Bazar , 29 Dekabr 2024
Drone Cameras

Ermənistanda anti-Rusiya isterikası – İrəvandan Kremlə Bakı şərti

İşğalçıdan 1 nömrəli müttəfiqinə qarşı de-marş; Təcavüzkar ölkə öz varlığına görə minnətdar olmalı olan tək dövlətə – Rusiyaya qarşı təhlükəli oyun içində; erməni ekspert: “Moskva ilə müqavilənin şərtlərinə təzədən baxmalıyıq…”

Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət mürəkkəb olaraq qalır. Əksər hərbi analitiklər hesab edir ki, döyüş əməliyyatları üçün ən əlverişli sayılan yay mövsümünün girməsi və sülh danışıqlarında davam edən durğunluq təmas bölgəsində yeni müharibə ehtimalını heç vaxt olmadığı qədər artırıb.

Sözsüz ki, ərazisinin 20%-i illərdir işğal altında olan Azərbaycan işğal rejiminin daha bir neçə il uzanması ilə barışa bilməz. O üzdən Bakı ən radikal variantı – hərbi güc yolu ilə işğalçını ərazilərimizdən çıxarmaq variantını daim gündəmdə saxlayır; bu varianta maksimum hazırlaşmaq üçün bütün resursları səfərbər edir.

Söhbət ən əvvəl ordumuzun müasir hərbi sistemlərlə təchiz edilməsi və onun döyüş qabiliyyətini artırmağa hesablanmış hərbi təlimlərdən gedir. Ötən həftə Bakıya Rusiya istehsalı olan yeni növ hərbi texnika və silahların gətirilməsi də təbii ki, eyni məqsədə xidmət edir.

*****

Bu arada “Global Firepower” analitik mərkəzi dünya ölkələrinin hərbi qüvvələrinin 2017-ci ilə olan reytinqini açıqlayıb. 132 ölkənin daxil edildiyi reytinq sıralamasında Azərbaycan ordusu 59-cu yerdə qərarlaşıb. Gürcüstan ordusu 80, Ermənistan ordusu isə 95-ci yeri tutub.

İlk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Fransa düşüb. Siyahıda qardaş Türkiyə ordusu 8-ci, İran isə 20-ci yerdə göstərilib. Reytinq sırası ölkənin havada, quruda və suda olan potensial imkanları nəzərə alınmaqla, 50 faktor əsasında tərtib olunub.

Bu hesabatdan da göründüyü kimi, Rusiya nə qədər öz forpostu Ermənistanı illərdir silahlandırmağa çalışsa da, fakt budur ki, Azərbaycan regionda ən güclü orduya malikdir və işğalçı üzərində təqribən ikiqat hərbi üstünlüyünü saxlayır. Bu da o anlama gəlir ki, silahlı qüvvələrimiz istənilən an torpaqlarımızı işğalçılardan təmizləyə bilər – yetər ki, üçüncü qüvvə, ilk növbədə də Rusiya buna qarışmasın.

Image result for Erevan

İndi qalır bu reallıqları düşmən tərəfin ciddiyə alıb doğru nəticə çıxarması. Düşmən isə deyəsən, nəticə çıxarmaq əvəzinə növbəti dəfə öz ağası Rusiyaya qarşı de-marş eləmək istəyir. Xəbər verdiyimiz kimi, öncə Ermənistanın müdafiə naziri Vigen Sərkisyan Azərbaycana Rusiya silahlarının növbəti partiyasının çatdırılması ilə bağlı keçirdiyi mətbuat konfransında bundan narahatlığını dilə gətirib.

Dünən isə Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan Rusiyadan giley-güzar ovqatında bildirib ki, heç bir başqa qüvvəyə ümid bağlamağa lüzum yoxdur. Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, Köçəryan deyib ki, Ermənistan öz təhlükəsizliyini təmin eləmək məsələsində ən əvvəl özünə güvənməlidir. “Kiməsə başqasına həddən artıq güvənmək bizi yanlış istiqamətdə çox uzağa apara bilər. Rusiya bizim müttəfiqimizdir, biz buna böyük əhəmiyyət veririk. Ancaq ona izafi ümidlər də bağlamamalıyıq” – Ermənistan XİN başçısının müavini əlavə edib.

*****

Məsələ də elə ondadır ki, Rusiya yalnızca Ermənistanın hərbi-siyasi müttəfiqi deyil, hər şeydən öncə Ermənistan adlı saxta erməni dövlətinin əsas varlıq qarantıdır. Belədirsə, İrəvanın Moskva ilə şərt dilində, təhdidlə danışmaq cəhdi absurd olmaqla yanaşı, həm də siyasi abırsızlıq nümunəsidir.

Aydındır ki, işğalçı tərəfi qəzəbləndirən həm də Bakıya növbəti partiya Rusiya hərbi texnikasının cəbhədə 6 erməni hərbçisinin öldürülməsindən cəmi bir neçə gün sonra çatdırılmasıdır. Yəni əslində bununla İrəvana bir daha əyan olmalı idi ki, rəsmi Kreml üçün Qarabağ münaqişəsi zonasında nə qədər erməni hərbçisinin məhv edilməsi yox, öz maraqları önəm kəsb edir.

Image result for Kreml

Daha dəqiqi, Rusiya heç vaxt öz regional maraqlarını Ermənistanın cari maraqlarına qurban verməyəcək. Belədirsə, o zaman məntiqlə, Ermənistanın daha böyük itkilərdən qaçması üçün Azərbaycanla dil tapması ən məqbul yol olmazdımı? Bununla Kremlin konfliktdən yararlanıb Azərbaycanla Ermənistanı silahlandırması və onları qarşı-qarşıya qoyması da gündəmdən çıxmış olardı.

Təəssüf ki, işğalçı ölkə hələ də Qarabağdakı mifik “qələbə”nin mənasız eyforiyası içindədir və Rusiyanın ondan ötrü hər şeyə gedəcəyinə inanır. Eyni zamanda ara-sıra Rusiyanın başı üzərindən Qərbə doğru təhlükəli gedişlər etməyə çalışır, Kremlin bostanına “daş” atır. Yenə İrəvanda Kremli qıcıqlandıran anti-Rusiya isterikası baş qaldırıb. Hətta absurd təkliflər səslənir.

*****

“Ermənistan qüvvələr balansını və öz təhlükəsizliyini qorumaq üçün (?!-red.) Rusiya ilə müqavilələrə yenidən baxmalıdır”. Musavat.com-un erməni portalına istinadən verdiyi xəbərə görə, bu barədə erməni politoloq Manvel Sərkisyan deyib. “Moskva Azərbaycana təsirini saxlamaq üçün Baklıya silahlar satır. Ancaq Rusiyanı bunun mümkün nəticələri maraqlandırmır”, – deyə Sərkisyan qeyd edib. Onun sözlərinə görə, yaranmış vəziyyətdə Ermənistan müstəqil siyasət yürütməlidir.

Image result for Azərbaycana Rusiyadan silah

“Rusiya-Ermənistan müqavilələri imzalananda orada nəzərdə tutulmamışdı ki, Rusiya Azərbaycanı da silahlandıracaq. Madam, Moskvanın siyasəti dəyişib və o, bizi təhdid edən ölkəni silahlandırır, o zaman Ermənistan hakimiyyəti müqavilədəki şərtlərə təzədən baxmalıdır” – erməni analitik bildirib.

Image result for Azərbaycana Rusiyadan silah

O, bu xüsusda İrəvanın üçüncü ölkədən silah almaqla bağlı məhdudiyyəti götürməyi də təklif edib. “Ermənistan özü, Rusiyanın iştirakı olmadan öz təhlükəsizliyini təmin eləmək məsələsini həll eləməli, alternativlər axtarmalıdır”, – deyə Sərkisyan əlavə edib.

*****

Ancaq Ermənistan Rusiya xaric, bu alternativləri harda axtarıb tapacaq, necə müstəqil siyasət yürüdəcək və kimdən və hansı vəsait hesabına müasir silahlar alacaq, ki, Azərbaycan torpaqlarının işğalını da davam etdirsin? Yəni doğrudanmı İrəvanda sadəlövhcəsinə ümid edirlər ki, Kreml arxadan çəkiləndən sonra da Azərbaycan işğalçıya qarşı dözüm göstərəcək? 
Sual əlbəttə ki, ritorikdir. Ötən ilin aprel döyüşləri də gərək düşmənə dərs olsun: Moskvanın bitərəf qalması yetər ki, Azərbaycan ərazilərimizdəki çağırılmamış qonağı öz evinədək qovsun.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir