“Biz həmin görüşdə səslənən fikirlərdən sonra müsəlman ölkələrinin Ermənistana münasibətində ciddi dəyişikliyin olacağını düşünürdük”
Vəfa Heydərli: “Tacikistan prezidentinin davranışları ciddi suallar doğurmaya bilməzdi”
Məlum olduğu kimi, Tacigistan prezidenti İmoməli Rahmon bu günlərdə Ermənistana rəsmi səfər edib. Məlum səfər çərçivəsində onun Ermənistan prezidenti Serj Sarkisyanla görüşləri olub. Həmin görüşlər zamanı Tacigistan prezidenti bundan məmnunluq ifadə edib və gələcəkdə Ermənistanla daha sıx əməkdaşlıq edəcəyini vurğulayıb. Bildirilir ki, iki ölkə arasında 9 istiqamət üzrə gələcəkdə strateji əməkdaşlığın ediləcəyi razılaşdırılıb.
Qeyd edək ki, müsəlman ölkəsi olan Tacigistanın başqa bir islam ölkəsinin torpaqlarını işğal edən Ermənistanla belə isti münasibət qurması maraqlı görünür. Bu günlərdə Azərbaycan Prezidenti ölkəmizdə akkreditasiya olunan müsəlman ölkələrinin səfirlərilə keçirdiyi görüşdə bildirdi ki, ermənilərin bizim məscidləri dağıtması həm də başqa müsəlman ölkələrinə qarşı törədilən cinayətdir. Bu baxımdan da İ.Rahmonun son hərəkətini islam həmrəyliyinə sayğısızlıq prizmasından dəyərləndirmək olarmı?
Ekspert Vəfa Heydərlinin sözlərinə görə, İlham Əliyevin bildirdiyi fikir çox məntiqli idi: “Çünki özünü müsəlman hesab edən ölkələr onların digər din qardaşlarını iztirablara düçar edən bir ölkə ilə yaxın əlaqə qurmamalıdır. Biz həmin görüşdə səslənən fikirlərdən sonra müsəlman ölkələrinin Ermənistana münasibətində ciddi dəyişikliyin olacağını düşünürdük. Ancaq Tacigistanın timsalında bunun əksini gördük. Həmin müsəlman ölkəsinin prezidenti Ermənistanla elə mehriban davrandı ki, adamı təəccüb bürüdü. Rahmon hətta bir az da irəli gedərək iki xalqın tarixi dostluq əlaqələrindən danışıb. Xatırlayırsınızsa, Qırğızıstan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında Pakistanda keçirilən toplantısında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suverenliyini vurğulayan maddəyə səs verməkdən imtina etmişdi. Növbəti qeyri-adi addım Tacikistan prezidenti İ.Rahmondan gəldi. Ermənistana rəsmi səfər etmək onun hüququdur, buna deyəcək sözümüz yoxdur, sadəcə, prezidentlərin birgə bəyanatındakı bir müddəa sual doğurur. Həmin müddəada deyilir ki, Tacikistan və Ermənistan Mərkəzi Asiyada və Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qorunması üçün xarici siyasətlərini koordinasiya edəcək.
Birincisi, Tacikistanın Cənubi Qafqazda nə işi var, Əfqanıstandan gələn təhlükənin dərdini çəksin! İkincisi, kiçik Ermənistan Mərkəzi Asiyada nəyi Tacikistanla koordinasiya edə bilər ki?! Azərbaycan torpaqlarını hərb yolu ilə azad etməyə başlasa, İslam Konfransı Təşkilatı çərçivəsində daim Azərbaycanın ərazi bütövlüyünə səs verən və sözdə işğalı pisləyən Düşənbə Ermənistanınmı tərəfini tutacaq? Bu baxımdan da Tacikistan prezidentinin davranışları ciddi suallar doğurmaya bilməzdi”.
Məhəmmədəli QƏRİBLİ