Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistanın azərbaycanlı icmasının BƏYANATI

Sentyabrın 27-də Ermənistan slahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq rəşadətli Azərbaycan ordusunun əks-hücumları davam edir. Düşmən geri oturdularaq, 30 ildən bəri erməni faşist rejiminin işğalı altında olan ərazilərimiz geri qaytarılır.


30 ildən artıq dözümlülük göstərən, problemin sülh yolu ilə həlli üçün bütün vasitələrə əl atan, lakin hər dəfə ermənilərin bu danışıqları pozduğunu, beynəlxalq təşkilatların, bu prosesdə iştirak edən dövlətlərin isə gözləmə mövqeyi tutduğunu, bununla işğalın ömrünü uzatmağa xidmət etdiyini görən Azərbaycan tərəfin artıq səbr kasası daşmışdır. 30 ildir insanlarımız qaçqın, köçkün vəziyyətində yaşayır, dünyadan köçənlərimiz torpaq həsrətilə gözünü yumur, dünyaya gələnlərimiz nənə-babalarının doğma yurd yerləri haqqında nağıllarına qulaq asa-asa böyüyür.


Bu gün Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin iradəsi ortadadır: işğal altındakı torpaqlarımız son qarışına qədər azad edilməlidir. Məcburi köçkünlərimiz öz doğma kəndlərinə, doğma evlərinə dönməlidirlər və ermənilər, Ermənistan Respublikası 30 il ərzində o torpaqlarda xalqımıza və dövlətimizə vurduğu ziyanı son qəpiyinə qədər ödəməlidir.


Lakin 1988-ci ildən bəri ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər təkcə işğal altındakı 20 faiz torpaqlarımızla bitmir. Ermənilər 1988-1991-ci illərdə – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk mərhələsində tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan Respublikası ərazisindən 300 min nəfər soydaşımızı yalnız etnik və dini mənsubiyyətinə – azərbaycanlı və müsəlman olduqlarına görə soyqırımına məruz qoymuş və deportasiya etmişdir. Bu, bütün beynəlxalq qanunlara ziddir, hüquqi və insanlıq cinayətidir və bu gün də qaçqın həyatı yaşayan 300 min nəfər azərbaycanlı qaçqının, onların yüz minlərlə övladının öz tarixi yurdlarına, dədə-baba ocaqlarına qayıtmaq hüququ vardır.


Lakin təəssüflə bildiririk ki, son 30 ildə Dağlıq Qarabağdakı erməni icmasının hüquqlarından ağız dolusu danışan, bu gün Azərbaycanın öz haqlı savaşından əl-ayağa düşən bəzi beynəlxalq təşkilatlar bir dəfə də olsun dədə-baba yurdlarından qovulmuş Ermənistanın azərbaycanlı qaçqınlarının hüquqlarını yada salmayıb və bu gün də yada salmır.


Azərbaycan Qaçqınlar Cəmiyyəti və Ermənistanın azərbaycanlı icması olaraq bəyan edirik ki, işğal altındakı torpaqlarımızın son qarışı azad edilənədək Azərbaycan ordusunun və Azərbaycan prezidentinin yanındayıq. Azərbaycanın işğal altındakı bütün torpaqları azad edildikdən sonra terrorçu Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin 1988-1991-ci illərdə Ermənistandan qovulmuş qaçqınlarımızın öz dədə-baba yurdlarına qayıtması hüququnu tanımasını da tələb edirik.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …