Cümə , 29 Mart 2024
Drone Cameras

“Ziq-zaq” ləqəbli erməni “ovçu”su…

Çavuş Quliyev Vasif Tahir oğlu

Bildiyimiz kimi, zaman ötdükcə, dövr dəyişdikcə dünyamızda mürəkkəb hadisələr, çox ciddi tarixi proseslər baş verir. Qəbul edilmiş bir reallıq vardır ki, insanların yaşamış olduqları bəzi hadisələr müəyyən müddətdən sonra xatirələrdən silinir, müxtəlif səbəblərə görə tamamilə yaddan çıxır. Lakin elə mühüm, elə önəmli məqamlar da vardır ki, illər ötsə, əsrlər keçsə də, öz mahiyyətini itirmir və heç zaman unudulmur.
Oxuduğumuz tarixi faktlardan məlumdur ki, bəzi xalqlar uzun illər boyu torpaqlarının azadlığı və dövlətlərinin müstəqilliyi uğrunda haqlı olan tərəf kimi mübarizə aparmışdır. Belə məğrur, belə dəyanətli xalqlardan biri də, daim haqqında qürurla söz açdığımız Azərbaycan xalqıdır. Bir vətəndaş olaraq hər birimiz xalqımızın keçdiyi çətin, lakin şərəfli qəhrəmanlıq yolu barəsində kifayət qədər məlumatlıyıq.
İnkar edilməsi qeyri-mümkün olan bir həqiqət mövcuddur ki, belə mübarizələrdən qalibiyyətlə çıxmağımıza səbəb olan əsas ilhamverici qüvvə igid, mərd Vətən övladlarıdır.
Hər kəsə məlumdur ki, vətənpərvərliyi ilə digərlərinə nümunə olan şəxslərin qəlbində müqəddəs bir hiss – Vətəninə məhəbbət hissi daha yüksək olur. Bu eşq, bu məhəbbət seçilmiş insanların qəlbinə hakim kəsilən, sözsüz ki, özündən asılı olmadan yaranan ilahi bir nemətdir.
Bu gün də, öz əhdimə sadiq qalaraq, son nəfəsinə qədər Vətəninə olan sevgisini ürəyində yaşadan, uğrunda ölümə belə meydan oxuyan əsl kişilərdən biri barədə danışacam.
Bəli, doğru təxmin etdiniz, bu şəxs də qürur yerimiz olan şəhidlərimizdəndir.
Şəhidlərimiz haqqında bəhs etdiyim ənənəvi söhbətimin növbəti qəhrəmanı, Azərbaycanda gedən çox mürəkkəb, xalqımız üçün tale yüklü tarixi prosesin ən yaxın iştirakçılarından olan, yəni Qarabağ uğrunda gedən mübarizə zamanı qazandığımız möhtəşəm Qələbədə əhəmiyyətli rol oynamış bir şəxs barəsində olacaq.
Əziz həmvətənlərim, Sizə təqdim edəcəyim bu qəhrəmanımız, Vətənimizə, xalqımıza göstərdiyi xüsusi xidmətləri ilə seçilən, öz adını hərb tariximizə özünəməxsus şəkildə yaza bilən, doğma Azərbaycanımızın və peyğəmbər yurdu olan Qədim Beyləqanımızın fəxri olan Quliyev Vasif Tahir oğludur.
Quliyev Vasif Tahir oğlu 19 fevral 1988-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1994-cü ildə Beyləqan rayonu Fərman Hacıyev adına şəhər 2 saylı tam orta məktəbə daxil olmuş və 2005-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. O, 2006-cı ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmış, 2007-ci ilin oktyabr ayında xidmətini başa vuraraq, ordu sıralarından tərxis olunmuşdur. 2009-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kursa daxil olmuş və bu kursu da uğurla başa vuraraq, elə həmin ildən “N” saylı hərbi hissədə çavuş rütbəsi ilə həqiqi hərbi xidmətə başlamışdır.
14 illik xidməti dövründə Vasifin şücaətləri, göstərdiyi qəhrəmanlıqları həddən artıq çox olmuşdur. O, bütün xidmətini cəbhəboyu ərazilərdə yerləşən səngərlərdə keçirmişdir. Bəli, səngər döyüşçüsü, Vətən fədaisi idi şəhid qardaşımız! Öz rəşadəti ilə düşməni qorxuya salan, ermənilər tərəfindən başına külli miqdarda pul vəsaiti qoyulan cəngavər bir oğul idi Vasif!
Hələ, 2011-ci ildə Füzuli rayonunun Şükürbəyli kəndində düşmən səngəri ilə 120 metr məsafədə xidmət etdiyi vaxt, qarşı tərəfin əsgərləri həmişəki kimi atəşkəsi pozur və təbii ki, düşmənə layiqli cavab verilərək susdurulur. Lakin çox keçməmiş bir erməni zabitinin həmin ərazidən bizim əsgərlərə qarşı nalayiq, qıcıqlandırıcı hərəkət etdiyi müşahidə olunur. Maraqlı məqam isə, ondan ibarət idi ki, xidmətdə olan həmin leytenant, hansısa bir erməni nazirinin oğlu imiş. Vasif daha 40 metr irəli gedərək, 80 metrlik məsafədən erməni zabitini avtomat silahdan baş və boyun nahiyyəsindən iki sərrast güllə ataraq dərhal məhv edir. 15 gün ərzində həmin erməni nazir erməni kəşfiyyat dəstələri vasitəsi ilə Vasifi izlətmiş, lakin heç biri qorxusundan ona yaxınlaşa bilməmişdir. Nəhayət, uğursuzluqla nəticələnən, mənasız izləməyə son qoyulmuşdur.
Yüzlərlə erməniyə cavab verəcək cəsarətdə idi şəhidimiz. Elə bu səbəbdən də, düşmənin qorxulu yuxusuna çevrilmiş igidimizdən, “Vasya” adlandırdıqları pəhləvan qamətli qardaşımızdan bir nəfər kimi çəkinirdilər!
Çavuş Vasif Quliyev Beyləqan rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə qulluq etdiyi 3 il ərzində atəşkəsi pozan 9 erməni hərbi qulluqçusunu məhv etmişdir. Bundan əlavə olaraq qeyd etmək istərdim ki, igidimiz düşmən səngərində yerləşdirilmiş 5 ədəd müşahidə monitorunu və əsgərlərlə dolu olan 1 ədəd zirehli hərbi maşını snayner silahı ilə vurub sıradan çıxarmışdır.
Şəhidimizin 4 günlük müharibə kimi tariximizə düşən məlum Aprel döyüşlərindəki qəhrəmanlığı da dillərdə əzbərdir. Lələtəpə yüksəkliyi uğrunda mübarizə aparıb, müqəddəs üçrəngli bayrağımızı orada fəxarətlə dalğalandıran kişilərdən olub Vasif! Ona hərtərəfli, peşəkar hərbçi kimi tam etibar edilir, eyni zamanda bir şəxsiyyət kimi xüsusi hörmət qoyulurdu. Xalqımızın igid oğlu öz məğrurluğu, yenilməzliyi ilə digərlərindən çox fərqlənirdi. Ən təəccüblüsü də o idi ki, qardaşımızın hərb sahəsində bacarmadığı bir iş yox idi. Döyüşün ən qızğın yerində düşmən mina atanla onun sürdüyü tankı vurur. Başından, əllərindən və bədəninin digər yerlərindən ciddi xəsarət almasına baxmayaraq, yaralarını yerindəcə sarıtdıraraq dərhal döyüşə qatılmış və düşmənə qarşı mübarizəsini davam etdirmişdir.
Çox insanın bilmədiyi, yalnız döyüş yoldaşlarının Vasifinin etdiyi ağlagəlməz hərəkətlər barəsində söylədiyi bir neçə faktı diqqətinizə çatdırmaq istərdim. Hər birimizin ermənilərin Füzuli rayonunda yaşayan Sahibə xanımı və nəvəsi Zəhra balamızı vəhşicəsinə qətlə yetirməsi faktı yaxşı yadındadır. Yaşamış olduğumuz bu faciə Vasifə də çox pis təsir etmişdi. Daim bu hadisənin təsirində olar, onların qisasını almaq düşüncəsi ilə yaşayar, vicdanı onu rahat buraxmazdı. Şahidlər deyir ki, Vasif “İstiqlal” snayperi ilə iki nəfər erməni quldurunu, məhz bu iki şəhidimizin qisasını almaq üçün, müxtəlif vaxtlarda öldürmüş və düşmənə atdığı həmin boş gilizləri onların qəbri üstünə qoymuşdur! Daha sonra ruhlarına dualar edərək, oranı tərk etmişdir.
Hələ illər öncə düşmən tərəfindən avtomat silahla qolundan vurulsa da, bu barədə ailə üzvlərindən heç kimə bir söz deməmiş və heç nə olmamış kimi xidmətinə davam etmişdir. Təkidlə xidmət yerini tərk etməmiş, yarasını sarıtdıraraq Vətəninə olan borcunu yerinə yetirmişdir.
26 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin göstərişi ilə Vasif Tahir oğlu Quliyev 06.11.2017-ci il tarixdən, 10.12.2017-ci il tarixə kimi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “İri çaplı snayper tüfəngi üzrə atıcı” kursunda təhsil almış və bu təhsil müəssisəsini də müvəffəqiyyətlə başa vurmuşdur. Həmin ildən etibarən də atıcı-snayperçi manqasının komandiri kimi “N” saylı hərbi hissədə xidmətə başlamışdır.
Fəxarət hissi ilə onu da vurğulamaq istəyirəm ki, Vasif Silahlı Qüvvələrimizin Xüsusi Təyinatlı Qüvvələrinin tərkibində – snayperlə, kəskin nişançı olaraq, ümumilikdə, 50 nəfər erməni hərbçisini cəhənnəmə vasil etmişdir!
Vasif çox cüssəli, güclü idmançı olmaqla bərabər, həm də, mahir bir kəşfiyyatçı, düşmən üçün vahiməli və ən dəhşətli bir kabus idi. O, əməliyyata getdiyi yerdən heç vaxt boş qayıtmaz, nəticə əldə etmədən geri dönməzdi. Günlərlə, saatlarla ac-susuz pusquda durar, yorulmadan, usanmadan xidməti borcunu ləyaqətlə yerinə yetirərdi. Olduqca dəyanətli, polad iradəli kəşfiyyatçı kimi çox məşhur idi Vasif. Yuxarı komandanlığın verdiyi tapşırıqları məharətlə, vaxtından qabaq və nöqsansız yerinə yetirərdi.
Məlum olduğu kimi, Şanlı Azərbaycan Ordusu, bu yaxınlarda hamılıqla şahidi olduğumuz, Qarabağ torpaqlarımızın təxribata əl ataraq atəşkəsi pozan erməni faşistlərindən təmizlənməsi və işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlara başladı. Beləliklə, Vasifin də əlinə düşməndən daha çox qisas almaq üçün fürsət düşür. 26 sentyabrda özünə müdafiə mövqeyi seçən igidimiz səhərisi gün, 27 sentyabrdan, müharibənin başladığı ilk gündən düşmənə qan uddurmağa başlayır. O, qanlı döyüşlərə Füzuli rayonunun ətraf kəndlərindən başlayır. İnadkarlığı, döyüş taktikası və sərrast atıcılığı ilə düşməni çarəsiz duruma salan Vasif, döyüş meydanında əsl tarix yazır. Müharibənin ilk iki günündə təkbaşına 40 nəfər erməni hərbi qulluqçusunu məhv edir. Eyni zamanda həyatını təhlükəyə ataraq, yaralı komandirini və əsgər yoldaşlarını düşmən əlinə keçməsin deyə döyüş gedən ərazidən çıxarır. Beləcə, Vasif zabitlərin vuran ürəyi, əsgər yoldaşlarının ümid yeri və Vətənini canından çox sevən zirvələr fatehi kimi özünü bir daha təsdiq edir.
28 sentyabr 2020-ci il tarixi xalqımızın qəhrəman oğlunun həm son döyüş günü, həm də, bu fani dünyada yaşadığı həyatın son günü olur. O, ömrünün 38-ci baharında, soyuq bir payız günü və inandırıcı olmasa da belə, toyunun 9-cu il dönümü günündə şəhadətə qovuşur.
Bu yaxınlarda şəhid qardaşımın ailəsinin yaşadığı evdə qonaq oldum. Çox, mehriban, xoşxasiyyətli və olduqca qonaqpərvər ailə üzvləri ilə səmimi söhbət etdim. Şəhidimizin həyat yoldaşı Ayşən xanım da, Uğur və Yağmur adlı iki gül balası ilə birgə atası Namiq kişinin evində yaşayır. Məlumat üçün qeyd edim ki, həmyerlimiz Namiq Dəmirov qəhrəmanımızın həm dayısı, həm də, qaynatasıdır.
Uşaqların sağlam, tərbiyəli böyüməsində babasının, eyni zamanda, nənəsinin də zəhməti böyükdür. Uğur və Yağmurun nənəsi Ülviyyə Mirzəyeva onlara xoş nəvaziş göstərməklə yanaşı, ixtisasca həkim olduğu üçün sağlamlıqlarının da keşiyində çox yaxşı durur. Bax, bu mühitdə, belə gözəl insanların əhatəsində öz uşaqlıq illərini yaşayır körpə fidanlar. Sevindirici haldır ki, bu uşaqlar da atası kimi vətənpərvər ruhda, gözəl bir ailədə böyüyür!
Kövrək xatirələrlə dolu görüşümüzdə şəhidimiz haqqında, onun keçdiyi şərəfli həyat yolu barəsində çox şey öyrəndim və hər eşitdiyim yeni xəbər Vasifi qəlbimdə daha da ucaltdı.
Ata nisgili ilə alışıb yanan, artıq gəlməyəcəyini bilə-bilə onun yolunu gözləyən körpələrin dərin mənalı gözlərinə baxmağa cəsarət edə bilməsəm də, azacıq da olsa söylədiyim təsəlliverici sözlərlə onları ovundurmağa çalışdım. Azyaşlı olmaqlarına baxmayaraq, Uğur və Yağmur Quluzadələrin sərbəst düşüncəyə malik, mükəmməl tərbiyə görmüş uşaq olduqlarını tam yəqin etdim. Uğurun 9, Yağmurun isə, 8 yaşı var, lakin buna baxmayaraq, onların yüksək təxəyyülə və dərin məntiqi fikirlərə sahib olmaları məni çox təəccübləndirdi.
Uğur oğlumuzun ürəklə söylədiyi: “Şəhidlər ölməz, Vətən bölünməz!” fikrinin, Yağmur qızımızın titrək səslə söylədiyi: “Qarabağ Azərbaycandır!” kəlməsinin və hər ikisinin də eyni vaxtda böyük coşqu ilə dediyi: “Atamızla fəxr edirik!“ sözünün hansı duyğulardan xəbər verdiyini deməyə yəqin ki, heç bir ehtiyac yoxdur! Vətənpərvər, kövrək övladlarla ünsiyyətdə olduğum qısa müddət ərzində beynimə hakim kəsilən duyğularımdan, hisslərimdən heç cür yaxa qurtara bilmədim. Göz yaşlarımı uşaqlardan gizlətməyə çalışsam da, bu məndə heç cür alınmadı və onlar düşdüyüm çıxılmaz vəziyyətə istər-istəməz şahid oldular.
Şəhidimizin dayısı Namiq Dəmirov söhbət zamanı bir çox məqamlara toxundu. O, Vasiflə keçirdikləri xoşbəxt günlərdən danışdı və kədərlə dolu xatirələrini mənimlə bölüşdü. Hələ də, Vətən Müharibəsindən bir gün qabaq, yola düşdüyü son gecə ona dediyi: “Dayı, bilirsən axı, bacın oğlu heç zaman uduzmur! Narahat olma, bu döyüşdən də qalib çıxacağam!” cümləsinin təsiri altında olduğunu bildirdi.
Hətta, Vasif övladlarına qabaqcadan şəhid olmasının mümkünlüyü barəsində məlumat verərək, onları buna psixoloji cəhətdən də tam hazırlayıbmış. “Əgər cənazəmi evə gətirsələr ağlamayın və heç kəsi də ağlamağa qoymayın! Şəhidlər heç zaman ölmür, ruhum sizinlə olacaq!” deyə onları məlumatlandırıbmış.
Evdə olduğu son ayrılıq gecəsində Vasifin öz şəxsi əşyalarını övladlarına yadigar olaraq verməsinin məntiqini açmağa isə, insan düşüncəsi çox acizdir.
Namiq kişinin onun barəsində dedikləri ilə, mənim Vasif haqqındakı düşüncələrim tam olaraq üst-üstə düşürdü.
Vətəninə sədaqət, dövlətinə ləyaqətlə xidmət və xalqına dərin sevgi, onun həyat fəlsəfəsinin əsas qayəsini təşkil edirdi.
Əminliklə deyə bilərəm ki, Vasifin hər zaman, mübaliğəsiz şəkildə söylədiyi: “ Mən, dövlətimə, Vətənimə şərəflə xidmət etməkdən qürur duyuram və bu yoldan heç zaman dönməyəcəyəm!” fikri gələcək nəsillərimiz üçün örnək olacaqdır!
