İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, xaricdə yaşayan hər bir azərbaycanlı daspor təşkilatını kiçik Azərbaycan dövləti kimi tanımalı, sevməli və ona arxalanmalıdır: “Müasir dünya milli dövlətlər erasından mühacir dövlətlər erasına qədəm qoymaqdadır. Artıq dövlət siyasətinin sərhədlərinin milli sərhədlərdən çıxarılması və vətəndən uzaqda vətənin müdafiəsini təşkil etməyin vaxtıdır. Bu gün qlobal dünyada diaspora və lobbiçilik fəaliyyəti dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir.
Bu baxımdan, lobbi və diaspor fəaliyyətinin düzgün qurulması effektli xarici dövlət siyasətinin həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edir. Diasporların qarşısında qoyulmuş işin öhdəsindən gəlməsi diasporun təşkili və fəaliyyət istiqamətlərinin düzgün müəyyən edilməsindən çox asılıdır. Məlumdur ki, Azərbaycan diasporu klassik diaspor kimi formalaşmır. Başqa xalqların diasporları adətən kompakt məskunlaşdığından, onları təşkil etmək çətinlik törətmir.
Amma gənc Azərbaycan diasporu xarici ölkələrdə dağınıq məskunlaşdığından, onların fəaliyyətinin təşkili ciddi çətinlik törədir. Buradan da diaspor üzvləri ilə işin spesifik qurulması üzə çıxır. Diaspor üzvlərinin diaspor işinə cəlb edilməsi üçün xüsusi proqram hazırlanmalıdır. Əgər bir cümlə ilə diasporun fəaliyyətinin mahiyyətini müəyyən etsək, onda aydın olacaq ki, diaspora dövlətin xarici siyasətinin effektliyini artırmağa xidmət etməlidir. Diasporun təşkili nə qədər vacibdirsə, ona nəzarət bir o qədər böyük önəm daşıyır.
Bu baxımdan da biz diasporlarımıza kimlərin rəhbərlik etdiyinə ciddi nəzarət etməliyik. Milli təəssübü olmayan və həmin parametrlərə uyğun gəlməyən adamların diasporu nəzarətə keçirməsinə imkan vermək olmaz. Nəzarət olmayan heç bir fəaliyyət məqsədyönlü və effektli ola bilməz.
Diaspor fəaliyyətinin şəffaflığı diasporlar üzərində ictimai nəzarətin təşkilinə xidmət edir. Buna görə də ilk növbədə diaspor fəaliyyətinin şəffaflığı təmin olunmalıdır. Diaspor fəaliyyətində soydaşlarımızın və xüsusən Azərbaycan dövlətinin maraqlarının müdafiə olunması üçün dəstək olmalıdır. İmkan vermək olmaz ki, diasporumuz hansısa kriminal dairələrin əlində oyuncağa çevrilsin”.
Artıq vətəndən uzaqda dünyaya gələn yeni azərbaycanlılar meydana çıxmağa başlayıb. Bu azərbaycanlıların layiqli diaspor təşkilatlarında təmsilçiliyinə böyük ehtiyac var.
Məhəmmədəli QƏRİBLİ