“Tam məsuliyyətlə deyirəm ki, bəyanata əsasən Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılan insanların çıxarılmasından sonra oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu bu missiyanı bu gün yerinə yetirməyə hazırdır: “Artıq əhalinin tərk etmə prosesi baş tutur. Azərbaycan Müdafiə Nazirliyi yüksək texnologiyaya malikdir. Heç bir təxribata yol verilmir”.
O, qeyd edib ki, Azərbaycan Ordusu Kəlbəcərə Göygöl və Daşkəsən istiqamətindən daxil olacaq: “Kəlbəcərə daxil olacaq qüvvələrimiz ilk növbədə Azərbaycan-Ermənistan sərhədində, daha sonra rusiyalı sülhməramlılar tərəfindən yaradılan xətt üzrə Dağlıq Qarabağ istiqamətində yerləşdiriləcək”.