“Azərbaycan-Türkiyə münasibətləri inkişaf etməlidir. Azərbaycan 30 ildir müstəqildir və bu müddətdə Türkiyə hər zaman yanımızda olub. Xüsusilə, hərbi və təhsil məsələsində. Nəzərə alın ki, zamanında mən bu işin içində olmuşam, 160 şəxsi gizli şəkildə Türkiyənin hərbi akademiyalarında təhsil almağa göndərmişəm. Halbuki Türkiyə heç vaxt əcnəbi tələbələri hərbi məktəblərinə qəbul etməyib. Bu işin “mətbəxti”ni bildiyim üçün deyirəm ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Amma son 30 ildə Azərbaycanı idarə edən şəxslərin bəziləri “Beşinci kolon”un nümayəndələri olublar”.
Bunu Reyting.az-a açıqlamasında sabiq təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilov Azərbaycan-Türkiyə münasibətlərindən danışarkən deyib.
Onun sözlərinə görə, “Beşinci kolon”un başında gedən də məlum şəxsdir, hansı ki, onu bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad ediblər: “Həmin şəxs bu gün vəzifədən guya gedib, əslində onun kadrları iş başındadır. Özü isə AMEA kimi elm ocağına rəhbərlik edir, on minlərlə alim onun əlinin altında çalışır. İndiyə qədər gördüklərini açıq edirdisə, indi də gizli şəkildə edir. Belə bir şəraitdə Azərbaycanla Türkiyənin yaxınlaşması mümkün deyil və ya çətindir. Həmin “Beşinci kolon”un müsahibələrinə diqqət edin. Ancaq “Rusiya, Rusiya”,- deyərək bütün nifrətlərini türkə qarşı çevirir”.
F. Cəlilov
Professor bildirib ki, türkçü olduğuna görə 27 ildir onu da “qara siyahı”ya salıblar:
“Təsəvvür edin, məni nə televiziya kanallarına buraxırlar, nə də institutda müəllim işləməyimə şərait yaradırlar. Üstəlik, kitablarımın çapına da imkan vermirlər. Bunu edən “Beşinci kolon”un başında duran şəxsdir. İndi də böyük elm ocağını veriblər onun ixtiyarına. Belə bir atmosferdə Azərbaycan-Türkiyə yaxınlaşması qeyri-mümkündür. Onlar uzun illər bu yaxınlaşmaya maneə olublar, elə indi də olurlar. Nə qədər ki, onların əlində imkanları, resursları mövcuddur, o cümlədən kanalları, media qurumları, icra başçıları, kadrları varsa, Azərbaycan-Türkiyə yaxınlaşmasına mane olacaqlar”.
F. Cəlilov R. Mehdiyevin hakim düşərgədə təmsil olunan bəzi şəxsləri hədələməsinə də diqqət çəkib: “Adam açıqlama verərək deyir ki, məni yandıran vaxtilə vəzifəyə qoyduqlarımın məni tənqid etmələridir. Üstəlik, əlavə edir ki, onların iç üzünü açsam, ölkədən qaçarlar. Deyir ki, onlar haqqında kompromatlarım var. Adam özü-özünü ifşa edir. Sözündən anlaşılır ki, barəsində kompromat olan adamları vəzifəyə gətirmişəm ki, əmrlərimi yerinə yetirsinlər. Bu, açıq görünən haldır və ona şərh verməyə də ehtiyac yoxdur. Belə halda rusmeylilər istədiklərini edirlər”.
Professor sonda əlavə edib ki, ölkədə rusdilli məktəblərin sayı artıb, rus dilinə “yaşıl işıq” yandırılıb və s. Bunlar Türkiyə ilə sıx əlaqələrin yaranmasına maneədir. Amma bütün bunlara baxmayaraq, Anadolu türkləri də, Azərbaycan xalqı da qardaş olduğunu bilir və qardaşlıq əlaqələri getdikcə güclənəcək.