Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunub. 

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik”,- fikirləri ilə iclası açaraq deyib ki, ulu öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirib, güclü və qüdrətli Azərbaycan ordusu yaradılıb. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz ikinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzü bərpa edib, torpaqlarımız işğaldan azad olunub, Azərbaycan düşmən üzərində böyük tarixi qələbə qazanıb. Bu qələbənin qazanılmasında yaralanıb sağlamlığını itirənlər və şəhid olanlar da olub. 

Ali Məclisin Sədri Vətən müharibəsində yaralananlara şəfa diləyib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iclasda məruzə edərək deyib: 1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası ötən dövrdə böyük inkişaf yolu keçmişdir. Ulu öndərimiz Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini belə əsaslandırmışdır: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Buna görə də bizim əsasımız vardır deyək ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin təminatçısıdır”.

Qeyd olunmuşdur ki, tarix bir daha təsdiq etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mütləq iradəsini əks etdirən siyasi təşkilat kimi dünənimizin, bu günümüzün və gələcəyimizin partiyasıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə  Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş, müstəqilliyimizi qorumuşdur. Bu gün isə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxarmış, dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Ölkəmizdəki bugünkü inkişaf və tərəqqiyə, sabitliyə, təhlükəsizlik və yüksək rifaha Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinin həyata keçirilməsi nəticəsində nail olunmuşdur. Azərbaycan ordusunun  torpaqlarımızı işğaldan azad etməsi və qazandığı böyük tarixi qələbə də ümummilli liderimiz tərəfindən işlənib hazırlanmış və Yeni Azərbaycan Partiyasının platformasında öz əksini tapmış ordu quruculuğu strategiyasının uğurlu davam etdirilməsinin nəticəsidir. 

Ali Məclisin Sədri qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verərək demişdir: Bu gün Naxçıvan Muxtar Respublikası Yeni Azərbaycan Partiyasının proqramının həyata keçirilməsi nəticəsində yüksək inkişafa nail olmuşdur. Makroiqtisadi göstəricilərin ilbəil artması, abadlıq-quruculuq işlərinin həcminin və miqyasının genişlənməsi, əhali rifahının yaxşılaşması ulu öndərimizin yoluna sədaqətin bəhrələridir. Bütün bunların hesabınadır ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıraları xeyli genişlənmişdir. Hazırda partiyanın muxtar respublika təşkilatının 57 mindən çox üzvü vardır ki, onların da 44 faizi qadınlar, 41 faizi isə gənclərdir. Partiya üzvləri muxtar respublikanın siyasi fəal əhalisinin 18 faizini təşkil edir. Ümummilli liderimiz deyirdi ki, “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməkdir”. Dahi şəxsiyyətin bu fikirləri partiyanın Naxçıvan Muxtar Respublika təşkilatının əsas fəaliyyət istiqaməti olmalıdır. Yeni Azərbaycan Partiyasının tarixi və keçdiyi yol müasir Azərbaycanın inkişaf tarixidir. Lakin biz əldə olunanlarla kifayətlənməməli, real həyat şərtlərinə uyğun olaraq fəaliyyət göstərməliyik. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı bundan sonra da muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlarda yaxından iştirak etməli, ümumi inkişafın mahiyyətinə uyğun təhlillər aparılmalı, işə yaradıcı yanaşılmalı, təkliflər verilməlidir.       

Ali Məclisin Sədri demişdir: Hər bir siyasi təşkilat özünün gələcəyini düşünür. Çünki bunsuz siyasi fəaliyyət mümkün deyil. Partiyanın Heydər Əliyev adına Gənclər Birliyi də aid dövlət qurumları ilə birlikdə yaradılmış şəraitdən səmərəli istifadə etməli, gənclərin partiya sıralarında formalaşması diqqətdə saxlanılmalı, varislik təmin olunmalıdır. Partiyanın İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon təşkilatları yeni üzvlərlə fərdi işə üstünlük verməli, onların siyasi bilikləri yoxlanılmalı, təsadüfi şəxslərin partiya sıralarına qəbuluna imkan verilməməlidir. Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət deməkdir. Qarşıda duran əsas vəzifələrdən biri də hər bir üzvün partiya işində yaxından iştirakını təmin etməkdir. Çalışıb ona nail olmaq lazımdır ki, üzvlər öz fəaliyyətlərində partiyanın prinsiplərini əsas götürsün, onun nüfuzunu qorusun, ideyalarını təbliğ etsin, ictimai-siyasi məsələlərdə aktivlik göstərsin, fəal vətəndaş mövqeyi tutaraq milli dəyərlərimizin, adət-ənənələrimizin qorunması və yaşadılması işində yaxından iştirak etsinlər. 

Ulu öndərimiz deyirdi ki, “Yeni Azərbaycan Partiyası qəlbən ona bağlı olanların partiyasıdır. Yalnız bu yolla biz partiyamızı sağlamlaşdıra, daha da mətinləşdirə, daha da gücləndirə bilərik”. Ona görə də hər bir partiya üzvü fəaliyyətini ümumi siyasi xəttə uyğun qurmalı, xüsusilə seçki prosesləri zamanı layiqli namizədlər irəli sürülməlidir. Partiya işinin təşkilində ərazi ilk təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Hazırda muxtar respublikada 502 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir. Ərazi ilk təşkilatları üçün lazımi iş şəraiti yaradılıb. Ona görə də yerlərdə vətəndaşlarla işə üstünlük verilməli, həyata keçirilən tədbirlərin mahiyyəti düzgün izah olunmalı, səmərəli təbliğat mexanizmi qurulmalı, tikilənlərə, qurulanlara biganə münasibətin qarşısı alınmalıdır. 

Qeyd olunmuşdur ki, qadınların ictimai-siyasi həyatda fəal iştirakı vacib məsələdir. Partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatında qadınların sayı və fəallığı ilbəil artır. Ona görə də partiyanın qadınlar şuraları yeni layihələr üzərində işləməli, keçirilən tədbirlərin məzmunu və keyfiyyəti artırılmalıdır. Müasir dövrdə informasiya-məlumatlandırma işi sağlam cəmiyyət quruculuğunda əsas məsələdir. İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon təşkilatları bu amili diqqətdə saxlamalı, ictimai fikir düzgün istiqamətləndirilməli, partiyanın gənc üzvlərinin, kütləvi informasiya vasitələrinin və sosial medianın imkanlarından səmərəli istifadə olunmalıdır. Partiya işində nizam-intizam başlıca şərtdir. Yeni Azərbaycan Partiyasının üzvü cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini dərk etməli, işə münasibətdə daim tələbkar olmalı, verilən tapşırıqları vaxtında yerinə yetirməlidir. Partiya işini pozan və nüfuzunu qorumayan üzvlər partiya sıralarından kənarlaşdırılmalıdır. Bununla yanaşı, İcra Katibliyində, şəhər və rayon təşkilatlarında, eləcə də ərazi ilk təşkilatlarında sənədlərlə işə də diqqət artırılmalı, arayış və hesabatlar vaxtında təqdim olunmalıdır. 

Ali Məclisin Sədri demişdir: Ulu öndərimiz Yeni Azərbaycan Partiyasını yaradarkən qarşıya bir məqsəd qoymuşdu: Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanı yaşatmaq və qüdrətli dövlətə çevirmək. Qarşıdakı illərdə də dahi rəhbərin ideyaları əsas fəaliyyət istiqamətimiz olacaqdır. Partiyamızı və ölkəmizi ümummilli liderin yolu ilə aparan dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi: “Bizim siyasətimiz Heydər Əliyev siyasətidir, Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq”. 

Ali Məclisin Sədri bu yolda partiya üzvlərinə uğurlar arzulamışdır. 

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının İcra katibi Anar İbrahimov Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatla çıxış edərək demişdir ki, muxtar respublika təşkilatı üç seçki kampaniyasında – 23 dekabr Bələdiyyə və 9 fevral tarixində keçirilmiş Azərbaycan və Naxçıvan Muxtar Respublikasındakı parlament seçkilərində itirak etmiş və hər üç siyasi kampaniyada qələbə qazanaraq, siyasi nüfuzunu və sosial dəstəyini bir daha nümayiş etdirmişdir. Bələdiyyə seçkilərində təşkilatımız öz işini seçki qanunvericiliyi əsasında qurmuş, 170 bələdiyyə üzrə mövcud olan 1486 yerin 1114-nü qazanmışdır. Milli Məclisə seçkilər üzrə Yeni Azərbaycan Partiyasını təmsil edən namizədlər bütövlükdə muxtar respublikada 99 min 845 etibarlı səs qazanmışlar, bu da seçkidə iştirak edən seçicilərin 52 faizini təşkil edir. 2020-ci il yanvarın 1-nə partiya üzvlərinin sayı 56 min 697 nəfər olmuşdursa, hazırda üzvlərin sayı 57 min 241 nəfərdir. Onların 24 min 959-u qadın, 23 min 78-i isə gənclərdir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında ziyalıların və ali təhsilli üzvlərin sayı artmışdır. Onlardan 39 faizi ali, 21,2 faizi isə orta-ixtisas təhsillidir. Bu gün partiya uçotunda duranların 27-si elmlər, 178-i isə fəlsəfə doktorlarıdır. Bununla yanaşı, üzvlərin 18,8 faizi təhsil, 6,6 faizi səhiyyə, 4,7 faizi elm, mədəniyyət və incəsənət sahəsində, 5,1 faizi idarəetmə strukturlarında, 47,2 faizi digər sahələrdə çalışanlardan, 4,3 faizi təqaüdçülərdən, 4,6 faizi tələbələrdən ibarətdir. Üzvlərdən 3-ü Azərbaycan Respublikasının Milli Məclisinin, 41-i isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Kəndlərdə ərazi ilk partiya təşkilatları üçün iş otaqlarının ayrılması davam etdirilmiş, 7 ərazi ilk partiya təşkilatı kənd mərkəzlərində müasir iş otaqları ilə təmin olunmuşdur. Cari ildə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə 23 müxtəlif tədbir keçirilmiş, 21 İdarə Heyəti, 11 Şura yığıncağı olmuşdur. 

Yeni Azərbaycan Partiyası Ordubad rayon Təşkilatının sədri Ehtibar İsmayılov çıxış edərək demişdir ki, siyasi partiyalar o zaman uzunömürlü olur ki, onun arxasında xalq, fəaliyyətində isə real iş dayanır. Sağlam qüvvələri öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası da məhz belə siyasi təşkilatdır. Partiyamızın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin Ali Məclis Sədri tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublikamızın, o cümlədən Ordubad rayonunun siması tanınmaz dərəcədə dəyişilmiş, yaşayış məntəqələri müasir görkəmə qovuşmuşdur. Cari ildə Ordubad rayonunda 24 obyektdə tikinti işləri aparılmış, hər bir yaşayış məntəqəsində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatları üçün lazımi iş şəraiti yaradılmışdır. Yeni Azərbaycan Partiyası Ordubad  Rayon Təşkilatında 54 ilk partiya təşkilatı mövcuddur və 6513 nəfər partiya sıralarında təmsil olunur. Onlardan 3137-si qadın, 1593-ü isə gənclərdir. 2020-ci ilin ötən dövründə Ordubad rayonunda 184-ü gənc, 137-si qadın olmaqla 289 nəfər Yeni Azərbaycan Rartiyasının sıralarına qəbul olunmuşdur. Partiya üzvləri rayonun, eləcə də muxtar respublikanın  ictimai işlərdə daim fəal iştirak edirlər. 

Naxçıvan Dövlət Universitetinin müəllimi Aidə Cəlilzadə çıxış edərək demişdir: Muxtar respublikada qazanılan ən böyük nailiyyətlərdən biri də yaşından və cəmiyyətdəki sosial statusundan asılı olmayaraq insanlardakı vətənpərvərlik hissidir. Naxçıvanın mərd oğullarının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın əsasında da məhz bu vətənpərvərlik dayanırdı. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı üzvlərinin 23 min 78-i gənclər təşkil edir. Yeni Azərbaycan Partiyasının üzvü olan gənclərdən 12 min 203-ü qadındır. V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə muxtar respublika parlamentində 7 nəfərlə təmsil olunan qadınlarımızın sayı VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə 11 nəfərə çatdırılmışdır ki, onların da hamısı Yeni Azərbaycan Partiyasının üzvləridir. Partiyamız sıralarında təmsil olunan qadınlarımızdan 1-i Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 186-sı bələdiyyə üzvü,  120-si ərazi ilk partiya təşkilatı sədrləridir. Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının 2162 üzvü vardır. Onlardan  211-i professor-müəllim heyəti, 1210-u isə qızlardır. Vaxtilə ərazi ilk təşkilatının fəalları olan gənclər hazırda ölkəmizin və muxtar respublikamızın müxtəlif ictimai-siyasi strukturlarında uğurla fəaliyyət göstərirlər. Tələbə olarkən Yeni Azərbaycan Partiyasına daxil olaraq ilk siyasi təcrübəsinə buradan başlayan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputat seçilən və təhsil aldığım universitetdə müəllim kimi çalışan biri kimi öz timsalımda partiyamızın gənclərin düzgün istiqamətləndirilməsi, istedadlarının üzə çıxarılması və onların önə çəkilməsi, gender bərabərliyinin təmin olunmasındakı rolunu xüsusi vurğulamaq istərdim.       

Çıxış edənlər minnətdarlıqlarını bildirmiş, ordumuzun qazandığı tarixi qələbə münasibətilə Ali Məclisin Sədrini partiya üzvləri adından təbrik etmişlər. 

Sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının qərarı oxunmuş, Siyasi Şuranın və İdarə Heyətinin yeni tərkibi səsə qoyularaq qəbul edilmişdir. Qərara əsasən Məhərrəmov Saleh Heydər oğlu Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının və İdarə Heyətinin tərkibindən çıxarılmış, İsmayılov Ehtibar Şəhrud oğlu və Cəlilzadə Aidə Məhəmməd qızı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının, İsayev Elbrus Saleh oğlu isə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin tərkibinə daxil edilmişlər. 

Ehtibar İsmayılov, Aidə Cəlilzadə və Elbrus İsayev göstərilən yüksək etimada görə minnətdarlıq etmiş, bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasında səylə çalışacaqlarını bildirmişlər. 

Ali Məclisin Sədri gənclərin siyasi cəhətdən düzgün formalaşdırılması, partiya sıralarındakı nümunəvi gənclərin fəaliyyətinin təbliğ olunması və görüşlərin keçirilməsi, muxtar respublikada nəşr olunmuş kitablardan, xüsusilə də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın “Naxçıvanın publisistik xəritəsi” və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirlinin “Yaratmaq amalı” kitablarının gənclərin vətənpərvərlik tərbiyəsində əsas mənbə kimi istifadə olunması barədə tapşırıqlar vermişdir.     

Ali Məclisin Sədri Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü və qazanılan tarixi qələbə münasibətilə partiyanın muxtar respublika təşkilatının üzvlərini təbrik etmişdir.  

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …