Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Sahibkarların pulunu verməyən Zakir Fərəcov indi də Türkiyənin bayrağı və şəhid plakatını sökdürür – VİDEO

Uzun müddətdir ki, Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarların pulunu mənimsəməkdə ittiham olunan Sumqayıtın icra başçısı Zakir Fərəcov indi də yeni qalmaqalla gündəmə gəlib. Azinforum.az-a təqdim olunan videodan görünür ki, Tovuz hadisələri zamanı şəhid olan general Polad Həşimov və başqalarının xatirəsinin anılması üçün Sumqayıtda ucaldılan plakatın və Türkiyə bayrağının sökülməsinə cəhd olunub.

Həmin hadisəni törətmək istəyənlər özlərini rəsmi qurumların əməkdaşları kimi təqdim edib və addımı rayon rəhbərliyinin göstərişi ilə atdıqlarını bildiriblər. Tanınmış jurnalist Toğrul Allahverdilinin bu məsləyə reaksiyası belə olub:

“Bu hərəkətin bir adı var, Cənab Prezidentə və onun siyasi kursuna xəyanət!!! Hadisə Sumqayıt şəhərinin 12-ci mikrorayonunda baş verib. Əraziyə gələn İcra Hakimiyyətinin işçiləri Azərbaycan bayrağı qədər bizə əziz olan, şərəfimizi tərənnüm edən Türkiyə bayrağını endirməyə cəhd ediblər. Sumqayıt şəhər İcra Hakimiyyəti nə etdiyini bilirmi? Bu nə əxlaqsızlıqdır? Bu nə təxribatdır? Türkiyə-Azərbaycan dostluğu qardaşlığı Zakir Fərəcovu niyə bu qədər narahat edir? Sumqayıtdan seçilən deputatlar səsiniz gəlsin…”

Doğrudan da, Zakir Fərəcovun həssas bir məqamda belə addım atması maraqlı görünür. Məlumdur ki, ölkə başçısı bir neçə gün əvvəl, Yunanıstanın ölkəmizə yeni təyin edilmiş səfirinin etimadnaməsini qəbul edərkən Türkiyəni diplomatik ifadələrlə deyil, açıq mətnlə müdafiə etmişdi. Sitat:

“Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu, sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.

Göründüyü kimi, ölkə başçısı Rusiya kimi bir qonşumuzun Ermənistanı silahlandırdığını da bir neçə dəfə açıq ifadə edib. Belə dar məqamda bizə birmənalı dəstəyi verən ölkə Türkiyədirsə və bu dövlət başçısının siyasətində, nitqlərində ifadə olunursa, Zakir Fərəcov niyə bu münasibətlərə özfəliyyətilə xələl salmaq istəyir?

Foto: Samir Adıgözəlli

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Azinforum.az-a bu hərəkəti edənlərin təcili şəkildə cəzalandırmalı olduğunu bildirdi:

“Ölkədə icra başçıları ilə bağlı ciddi tədbirlər görülür. Daha çox barəsində narazılıq səslənən başçılardan biri də məhz Zakir Fərəcovdur. Uzun müddətdir ki, ölkə gündəmində Zakir Fərəcovun şəhərin abadlaşmasında iştirak edən sahibkarların pulunu ödəmədiyinə dair mövzu müzakirə olunur. Mən təəssüf edirəm ki, bu məsələ hələ də öz həllini tapmayıb. İlin günün bu vaxtında hansısa məmur niyə çoxlu sayda sahibkarı dövlətdən narazı salmalıdır? Görünən budur ki, Fərəcov yalnız iqtisadi sahədə deyil, həm də siyasi sahədə ciddi yalnışlıqlara yol verir. Onun Sumqayıtda atdığı son addım birbaşa ölkə rəhbərliyinin yürütdüyü siyasətlə təzad təşkil edir”.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …