Adil Qeybulla: “…insan sıxlığı xəstəliyin yayılmasına səbəb olur”
Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,3 faizi həmin rayonun payına düşür.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Ümumi yoluxma hallarının 56,2 faizi paytaxtda qeydə alınıb.
Korononavirus infeksiyasının ölkəmizdə yayıldığı ilk vaxtlardan bəri yoluxma sayına görə Binəqədi rayonu üstünlük təşkil edir. Maraqlıdır, Binəqədi rayonunda virusa yoluxanların üstünlük təşkil etməsinin səbəbi nə ilə bağlıdır?
- “Binəqədidə virusun geniş yayılması səbəblərindən biri də həmin bölgədə yaşayan sakinlərin məsuliyyətsiz davranışlarıdır”
Professor, həkim-ekspert Adil Qeybulla qeyd etdi ki, son günlər ölkəmizdə koronavirusa yoluxmada artım müşahidə olunması karantinin yenidən sərtləşməsinə səbəb ola bilər: “Yoluxma sayının artması davranışlara bağlıdır. İnsanlar qapalı məkanlarda maskadan istifadə etməməyə davam edirlər. Maskası olanlar da ya burundan aşağıda, ya da əllərində saxlayırlar. Xəstəliyin indi subklinik formasında gəzənlər çoxdur. Çünki virus xeyli zəifləyib. Lakin maksimum dərəcədə diqqətli olmaq lazımdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, insanlar məsələyə bir qədər laqeyd yanaşırlar. Ciddi karantin tədbirləri görülməsə, itkilərimiz çox ola bilər. Binəqədi rayonunda yoluxma sayının artmasına gəlincə, həmsöhbətimiz bildirdi ki, həmin ərazidə əhalinin sayının çox olması, insan sıxlığı xəstəliyin yayılmasına səbəb olur: “Adıçəkilən rayonda virusun geniş yayılması səbəblərindən biri də həmin bölgədə yaşayan sakinlərin məsuliyyətsiz davranışlarıdır”.
Günel CƏLİLOVA