Vasif Quliyev, xidmət etdiyi dövr ərzində 3 medal, çox sayda Fəxri Fərman və Təşəkkürnamələrlə təltif edilmişdir. O, 5 illik müddətə bağlanan xidməti müqaviləni 4 dəfə razılıq verərək, təsdiqləmiş və xidmətinə davam etmişdir. Xüsusi Təyinatlı Qüvvələrimizin “Görünmədən görmək, ölmədən öldürmək və sağ gedib, sağ qayıtmaq!” devzinə daim sadiq qaldı Vasif.
Şəhid qardaşımızın ən böyük arzusu müstəqil Azərbaycanımızın ərazi bütövlüyü, doğma Qarabağımızın düşmən əsarətindən azad olunması və övladlarının ali təhsil alaraq, Vətənimizə layiqli bir vətəndaş kimi xidmət etdiklərini görmək idi.
Vasifin başqa bir arzusu da vardı. O, həvəslə xidmətdə 20 ilinin tamam olmasını gözləyirdi. Ona veriləcək mənzili övladlarına hədiyyə etmək istəyirdi. Beləcə, arzuları da öz ömrü kimi yarımçıq, nakam qaldı nur üzlü şəhidimizin.
Öz şərəfi, igidliyi ilə müqəddəs şəhidlik zirvəsinə yüksələn şəxslər daim vətənpərvər insanların qəlbində yaşayırlar. Uca Allah, Vətən və xalq yolunda, bir sözlə, haqq yolunda bilərəkdən canlarını fəda edən şəhidlər daim hörmətə və ən ali ehtirama layiqdirlər.
Qədirbilən Azərbaycan xalqının da qəlbində şəhidlərimizə dərin hörmət və ehtiram hissi vardır. Günlər keçsə də, aylar, illər, fəsillər bir-birini əvəz etsə də, misilsiz qəhrəmanlıqları ilə tarix yazan şəhidlərimiz xalqımızın qan yaddaşından silinməyəcək və heç vaxt unudulmayacaq.
Müqəddəs məqsədlər uğrunda ölümsüzlük qazanan mərd oğullarımızı yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən ümdə vəzifəsidir.
Şəhidlərimizin uyuduğu hər bir məzar xalqımız üçün and yeri, ziyarət etdiyi ən müqəddəs məkandır!
Müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə qəhrəmanlıq simvoluna çevrilmiş şəhidlərimizlə fəxr edir, onları qürurla yad edirik!
Vasif, Sən də daxil olmaqla, bütün şəhidlərimiz öz yenilməzliyinizlə əlçatmaz mərtəbəyə yüksəldiniz və atdığınız bu addımla xalqımızın hərb tarixində qəhrəmanliq abidəsi ucaltdınız!
Şəhadət məqamın mübarək olsun mərd eloğlu! Müqəddəs ruhun qarşısında baş əyir, adını böyük ehtiramla anıram!
Heyif Sənə Vasif, çox heyif! Sən, əsgərlərimiz üçün böyük bir məktəb qoyub getdin – kişilik məktəbi! Elə bir məktəb ki, yalnız əsl kişilər o məktəbin məzunu ola bilər!
Bilirəm, əziz qardaş, cismən aramızda olmasan da, ruhən bizimləsən!
Haqqını bizə halal et, ey əlçatmaz məqam sahibi!
Ermənilərin “ölüm mələyi”, xalqımızın ər oğlu, ruhun şad olsun!
Birinci arzuna çatdın Vasif, artıq Qarabağı qurd ürəkli dostların – müzəffər Azərbaycan Ordusunun əsgərləri düşmən əsarətindən azad etdi! Rahat uyu qardaş, rahat uyu!
Allah qoysa, ürəyində yarımçıq qalan digər arzularına da, təmiz, pak ruhunun müşayiəti ilə övladların çatacaq! Qətiyyən buna heç bir şübhəm yoxdur qardaş!
Başın sağ olsun Azərbaycan xalqı!
Təki, Vətən yaşasın!
Ulu Tanrı cəmi şəhidlərimizə rəhmət etsin! Xalqımız, müstəqil dövlətimiz daim var olsun! Üçrəngli bayrağımız həmişə zirvələrdə dalğalansın! Amin!
İnanıram ki, Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz, cənab İlham Əliyev şəhidimiz, xalqımızın qəhrəman oğlu, dağ vüqarlı, qartal baxışlı Vasif Quliyevi layiq olduğu fəxri adla təltif edəcək!

Diqqətinizə görə minnətdaram

Dərin hörmətlə

Sabit Vaqif oğlu Mehdiyev

YAP Beyləqan rayon təşkilatında məsləhətçi

Check Also

Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə …