Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Bəllidir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Laçını tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub.
Belə ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri Ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.
Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın altıncı bəndinə əsasən, 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonu Azərbaycan Respublikasına qaytarılıb. Bununla da Azərbaycanın işğal altında olan daha bir rayonu qəsbkarlardan azad edilib və orada bayrağımız ucaldılıb. Qeyd edək ki, bəzi radikal dairələr imzalanmış üstərəfli razılaşmanın şərtlərinə uyğun olaraq üç rayonun tam olaraq bizə təhvil verilməyəcəyi ilə bağlı yanlış rəy formalaşdırmağa çalışırdı. Laçının azad olunması ilə bu prosesin sazişdə olduğu kimi yekunlaşması razılaşmanı qaralayanlara məntiqi cavab sayıla bilərmi?
“Həmin qüvvələrlə bizim radikal müxalifətin bu yöndə fəaliyyəti tam sinxronluq təşkil edir”
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, fürsətdən istifadə edib xalqımızı ürəkdən təbrik etmək istəyir: “Azərbaycan xalqının gözü aydın olsun. Bu böyük bir uğurdur. Mən də sizinlə razıyam ki, bu yöndə ciddi antitəbliğat aparılırdı. Görünür, dinc yolla 3 böyük rayonun işğaldan azad edilməsi bir çoxlarının ürəyincə olmayıb. Radikal müxalifət və onların orbitində olan xaricdəki bəzi blogerlər xalqı aldatmağa, əldə olunan razılaşmanın əhəmiyyətini azaltmağa çalışırdılar. Məsələn, deyirdilər ki, filan rayonu ermənilər bizə qaytarmayacaq. Söhbət bu 3 rayondan gedir. Nəticədə biz razılaşmanın tam reallaşdığını gördük. Cənab Prezident bugünkü çıxışında dedi ki, razılaşmanı pozmaq istəyən qüvvələr var. Bax, həmin qüvvələrlə bizim radikal müxalifətin bu yöndə olan fəaliyyəti tam sinxronluq təşkil edir. Bununla bizi niyə hədələyirlər ki? Razılaşmanı pozardılarsa, bədəli onlar üçün ağır olardı. Bu razılaşma bizi yox, Ermənistanı daha pis duruma düşməkdən qurtarıb. Onlar sevinə-sevinə bu işi görürlər. İşğaldan son azad edilən Laçın və Kəlbəcər rayonlarının ən vacib əhəmiyyəti həm də budur ki, bununla ermənilərin kompakt yaşadığı Qarabağdakı ərazi ilə Ermənistanın birbaşa əlaqəsi kəsilir. Bundan əlavə, həmin rayonlar çox böyük zənginliyə malikdir. Təbii ehtiyatlarla zəngin olan bu rayonlar Azərbaycan iqtisadiyyatına əhəmiyyətli töhfə verəcək. Bu cür əraziləri bir güllə atmadan, itki vermədən azad etmək ciddi uğurdur. Ölkənin inkişafını istəməyən qüvvələr zərərli təbliğatı yenə də apara bilərlər, onaların lazımi cavabını bizlər verməliyik”.
İSBAM sədrinin sözlərinə görə, belə xırda təxribatlarla bu böyüklükdə uğura kimsə kölgə sala bilməz.
Məhəmmədəli QƏRİBLİ