Gözəllik aşiqi olan, özünü ifadə etmək, gizli istedadlarını üzə çıxarmaq üçün müxtəlif yollara baş vuran, gah şeirin, gah al-əlvan rənglərin, gah da notların ecazkar dilinə müraciət edən, fiziki və mənəvi gücünü, bütün daxili potensialını səfərbər edib insan iradəsinin, qüdrətinin inanılmaz, misilsiz nümunələrinə imza atan, daim yaradan və həqiqəti aşkar etmək üçün sonu görünməyən axtarışlarda olan Insan…
Bir də həyatı öz qəlbi, başı kimi boş və puç olan, yaşamaqda məqsədi yalnız maddi nemətlərə sahib olmaq, sanki yalnız qaba, bayağı materiyadan ibarət imiş kimi yeganə istəyi mümkün qədər çox maddi həzz almaqdan ibarət olan, nə dünyaya gəlişinin məqsədi, nə də ölümdən sonrakı həyatı barədə düşünüb özünü əziyyətə salmaq istəməyən, var olub da yoxa hesab olan yarıminsanlar…
Bu iki qəbildən olan insanların ayrı-ayrılıqda hər biri öz üzərində ağır və şərəfli “insan” adını daşısalar da birincilərə bu ad daha çox yaraşır.
Insanlıq zirvəsinə aparan yolda hər kəs eyni mövqedə dayanmayıb. Kimsə bu nərdivanın lap yuxarısınadək qalxa bilib, kimsə də onun lap başlanğıcındadır.
Iradəsi, daxili enerjisi, güclü və qarşısıalınmaz istəyi müqabilində Insanın görə, əldə edə bilməyəcəyi heç nə, demək olar ki, heç nə yoxdur. Amma o, bu gücünü, imkanlarını hər zaman xeyir işlərə sərf etmir, lazımlı istiqamətə yönəltmir. Bəzən onun qəlbinin dərinliklərində baş verən və bir an olsun səngimək bilməyən amansız, pünhan mücadilədə şər xeyirə qalib gəlir, müvəqqəti də olsa heyvani tərəf insanlıq, yarımallahlıq üzərində qələbə çalır.
Lakin prosesin əks istiqamətdə məcra etməsi üçün imkan, ümid yeri hər an vardır. Yetər ki, bir an belə sayıqlığı əldən verməyəsən, insanlığa aparan yolda büdrəsən belə geri baxmadan, inadla irəliləyəsən, Allahın lütf edib bir azca artıq ağıl, şüur bəxş etdiyi heyvan deyil, əsl, həqiqi Insan olmağa çalışasan.
Şəlalə Məmmədli.