhsil üzrə ekspert Etibar Əliyev “Report”a açıqlamasında bildirib ki, dünya təcrübəsində böyük korporasiyalar, eyni zamanda böyük şirkətlər istehsalatla məşğul olmaqla yanaşı, həm də özləri üçün gələcəyə mütəxəssis hazırlayırlar.

Onun sözlərinə görə, bunun da böyük bir tarixi var və həmin o korporasiyalar, şirkətlər özlərinə əvvəlcədən məktəbyaşlı uşaqların tədrisindən tutmuş, ali təhsilə qədər kadr hazırlığı həmin bu şirkətlərin və korporasiyaların inkişafına səbəb olur.

Deputat bildirib ki, burada iki amil mövcuddur: “Birincisi, qeyd etdiyim qurumlar digər ali məktəblərlə, kolleclərlə əlaqə saxlayırlar, orada təhsil alan həmin şirkətin və ya korporasiyanın istiqamətinə uyğun olaraq kadrların hazırlanmasına maraq göstəririlər. Tələbələrin, şagirdlərin təhsil alması üçün vəsaitlər ödəyirlər. İkinci istiqamət isə odur ki, özləri daxili imkanları hesabına məktəblər və kolleclər yaradırlar və özlərinin gələcəkdə şirkətin və korporasiyanın daha rasional inkişafı üçün həmin kadrlardan lazımi şəkildə istifadə edirlər”.

E. Əliyev düşünür ki, SOCAR-ın indiki mövqeyi təqdirəlayiq və önəmlidir: “SOCAR-ın nəzdində olan Bakı Ali Neft Məktəbi çox qısa bir müddətdə özünə yer tuta bildi, reytinq cədvəllərində önə çıxdı. Tədris mərkəzlərinin də fəaliyyətlərini izləyirik, proqramlar demək olar ki, yenidir və müasir tələblərə cavab verir. Bu onu göstərir ki, şirkət gələcəkdə özü üçün istisaslı kadrların axtarılmasında və  onların işlə təminatında bir o qədər problemlərlə üzləşməyəcək. Bu, dünya təcrübəsidir və hesab edirəm ki, SOCAR-ın tutduğu mövqe və atdığı addımlar nümunəvi addımlardır və gələcəkdə başqa sahələrdə də mütəxəssis hazırlığında həmin bu mərkəzlər və məktəblər, digər tədrislə məşğul olan qurumlar  öz dəstək funksiyasını yerinə yetirəcəklər”.

Tədris zamanı təlimlərin və dərslərin onlayn keçirilməsinə münasibət bildirən millət vəkili qeyd edib ki, pandemiya dövrü həm də bütün ölkələrin təhsil sistemlləri üçün imtahan oldu: “Bu imtahandan ondan ibarət idi ki, hansı qurumlar, təhsillə məşğul olan mərkəzlər, orta və ali məktəblər məhz informasiya texnologiyaları vasitəsilə tədris prosesini necə həyata keçirirlər. Əlbəttə, SOCAR buna hazır idi və qısa biz zamanda yaranmış boşluğu doldurulması üçün bütün fürsətlərdən istifadə edə bildi”.

Deputat düşünür ki, bu cür hallara bütün qurumlar hazır olmalıdırlar: “Çünki, təhsildə, tədris prosesində və yaxud da təhsil mərkəzləri təhslilin daima fasiləsizliyini qoruyub saxlamağa çalışmalıdırlar. Hesab edirəm ki, bu istiqamətdə də nümunəvi addımlar atılıb və öyrənmək istəyənlərdə ardıcıl olaraq tədris prosesində fasilə yaranmadı. Bunun özü də vaxta uyğun olaraq tədris görmək istəyənlərin vaxtında tədris prosesini başa vurmaları üçün şərait yaratdı. Düşünürəm ki, bunun özü də bu niyyətdə olan insanlar üçün çox mühüm bir məsələdir. Burada vaxt itkisi olmadı və gələcəkdə də elə etmək lazımdır ki, ənənəvi üsullarla öyrətmə, İKT və onlayn dərslər vasitəsilə üsul öyrətməni tamamlasın. Yalnız belə olan halda biz yükksəksəviyyəli tədrisdən danışa bilərik”.

O hesab edir ki, SOCAR-ın təhsillə məşğul olan strukturları bu işin öydəsindən uğurlagələ bildilər.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …