Cümə , 22 Noyabr 2024
Drone Cameras

Radikal müxalifət vaxtında onların cameəsinə zülm etmiş Eldar Həsənovu niyə müdafiə edir?

Sabiq Baş prokuror, sonrakı səfir Eldar Həsənovun həbsi ətrafındakı müzakirələr səngimək bilmir. Ən maraqlısı isə budur ki, bu personanın həbsinə maraqlı dairələrin açıq etirazı müşahidə edilir. Azərbaycandakı siyasi münasibətlər sistemindəki real mənzərəyə görə, əslində, Eldar Həsənovun həbsi indi onu açıq müdafiə edənlərin ürəyincə olmalıydı.

Çünki Eldar Həsənov bütün şüurlu həyatı boyunca bu hakimiyyətdə təmsil olunub. 1995-2000-ci illərdə Baş prokuror olduğu dönəm müxalifət nümayəndələrinin daha çox həbs edildiyi zaman kəsiyi kimi xatırlanır. Yəni bu adam indi onu canla-başla müdafiə edənlərin və onların sələflərinin başını sığallayan vəzifə sahibi olmayıb.

Hakimiyyət mənsublarına isə radikal müxalif dairələrin və xüsusilə də xaricdəki müxalif yutuber, blogerlrin münasibəti bəllidir. Eldar Həsənovun real tərəfdarlarının bu həbslə bağlı susqun mövqe sərgilədiyi halda, hakimiyyətə qarşı antoqonist mövqeyi ilə seçilən bəzi şəxslərin, hətta təsisatların Eldar Həsənovu açıq müdafiə etməkdə hansı maraqları ola bilər?

Eldar Həsənovun ən qatı tərəfdarı, yaxın dostu olan sabiq deputat Əlövsət Ağalarovdan jurnalist bu məsələ ilə bağlı güc bəla bir kəlmə münasibət öyrənə bilib. Onda da, nala-mıxa vurub. Onun başqa bir dostu olan professor Qulu Məhərrəmli isə Eldar Həsənovun açıq müdafiəsinə həsr etdiyi statusu tez bir zamanda silməyə məcbur olub.

Sonra Qulu Məhərrəmli bunu texniki nasazlıqla izah etsə də, onun arqumenti o qədər də inandırıcı görünməyib.
Eldar Həsənovun istər Baş prokuror işlədiyi, istərsə də səfirliyi dönəmində müxalif dairələrlə, müstəqil fikirli nüfuzlu adamlarla, QHT rəhbərləri və xüsusilə də yaxşı qələmi olan bir çox jurnalist, baş redaktorlarla yaxın münasibətləri olub.

Əminliklə demək olar ki, hakimiyyət əlində belə təzyiq mexanizmləri saxlayan təmsilçilərini sevmir.
Bunun izahı da çox sadə və məntilidir. Arqument budur ki, sən mənim hesabıma nüfuz və pul qazanıb , onu mənim rəqiblərimin bəslənməsinə xərcləməklə özünə nüfuz qazana bilməssən! Əslində, doğru olan yanaşmadır.

Zaman-zaman bu mövqeyə can atanların son aqibəti göz qabağında olub. Bunu etmək istəyən açıq şəkildə müxalifətə keçmirsə, hakimiyyət belə adamların nazı ilə niyə oynamalıdır? Eldar Həsənov harda olubsa, yalnız tutduğu vəzifənin çərçivəsində fəaliyyətlə kifayətlənməyib.

Təbiidir ki, uzun illərin bu inadkeşliyi onunla bağlı – çərçivəsinə sığmayan bir vəzifə sahibi, obrazı formalaşdırıb. Hiss edilir ki, hazırda dəbdə olan internet KİV-ləri Eldar Həsənov personasını o qədər də yaxından tanımırlar. Onunla bağlı təqdim edilən informasiyaların, yanaşmaların səthiliyi bunu deməyə əsas verir.

Eldar Həsənovun karyerasının ən pik dönəmi hakimiyyət-müxalifət münasibətlərinin gərgin perioduna təsadüf edir.
Həmin zamanda da Eldar Həsənov ipə-sapa yatmırdı və ən maraqlısı budur ki, müxalif mediadan əməlli – başlı dəstək alırdı. Köhnə jurnalistlər onun öz müavini olan, indiki Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovla “müharibəsini” yaxşı xatırlayır.

Bir az sonrakı dönəmdə isə DİN İstintaq İdarəsinin rəisi polkovnik Nİzami Qocayevi həbs etdirməklə Eldar Həsənov hakimiyyətin daxilində ciddi mövqelərə sahib olan başqa bir qrupa qarşı açıq savaş elan etdi. Məhz həmin gərgin anlarda Eldar Həsənov zamanın populyar müxalif informasiya resurslarından birmənalı dəstək alıb.

Yəqin ki, köhnə, məlumatlı həmkarlarım mənim yanılmadığımı təsdiqləyərlər. İndi görün daima hücumda oynayan, xarizmatik xüsusiyyətləri etiraf olunan, çox geniş maliyyə imkanlarına sahib və onlardan istifadədə xəsislik etməyən belə bir personanın hakimiyyətin daxilində nə qədər dəstəkləyicisi və tərəfdarı, hətta biznes ortaqları var?

Eldar Həsənova elan olunan maddələr onun vəzifə səlahiyyətlərini aşdığı, korrupsiya ilə məşğul olduğunu özündə ehtiva edir. Ancaq onu müdafiə edənlər nədənsə Eldar Həsənova bu maddələri yaraşdırmaq istəmirlər. Onun parlaq müdafiəçilərindən olan Qulu Məhərrəmlinin silinən stausunda maraqlı bir məqama diqqət edək:

“Onun külli miqdarda büdcə vəsaitini mənimsəməkdə ittiham olunması isə inandırıcı görünmür, çünki həm də bizneslə məşğul olan E.Həsənovun şəxsi kapitalı ona verilən büdcə vəsaitindən dəfələrlə çoxdur. Yəni o, səfirliyin qəpik-quruşuna göz dikməyi öz şəxsiyyətinə sığışdırmaz”.

Eldar Həsənovun külli miqdarda vəsaitinin olması ilə bağlı məsələdə hörmətli professorla ikiəlli razıyam. Ancaq bu pulun hardan əldə olunmasına Qulu müəllimin verdiyi izah elə Eldar Həsənovun korrupsionerliyinə şübhə yeri qoymur. O, demək istəyir ki, Həsənov bu pulu bizneslə məşğul olaraq əldə edib.

Müstəqillikdən bu yana Eldar Həsənov ya günc qurumlarında çalışıb, ya da diplomat olub. Hər iki vəzifə ona bizneslə məşğul olmağı qadağan edirsə, onda Eldar Həsənovun külli miqdarda vəsaitinin olduğu təsdiqləyən dostları həm də onun korrupsioner olmasına iki əlli razılıqlarını ifadə etmiş olurlar.

Çünki Eldar Həsənov üçün bu qədər varidadın əldə olunmasının bir yolu var, o da korrupsiyadır. Yəqin ki, onun müdafiəçiləri Eldar Həsənovun keçmiş prokuror Azər Vahabzadə ilə birlikdə iş adamlarının başına hansı zülmləri açdıqlarından xəbərsizdilər. Əminliklə demək olar ki, sabiq Baş prokurorun “biznes mayası”nın əsasını məhz həmin üsulla toplanan sərvətlər təşkil edir.

Belə bir nəticəyə gəlmək olar ki, istər siyasi şıltaqlığı, istərsə də korrupsionerliyinə şübhə olmayan Eldar Həsənovun həbsi təsadüfən baş verməyib. Hələ ki, istintaq gedir. Ola bilər ki, bu həbs və onun ətrafında cərəyan edən proseslər bizə yeni sürprizlər vəd etmiş olsun…

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …