ABŞ-ın Nyu-York şəhərində bir qrup azərbaycanlı gənc ağız və gözlərini bağlayaraq beynəlxalq təşkilatların Ermənistanın Azərbaycanda mülkü əhaliyə qarşı törətdiyi qanlı cinayəti gözməzdən gəlməsini, qərb mətbuatının yaşananlara susmasına etirazlarını bildiriblər.
“Report”un xüsusi müxbiri xəbər verir ki, aksiya iştirakçıları ABŞ mətbuatını Azərbaycana dəstəyə səsləyib, beynəlxalq təşkilatları bu işğala və hücumlara qarşı ölkəmizlə həmrəy olmağa çağırıblar.
Azərbaycan-Nyu York Assosiasiyasının prezidenti Ərcan Yerdələnli “Report”a bildirib ki, beynəlxalq ictimaiyyət erməni təxribatını görməzdən gələrək onların yalanlarını təbliğ edirlər: “Ancaq sevindirici haldır ki, ABŞ-da ermənilərin mənfur əməllərindən xəbərdar olan xeyli sayda jurnalistlər var və onlar bu günlərdə sosial media üzərindən Azərbaycanda baş verənlərə səssiz qalmırlar. Son günlərdə xüsusilə Gəncə şəhərində ermənilərin törətdiyi növbəti qanlı cinayət əməlini bir çox qərb mediasının paylaşdığını gördük. ABŞ-da təhsil alan azərbaycanlı gənclərin hədəfi bütün güclərini birləşdirərək Azərbaycanın səsi olmaqdır. Düşünürəm ki, son günlərdə bu niyyətimizdə uğurlu yol qət etmişik”.
Vüsalə Abbasova