Çərşənbə , 25 Dekabr 2024
Drone Cameras

“Rusiya bu sanksiyalara cavab vermək məcburiyyətindədir”

Trampın RF-i şər oxuna qoşması V.Putini cavab reaksiyasına təhrik etdi.

ABŞ prezidenti D.Trampla RF prezidenti V.Putinin görüşü nəhayət ki, baş tutdu. Bu D.Tramp üçün prezidentliyi dövründə ən uzun müddətli görüş idi. İki prezident arasında əlaqənin digər vacib məqamı Hamburqda ikinci dəfə görüşmələridir. İkinci görüş də təxminən bir saatdan çox çəkdi. İki saatdan çox çəkən birinci görüşə nisbətən ikinci görüş az davam etsə də ikinci görüş də D.Trampın digər rəsmi görüşləri ilə müqayisədə ən azı iki dəfə uzundur. D.Trampın bütün rəsmi görüşləri cəmi yarım saat çəkir.

D.Trampla V.Putinin görüşü ABŞ-da ictimai-siyasi mühiti daha da aktivləşdirdi. ABŞ siyasiləri prezidentlərin birinci rəsmi görüşü barədə müxtəlif antiTramp fikirlər səsləndirməsi fonunda mətbuat D.Trampın Hamburqda qeyri-formal şəraitdə V.Putinlə ikinci dəfə görüşü barədə məlumat yaydı. Bəlli oldu ki, görüşdə Amerika tərəfindən hətta tərcüməçi də iştirak etməyib, tərcüməçilik edən də rusiyalı imiş.

ı. ABŞ tərəfindən mətbuata sızdırılan məlumata görə guya Tramp V.Putinə səsini qaldırıb, iki saat yarımlıq vaxtın təkcə 45 dəqiqəsi RF-in ABŞ-dakı seçki proseslərinə qarışmasına həsr olunub. Tramp bu mövzuda iki dəfə V.Putinə təzyiq edib və istədiyini alıb.

ıı. V.Putin Hamburqdan öz ölkəsinə qayıdarkən təyyarəsi 500 km məsafə qət edərək NATO ölkələrinin səmasına daxil olmaqdan yayındı. Bu, V.Putinin Trampla keçirdiyi görüşə verdiyi strateji qiymət idi. Görüşün nəticəsinə etibar etsəydi təyyarəsinə ABŞ-ın əmri ilə idarə olunan NATO ölkələrinin hücum edəcəyindən şübhələnməzdi.

ııı. Prezidentlərin görüşündən az keçmiş hər iki tərəf bir-birinə qarşı sərt ritorikadan istifadə etdi. S.Lavrov az qala ABŞ-ı oğru adlandırdı.

ıv. ABŞ konqresi və senatı RF, İran və KXDR-ə qarşı sanksiyaları təsdiqlədi. Rusiya bu sanksiyalara cavab vermək məcburiyyətindədir. Əvvəlki sanksiyalar təkbaşına Rusiyaya qarşı tətbiq olunmuşdu. İndi Rusiya ABŞ-da KXDR və İranla bərabər tutulur. Vaxtilə ABŞ-da şər oxu üçlüyü mövcud idi. İndi burada İraqı Rusiya əvəzləyir. RF ABŞ sanksiyalarına qarşı güzgü cavabı verdi. 750 ABŞ diplomatı RF-i tərk etməlidir. ABŞ-da və RF-də bərabər sayda (455) diplomat fəaliyyət göstərməlidir. RF Moskva şəhərinin mərkəzində ABŞ səfirliyinə məxsus mülkiyyəti ondan aldı və diplomatlardan qısa müddət ərzində oranı tərk etməyi tələb etdi. RF prezidenti V.Putinin fikrincə, ABŞ-la Rusiya arasında münasibətlərin normallaşması yaxın vaxtlarda baş verməyəcəkdir. Yeri gəlmişkən ABŞ Rusiyaya qarşı daha əlavə sanksiyalar üzərində düşünür. konqresi İran və KXDR-lə yanaşı Rusiyanın da adını yeni sanksiyalar siyahısına qoşdu.

v. Pentaqon Rusiyanı ABŞ üçün ən təhlükəli dövlət elan etdi. Bəlli parametrlərlə yanaşı iki parametri də təqdim etdi. Birincisi, RF nüvə dövlətidir. İkincisi, RF kiber hücumlar təşkil etmək imkanına malik olan dövlətdir.
vı. RF ABŞ-dan THAAD RƏMS-ləri öz sərhədlərinə yaxın ərazilərdən yığışdırmağı tələb etdi.

vııı. ABŞ-la Rusiya arasında KXDR məsələsi üzrə fikir ayrılığı qalır.

RF Müdafiə Nazirliyi KXDR-ın növbəti raket sınağını RF üçün təhlükə yaratmadığını bildirdi. ABŞ KXDR-i qitələr arası ballistik raket sınağından narahatdır və bunun məsuliyyətini RF-lə ÇXR-in üzərinə qoydu. RF KXDR-ə humanitar yardım adı ilə 800 ton un göndərdi.

2. Ukraynanın ABŞ-la əlaqələri intensivləşdirmək təşəbbüsləri əks effekt yaradır:

ı. Ağ Ev Ukraynanın indiki hakimiyyətini seçkiqabağı dövrdə demokratlara kömək etməkdə ittiham etdi.
ıı. ABŞ Dövlət Departamenti Minsk danışıqlarını tam dəstəklədiyini bildirdi.
ııı. ABŞ Dövlət Katibi R.Tillerson Ukrayna üzrə xüsusi nümayəndənin təyin edilməsini RF-in təklifi üzrə edildiyini bildirdi. Kurt Volker ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi təyin edildi. Bu faktiki Surkov-Nuland formatının davam etdiriləcəyinə vacib işarədir.

ABŞ Dövlət Katibi R.Tillerson Kiyevə səfər etdi və prezident P.Poroşenko ilə görüşdü. İki ölkə arasındakı əlaqələrin genişləndirilməsinə razılaşdı.

ABŞ 1 tonu 113 dollar olmaqla ilin sonunadək Ukraynaya 700 min ton daş kömür satmaq barədə qərar qəbul etdi.

RF prezidenti V.Putin Almaniya kansleri A.Merkel, Fransa prezidenti E.Makron və Ukrayna prezidenti P.Poroşenko saat yarımlıq telefon danışığı zamanı Donbasdakı vəziyyəti müzakirə etdilər.

Separatçı Donetsk Xalq Respublikasının başçısı A.Zaxarçenko Malorossiya dövlətinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Malorossiya Ukraynanın ruslar tərəfindən verilmiş tarixi adıdır. Bununla da Donbas bütün Ukraynanın ərazisinə iddia etdiyini ortalığa qoydu. “Malorossiya” terminin “Novorossiya” termininin sıradan çıxmasından sonra dövriyyəyə buraxılmasını vacib geosiyasi mesajı var. “Novorossiya” termini ilə RF Ukraynanın bir qisminə-şərqinə iddia etdiyini bildirdiyi halda “Malorossiya” termini ilə RF bütövlükdə Ukraynanın ərazisinə iddia etdiyini bildirir. RF-in ATƏT-dəki nümayəndəsi A.Lukaşeviç rəsmi Moskvanın Malorossiyadan xəbərsiz olduğunu bildirdi. RF prezidenti V.Putinin köməkçisi V.Surkov isə Malorossiyanı təsəvvür olunan dövlət adlandırdı və bununla da Donbasın Ukraynanın parçalanması uğrunda deyil, bütövlüyü uğrunda vuruşduğunu göstərdiyini bildirdi. Bununla yanaşı V.Surkov Malorossiya ideyasını “hayp” başqa sözlə, blef proyekt adlandırdı. Ukrayna XİN Malorossiyanı Rusiyanın Abxaziya siyasəti ilə müqayisə etdi.
Polşanın xarici işlər naziri V.Vaşikovski Bandera mədəniyyətli Ukraynanın Avropaya daxil ola bilməyəcəyini bəyan etdi. Buna görə Ukrayna XİN Polşa səfiri Yan Peklonu dəvət etdi və nazirin bəyanatından məyusluğunu bildirdi.

3. NATO-da antirusiyaçılığın güclənməsi Ermənistanın marağını daha artırıb.

Ermənistan yenidən kəskin antiRusiya mövqeyindədir:

I. RF Dövlət Dumasında RF ərazisində konkret olaraq sürücülük vəsiqəsinin tanınması müzakirəsi zamanı Ermənistan respublikasının sürücülük vəsiqəsinin tanınmaması Ermənistanda narazılıq yaratmışdı. Ermənistan tərəfi bu problemi Rusiya qarşısında qaldırdı. Əlavə olunan dəyişikliklərdə rus dilinin dövlət statusuna malik olduğu ölkələrin sürücülük vəsiqəsinin Rusiya ərazisində tanınması barədə dəyişiklik əlavə edildi. Bu da erməniləri qane etmədi. Ermənistan parlamentinin yeni spikeri A.Babloyan RF Dövlət Dumasının spikeri V.Volodinlə görüşəndə bu məsələni bir daha qaldırdı. Volodin məsələnin həlli üçün Ermənistanda rus dilinə dövlət statusu verməyi təklif etdi. V.Volodinin bu təklifi Ermənistanda bomba effekti yaratdı. İqtidarlı müxalifətli bütün deputatlar, müstəqil və ya müxalifətçi bütün ekspertlər kəskin surətdə bu ideyanın əleyhinə çıxdılar: Ermənistanda rus dili heç zaman dövlət dili statusu ala bilməz. Təhqirli ifadələr işlədildi.

Bunun nəticəsi olaraq Ermənistanın AİB-dən çıxmaq məsələsi aktuallaşdırıldı. Prezident S.Sərkisyan vəziyyəti cilovlamaq üçün komandasına təlimat verdi. Ermənistan təbliğatının ağır çəkililəri, parlamentin vitse-spikeri, hakim “Respublika” partiyasının mətbuat xidmətinin rəhbəri E.Şarmazanov, “Respublika” partiyasının sədr müavini, keçmiş təhsil naziri, parlamentdə komissiya sədri A.Aşotyan “AİB-dən çıxmaq üçün heç bir siyasi və iqtisadi əsasın olmadığı” tezisini dövriyyəyə buraxdılar. E.Şarmazanov bir az da irəli gedərək AİB-ə üzv olduqdan sonra qazın qiymətinin ucuzlaşdığını bildirdi. Ermənistanın siyasi elitası, o cümlədən prezident S.Sərkisyan antiRusiya fikirlərin hal-hazırkı dövrdə təhlükəli olduğunun mahiyyətini başa düşür. Amma bu S.Sərkisyana xarakterik xüsusiyyətdir. AİB-dən çıxmaq təşəbbüsünün müəllifi olan Edmon Marukyan Ermənistanda çox məhdud dairədə nüfuza malikdir. S.Sərkisyanın dəstəyi olmasaydı, o deputat seçilə bilməzdi.

II. Ermənistan NATO-nun Rumıniyada keçirilən hərbi təlimlərində iştirak etdi. Hal-hazırda Gürcüstan ərazisində keçirilən NATO-nun hərbi təlimində iştirak edir. Digər belə təlimdə də iştirakına razılığını verib və hazırlaşır. Ermənistanın NATO ilə əlaqələrinin inteqrativ mahiyyətli olmasını NATO Baş Katibinin Qafqaz və Cənubi Asiya üzrə köməkçisi C.Appaturayın Ermənistana son səfəri bir daha göstərdi. RF-NATO münasibətləri Ermənistan rəhbərliyinə bəllidir. NATO-nun Qarabağ məsələsində Ermənistana dəstək verməməsi də aydındır. Türkiyə NATO-nun üzvüdür. Bu parametrlər çərçivəsində Ermənistan NATO-ya can atırsa, deməli bunun mahiyyəti antirusiyaçılıqdır. Ermənistanda müəyyən qruplar NATO qrantlarından pul qazanırlar. Amma əgər pul prizmasından məsələyə yanaşsaq Aİ Ermənistana daha çox pul təklif edə bilər. NATO-dan fərqli olaraq Aİ sərt antirusiyaçılıq nümayiş etdirə bilmir. NATO Rusiyaya qarşı mövqeyini sərtləşdirdikcə, Rusiya ətrafında hərbi qüvvələr topladıqca, Ermənistanın NATO-ya doğru meyli daha da güclənir. NATO-ya doğru belə siyasətin müəllifi prezident S.Sərkisyandır. S.Sərkisyan təlimat verəcəyi təqdirdə rəsmi təbliğat maşını NATO-nun əleyhinə danışacaqdır. NATO-nun əleyhinə danışılmırsa deməli, prezident S.Sərkisyan belə istəyir.

Bəzi məsələlərdə Ermənistanın Rusiyadan qorxması fonunda NATO ilə əlaqələrə can atmaqda davam etməsi rəsmi Yerevanın NATO ilə artan münasibətlərinin təkcə rəsmi Yerevanın deyil, rəsmi Yerevanla Moskvadakı ermənilərin və erməni lobbisinin birgə işinin məhsulu olduğunu göstərir. Məhz ermənilər NATO ilə artan əlaqələrini maskalamaq üçün Azərbaycanı belə antiRusiya sifətdə təqdim edə bildilər.

Ermənistanın NATO ilə əlaqələrinə Rusiya tərəfinin reaksiya verməməsi bəzi erməni ekspertlərini xeyli ruhlandırıb. Onların fikrincə, Rusiya Cənubi Qafqaz regionunu NATO-ya təhvil verib. ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini bir qrup erməni eksperti sevinclə qarşılayıb və bu sanksiyaları ermənilərin xeyrinə şərh edirlər. Rəsmi Yerevanı Kremlin təzyiqi ilə antiABŞ bəyanatlar verməməyə çağırırlar.

III. “Rusiyanın sonu”, “Rusiya imperiyasının qürubu”, “Rusiyanın dağılmasının ikinci mərhələsi başlana bilər”, “V.Putin hakimiyyətinin sonu” və s. bu kimi terminlər Ermənistanın siyasi elitasında və mətbuatında aparıcı terminlərə çevrildi. İctimai-siyasi mühitdəki bu dəyişikliyi təkcə qərbin qrantlarına bağlamaq düzgün deyil, hakimiyyətin də vacib rolu var.

IV. “Ermənistanda ABŞ-ın kiçik də olsa hərbi bazasını yaratmaq lazımdır” politoloq Q.Ambaryanın bu təklifi mətbuatda geniş rezon yaratmasa da hər halda daxili müzakirələrin ciddi hədəfi olması istisna deyil.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir