Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qibləgahı Savalan dağı olan ELÇİ

Minillərin ardından boylanan keçmişin sahibi, Batının gündoğanı, Qərbin Qoca Şərqə açılan qapısı Azərbaycan məmləkətində onun əzəli sakinləri biz Türklər düşmənlərimizin min bir hiyləsinə tuş gəlib, min bir bəlasına düçar olmağımıza baxmayaraq hələ varıq, hələ ruhumuz yaşayır. Bəlkə hələ min yüz il də Yol gedəcəyik… Halbuki, bizimlə birgə Yer kürəsinə ayaq basmış xalqların çoxu daha bizimlə birgə addımlamırlar.

Hər dəfə düşmənlərimiz üstümüzə gələndə ərənlər sinəsini sipər etmiş, başımızın üstünü qara buludlar alanda, məhv edilmək təhlükəsi ilə üz-üzə qalanda gizli yaxud aşkar şəkildə xalqın yükünü çiyinlərinə almış kəslər özünü qurban etmişlər.

Əbülfəz Elçibəy

Sonuncu çovğunda isə sanki nəfəsimiz də donmuşdu. Uzun məşəqqətlərdən sonra keçən yüzilin əvvəlində məmləkətimizin quzeyində bütün cahana örnək bir cümhuriyyət quruldu. Lakin üzərinə minillərin tarixi həkk edilmiş ay-ulduzlu üçrəngli bayraq iki il öz yurduna hakim ola bildi. Və sonra “Qırmızı İmperiya”nın caynağına keçdik. Var-dövlətimizi talayıb, elin zadəgan bəylərini ölkədən didərgin saldılar. Millətin gələcəyi gənc nəsli necə tərbiyə edilməsindən asılı olduğunu yaxşı başa düşən Sovet imperiyası ziyalılarımızı güllələnməyə, sürgünə göndərdi, milli fikir adamlarımız mühacirətdə ömür sürdü. İllərlə alimlərimizə divan tutuldu. Hətta milli kimliyimiz belə saxtalaşdırıldı. İmperiyanın süqutu, milli azadlıq heç kəsin ağlından belə keçmirdi. Tanrı Türkün bu halına acıdı. Artıq 70-ci illərdə gəncləri, əsasən də tələbələrini sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizəyə səsləyən, istiqlaliyyət eşqini onların qəlblərində vücuda gətirən, qibləgahı Savalan dağı olan ELÇİ gəldi.

O, 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində dünyaya göz açmış, Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, 1988-1991-ci illər milli azadlıq hərəkatının lideri, Türk dünyasının öndəri Əbülfəz Elçibəy idi.

O, bir ELÇİ taleyi yaşadı. Ulu Tanrıdan Türkə azğınların yolunu yox, doğru söz, doğru düşüncə, doğru iş, doğru bilik yolunu göstərməsini dilədi. O, bizə miras qoyulan üçrəngli bayrağı başının üzərinə qaldırıb yarım qalmış Yola ən öndə davam etdi. O, mübarizə yolunda olmazın əzablarla qarşılaşdı, təyziq və tənqidlərə tuş gəldi, həbs olundu, amma qətiyyətindən dönmədi. Bütün bunlar nə qədər ağır idisə, bir o qədər də şərəfli idi. Özü də bunu belə izah edirdi: “Qətiyyətlilik odur ki, sən hər cür əzab-əziyyətdən keçərək xalqın xoşbəxtliyi uğrunda sonadək çalışasan! Burada bəzən sən öz şəxsiyyətini də qurban verməli olursan-sənin şəxsiyyətin itir, xalqın vahid ruhunda əriyir”. Onun andı millətinin qarşısında dediyi söz idi.

Xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident Əbülfəz Elçibəy siyasi xadim olmaqdan daha çox vətəndaş olmağa üstünlük verdi. Elə bu günün özündə də hətta bəzən qərəzli şəkildə onu nədə isə günahkar bilənlər var. Bir çox hallarda isə bu sadəcə böhtan savayı bir şey olmur. Amma o heç zaman xalqından narazı olmadı və buna haqqı olmadığını deyirdi. Halbuki, onun prezidentliyi dövründə Milli Ordu quruldu, rus ordusu Azərbaycandan çıxarıldı, xəzinəsində qara qəpiyi də qalmamış bir ölkədə Dövlət Ləl-Cəvahirat Fondu yaradıldı,  Azərbaycanın milli valyutası dövriyyəyə buraxıldı, ali və orta ixtisas təhsili məktəblərinə qəbul ilk dəfə olaraq test üsulu ilə keçirildi, uzun müddət müzakirə obyekti olmuş latın əlifbasına keçidə nail olundu və s. və i.a. O, siyasətdə kişi kimi davrandı. Taxtdan düşsə də yarı yolda qalmadı.

Türk millətçisi olması ilə fəxr edən prezident milli münasibətlər problemini tənzimləmək üçün ilk növbədə milli azlıqlar, azsaylı xalqlar və etnik qruplar haqqında fərman verdi.

Ən əsası Əbülfəz Elçibəy Azərbaycan gəncinə bir ülkü, BÜTÖV AZƏRBAYCAN ideyasını miras qoydu. Arazın o tayı da, bu tayı da onun doğma el-obası idi. Dərbənddən, Borçalıdan Həmədanadək, Anadoludan, Kərkükdən Xəzər dənizinədək uzanan bir məmləkətin yükünü çiyinlərinə almışdı. Vətəninin güneyində xalqı fars şovinizminin pəncəsinə keçmiş, Dərbəndi, Borçalısı peşkəş edilmişdi, İrəvanda da bir nəfər belə türk qalmamışdı. Vaxt ötdükcə hamı daha yaxşı başa düşdü ki, Qarabağın azadlığı Təbrizdən keçir. O, Bütöv Azərbaycan uğrunda hər şeyi gözə alıb, özünü qurban verdi. Bu  mübarizə onun həyatının mənası idi. Və bu gün quzeyli-güneyli minlərlə türk (azər) gənci onun ardınca addımlayır. O bizim gücümüzə inam bəsləyib, qarşımıza hədəflər qoydu. Qarabağ azad edilməli, Azərbaycan bütövləşməlidir.

Onun Vətənimizin gələcəyi, xalqımızın səadəti üçün etdikləri böyük arzular yerinə yetəcək. Zamana ehtiyac var!

FOTOLAR:

263841_235311056496608_5347773_n
554758_433423103345452_1083904734_n
1379264_10152331054097538_298996386_n

Elçibəy nümayişdə. 28 may 1991-ci il

Elçibəy Azadlıq meydanındakı insan seli qarşısında çıxış edir

images (2)

Əbülfəz Elçibəy mitinqdə. 17 noyabr 1992-ci il

Prezident Əbülfəz Elçibəy and içir. 16 iyun 1992-ci il

Cəbhə bölgəsində. 7 aprel 1993-cü il

Prezident Elçibəy Milli Ordunun ilk paradında. 9 oktyabr 1992-ci il

Elçibəy Türkiyəyə oxumağa gedən tələbələr arasında. Sentyabr 1991-ci il

Elçibəy Ankarada hərbi təhsil alan azərbaycanlı kursantlar arasında. 1992-ci il

Türk cümhuriyyətlərinin zirvə toplantısında. Soldan İslam Kərimov, Elçibəy, Nursultan Nazarbayev. Ankara. 1992-ci il

Prezidentlər Əbülfəz Elçibəy və Turqut Özal Türkiyənin Kayseri şəhərində

Elçibəy ABŞ-ın Nyu-York şəhərində Türk yürüşündə. 20 may 2000-ci il

Elçibəy Ankarada M.Ə.Rəsulzadənin məzarını ziyarət edərkən. 1992-ci il

Elçibəy ömrünün sonlarında

Elçibey İlk Öyretim Okulu
Fatih Mah. 28. Sok. No. 6. Sivas, Sivas Merkez – Sivas, Türkiyə

299309_261302037230843_7926971_n
68932_516164221738006_1448535351_n (1)

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …