Çərşənbə axşamı , 24 Dekabr 2024
Drone Cameras

Deputatdan aprel şəhidini məhkəməyə verən banka SƏRT SÖZLƏR — “Fərarilik edən bankir övladları araşdırılmalıdır”

Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov aprel döyüşləri şəhidini məhkəməyə verən bankın dövlət tərəfindən cəzalandırılmasını təklif edib.

E.Məmmədov “Ölkə.Az”-a açıqlamasında bildirib ki, vicdansız bankir üçün müştərinin şəhid və ya Vətən uğrunda döyüşmüş qazi olması fərq etmir:

“Görünür, bu cür bankirlər üçün fərq etmir ki, filankəs Vətən uğrunda döyüşüb şəhid olub, Milli Qəhrəmandır və sairə. Həmin aprel şəhidi bu cür bankirləri qoruyub, həmin şəhidlərin qanı hesabına bu cür bankirlər harınlayıb, pul yığıblar. Bu cür adamların dəyər və insanlıq ölçüsü yalnız pulla, haram var-dövlətlə hesablanır. Daha insanlıqla, Vətəni qorumaq, müdafiə etmək dəyərləri ilə hesablanmır. Bu məsələdə sırf insanlıq mövqeyindən çıxış etmək lazımdır”.

YAP-çı deputat deyib ki, sözügedən bankı məhkəməyə vermək lazımdır: 

“Əgər həmin bank məhkəməyə verilsə, araşdırma aparılsa, nə qədər insanın qanı və canı hesabına varlanıb, cürbəcür yaramaz oyunlardan çıxması hərəkətləri aşkara çıxar. Bu banka rəhbərlik edən şəxslərin fəaliyyətini ciddi yoxlamaq lazımdır. Baxmaq lazımdır ki, həmin banka rəhbərlik edən şəxslərin övladları harada hərbi xidmət keçiblər. Ümumiyyətlə, onlar hərbi xidmət keçiblərmi? Səngərdə olublarmı? Yoxsa ki, xarici dövlətlərdə təhsil almaq adı ilə qaçıb gizləniblər! Bütün bunları ciddi araşdırmaq və müəyyən etmək lazımdır”. 

Xatırladaq ki, “Para” BOKT ASC aprel döyüşlərində şəhid olmuş Azərbaycan ordusunun hərbçisi Xaliq Əzizzadəni məhkəməyə verib. Bu barədə məlumatı millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə paylaşıb.

Deputat bildirib ki, Xətai rayon məhkəməsində qaldırılan iddia əsasında şəhid cavabdeh qismində məhkəməyə çağırılıb:

“Bir saatdır, şəhid anasının həyacandan, əsəbdən, üzüntüdən gözyaşları dayanmır. Çünki o şəhid övladının bir müddət əvvəl fəaliyyətdə olan “Para Bank”dan götürdüyü pul səbəbindən məhkəməyə verilib və yaşadığı evi itirmək üzrədir. Doğrudanmı bankın Xaliq Əzizzadənin şəhid olması barədə xəbəri yoxdur ki, onu cavabdeh qismində məhkəməyə çağırtdırır? Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?”. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir